RU

“Qarabağ rus liberalizmi üçün ilk sınaq idi və onlar bu sınaqdan keçə bilmədilər” Ramiz Yunus yazır...

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Sözdə “yaxşı ruslar” adlandırılan fenomen Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzündən sonra ortaya çıxmayıb. Bu, nə mənəvi ayılmadır, nə də imperiya keçmişindən qopuş. Bu, sadəcə onilliklər boyu Kreml narrativlərini liberalizm və humanizm adı altında pərdələyən davamlı bir sistemdir”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus öz “Facebook” hesabında yazıb.

Professor bildirib ki, Azərbaycan üçün bu fenomen yeni deyil və Qarabağ münaqişəsi rus liberal mühitinin beynəlxalq hüquqa real münasibətini açıq şəkildə üzə çıxaran ilk sınaq olub:

“Qarabağ rus liberal çevrəsinin postsovet dövlətlərinin suverenliyinə necə yanaşdığını göstərən lakmus kağızına çevrildi. Hələ 1980-ci illərin sonlarında və 1990-cı illərdə bu münaqişə beynəlxalq hüququn deyil, imperiya reflekslərinin seçildiyini açıq şəkildə nümayiş etdirdi”.

Ramiz Yunusun sözlərinə görə, beynəlxalq hüquq baxımından Qarabağın statusu birmənalı olub və bu məsələ heç vaxt mübahisə predmeti təşkil etməyib:

“Qarabağ Azərbaycan ərazisi olub və olaraq qalır. Bu status həm sovet dövründə, həm də SSRİ-nin dağılmasından sonra təsbit edilib. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını birbaşa tələb edirdi. Hüquqi mənzərə aydın idi və yozuma yer buraxmırdı. Buna baxmayaraq, Rusiya liberal mühitinin demək olar ki, bütün nümayəndələri Ermənistanın tərəfində mövqe tutaraq Kremlə xas ermənimərkəzli narrativi təkrarladılar. Bu çevrənin tanınmış simaları ya açıq şəkildə təcavüzü əsaslandırır, ya da işğalı iki tərəfli münaqişə kimi təqdim edirdilər. Bu mövqe Rusiya demokratiyasının simvolu sayılan şəxslər üçün də xarakterik idi. Onlar Qarabağ sınağından keçə bilmədilər və müharibə ətrafındakı yalanlarla ləkələndilər”.

Professor vurğulayıb ki, Qarabağ bu liberal olmayan mühit üçün ilk ciddi imtahan idi və həmin imtahan uğursuzluqla nəticələndi:

“Hadisələr barədə yalanlar, azərbaycanlıların etnik təmizləməsinin susdurulması, ilk qaçqın dalğasının gizlədilməsi, erməni işğalının əsaslandırılması və beynəlxalq hüququn tarixi hisslərlə əvəzlənməsi məhz bu mühitdə norma halına gəldi. Sonrakı illərdə baş verən hadisələr isə bunun təsadüf yox, Moskvanın Köhnə Meydanı və Lubyankadan idarə olunan sistem olduğunu sübut etdi. Gürcüstana qarşı təcavüz, Abxaziya və Tsxinvali bölgəsinin işğalı, 2008-ci ilin avqust müharibəsi, Dnestryanı münaqişə və Çeçenistanda baş verən müharibələr göstərdi ki, bu çevrə üçün ərazi bütövlüyü prinsipial dəyər daşımır. Rusiya ordusunun cinayətləri ya əsaslandırıldı, ya da terrorla mübarizə şüarları altında ört-basdır edildi”.

Onun sözlərinə görə, bu yanaşma 2014-cü ildə Krımın işğalı zamanı xüsusilə açıq şəkildə üzə çıxdı:

“Bir çoxları ilhaqı dəstəklədi, digərləri isə Krım kimindir sualından yayınmağa başladı. Məhz bu məqamda aydın oldu ki, Qarabağla Krım arasında onlar üçün prinsipial fərq yoxdur. Hər iki halda beynəlxalq hüquq deyil, imperiya seçilirdi”.

Politoloq qeyd edib ki, 24 fevral 2022-ci ildən sonra həmin şəxslərin bir hissəsi ritorikanı dəyişsə də, onların əvvəlki mövqeləri rəqəmsal məkanda qalmaqda davam edir:

“Onların əvvəlki bəyanatları və mətnləri sənədləşdirilib və açıq mənbələrdə mövcuddur. Azərbaycan üçün bu, yeni deyildi. Bu yol çox daha əvvəl keçilmişdi”.

Ramiz Yunus xatırladıb ki, İkinci Qarabağ müharibəsindən əvvəl Azərbaycan öz informasiya məkanını ardıcıl şəkildə təmizləyib:

“Azərbaycan həm Kremldən, həm də Qərbdən gələn, Moskva üçün əlverişli narrativləri yayan “hədiyyə gətirən danaoslu”lardan imtina etdi. Nəticədə qələbə təkcə döyüş meydanında deyil, informasiya müharibəsində də qazanıldı”.

Professorun sözlərinə görə, Ukrayna bu prosesi bu gün yaşayır, lakin daha ağır bədəl ödəyir:

“Problem sadəlövhlükdə deyil. Problem ondadır ki, “yaxşı ruslar” sistemli şəkildə müttəfiq kimi təqdim olunur, məsuliyyət əvəzinə mərhəmət, əməl əvəzinə söz təklif edilir. Uzun illər Kremlin imperiya narrativlərinə xidmət etmiş şəxslərin kritik anda yenidən xəyanət etməyəcəyinə inanmaq üçün heç bir əsas yoxdur. Bu ikiüzlülüyün tarixi həddən artıq ardıcıldır. Söhbət emosional kollektiv günahdan yox, siyasi fakt kimi kollektiv məsuliyyətdən gedir. Rusiyanın Ukraynaya qarşı apardığı genişmiqyaslı təcavüz şəraitində neytrallıq dəstək formasıdır, real addımlar olmadan antiharibə mövqeyi isə sadəcə rahat mənəvi pozadır”.

Ramiz Yunus fikrini ispan filosofu və yazıçısı Corc Santayananın sözləri ilə yekunlaşdırıb:

“Tarixdən dərs çıxarmayanlar onu yenidən, daha qəddar formada yaşamağa məhkumdurlar”.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
icma.az

1Источники