İllər öncə “Futbol+” oxucularına “Mourinyonun dəftərçəsi” sərlövhəli bir yazı təqdim etmişdim.
Portuqaliyalı çalışdırıcı Joze Mourinyonun qılıncının dalının da, qabağının da kəsdiyi vaxtlar idi. Hara gedirdisə, orda uğur qazanırdı. Çoxbilmiş Mou imicinin də qayğısına lazımınca qalmağı bacarırdı. Bilirdi ki, komandası qol vurandan sonra kameralar dərhal onu axtarıb tapacaqlar, qola necə sevindiyini izləyicilərə göstərməyə çalışacaqlar. O da etmirdi tənbəllik, onsuz da soyuq olan üzünə bir az da soyuq görkəm verirdi, dəftərçəsinə qələmlə qeydlər etməyə başlayırdı. Guya vurulan qol onun üçün çox adi və gözlənilən hadisədi, vacib olan epizodları gözdən qaçırmamaq, taktiki dəyişikliklər etmək üçün müvafiq qeydlər aparmaqdı.
Mən həmin vaxt Joze Mourinyonu bizim məşqçilərə nümunə göstərmişdim. Arzulayırdım ki, bizimkilər də 90 dəqiqə ərzində ehtiyat oyunçular skamyasında ciddi işlərlə məşğul olsunlar, yazı-pozu aparsınlar. Ən azı ona görə ki, bununla başları qarışar, oyunboyu yersiz hərəkətlər etməkdən, hakimlərə davamlı təzyiq göstərməkdən ötrü çığır-bağır salmaqdan çəkinərlər. Bu cür qeydlər onlara həm də kritik anları yadda saxlamağa, hansısa futbolçunun vacib məqamda yol verdiyi boşluğa, texniki tapşırıqlara əməl etməməsinə müdaxilə etməyə yardımçı olardı.
Sonradan gördüm ki, bizim məşqçilərin bəziləri oxumamış alimlərdi. Onların qeydiyyat aparmasına, ciddi işlər görməsinə ehtiyac yoxdu. Elə bu “çoxbilmişliyin” nəticəsidi ki, zaman-zaman premyer-liqamızda əcnəbi məşqçilər “at oynadırlar”, yerlilərin çoxu işsiz qalırlar. İşsiz qalanda da enerjilərini qeybət qırmağa, kiminsə evini yıxmaq, onun yerinə keçmək üçün müxtəlif hiyləgərliklərə əl atmağa sərf edirlər.
Nə isə, ən yaxşısı qayıdım dəftərçə məsələsinə. Daha doğrusu, bu dəftərçə söhbətini hardan xatırlamağıma. “Qəbələ”nin gürcüstanlı çalışdırıcısı Kaxaber Sxadadze “Şamaxı” ilə oyunda cəzalı idi. Buna görə də o, komandasının oyununa tribunadan tamaşa edir, müvafiq göstərişlərini ordan verirdi. Domi Massumonun 45-ci dəqiqədə hesabı açmasından dərhal sonra “CBC Sport”un kameraları Sxadadzenin axtarışına çıxdılar və onu tribunada tapıb, izləyicilərə təqdim etdilər. Maraqlıdı ki, Sxadadze eyni Mourinyosayağı soyuqqanlıqla dəfərçəsinə qeydlər edirdi.
Ehtimal etmək çətin deyildi ki, fasilə ərəfəsində qeydiyyat aparan gürcü mütəxəssis paltardəyişmə otağına yollanmazdan öncə verəcəyi tapşırıqları müəyyənləşdirir. Onun 15 dəqiqəlik fasilədən yararlanıb, yetirmələrinə və məşqçilər korpusundakı köməkçilərinə ən vacib tapşırıqları verməyə çalışması da başadüşülən idi.
İş elə gətirdi ki, fasilədən dərhal sonra “Qəbələ” yenidən fərqləndi. İsaak Amoah 47-ci dəqiqədə meydan sahiblərinin qapısına ikinci dəfə yol tapdı. Bu isə görüşün taleyinin böyük ölçüdə həll olunması demək idi. Kameralar yenə Sxadadzeni bizə göstərdi və yenə də “Qəbələ”nin baş məşqçisi dəftərçəsinə qeydlər etməklə məşğul idi. Deyəsən, elə bu qeydlərin nəticəsində sona yaxın qonaqlar daha iki dəfə fərqləndilər və 4:0 hesablı qələbə sayəsində 3 xal qazandılar.
Bu 3 xal “Qəbələ”nin premyer-liqadakı yerini qoruması baxımından xeyli vacib idi. Hakimin final fitindən sonra “Qəbələ” “Kəpəz”i də üstələyərək, 10-cu pilləyə yüksəlmişdi. Düzdü, az sonra “Kəpəz”in “Qarabağ” üzərində sensasiyalı qələbəsi sayəsində “Qəbələ” yenidən 11-ci sıraya gerilədi. Amma sonuncu pillədəki “Karvan-Yevlax”la xal fərqi artıq beşə bərabərdi. Deməli, bir qədər rahat nəfəs almaq, elitanı tərk etmək qorxusundan uzaqlaşmaq olar. Sxadadze bundan sonra da vacib qeydlərini edib, “Qəbələ”yə ciddi yanaşsa, “qırmızı-qaralar”ın elitadakı yerini qoruyacağına əmin ola bilərik.
AMAL
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта