RU

"Pulsuz məhsul paylanması xeyriyyə deyil, marketinq alətidir" - Ekspert

Bəzi mağazalar müxtəlif səbəblərdən satdıqları mal və ya məhsulları ödənişsiz şəkildə paylayır. Bu addım cəmiyyətdə birmənalı qarşılanmır: bir tərəf bunu sosial məsuliyyət və dəstək nümunəsi kimi qiymətləndirir, digər tərəf isə bu yanaşmanın sui-istifadəyə açıq olduğunu, real ehtiyacı olmayan şəxslərin də bundan faydalandığını düşünür. Sahibkarın bu addım həm satışlara, həm də biznesin imicinə necə təsir edir? 

Marketoloq Samir Mehdiyev Valyuta.az-a bildirib ki, marketinq baxımından pulsuz məhsul paylanması və ya daddırılması xeyriyyə aktı deyil, planlı və strateji marketinq alətidir.

Onun sözlərinə görə, sahibkar bu qərarı emosional yox, məhz strategiyaya əsaslanaraq verməlidir: "Düzgün qurulmuş pulsuz təqdimat brendin tanınmasına, müştəri ilə emosional bağın formalaşmasına və uzunmüddətli satışların artmasına real təsir göstərə bilər".

Ekspertin fikrincə, cəmiyyətin bir hissəsi bu addımı sosial məsuliyyət kimi qəbul edir və bu da brendin imicinə müsbət təsir göstərir: "Xüsusilə açılış günlərində və yeni bazara giriş mərhələsində pulsuz məhsul təqdim edilməsi markanın qısa müddətdə diqqət çəkməsinə və ağızdan-ağıza yayılmasına imkan yaradır. Müştəri məhsulu risk etmədən sınaqdan keçirir və məmnun qaldıqda, sonradan ödənişli müştəriyə çevrilir".

Bununla belə, S.Mehdiyev vurğulayır ki, bu yanaşma nəzarətsiz və davamlı xarakter alarsa, problemlər yarada bilər: "Pulsuz paylama tez-tez təkrarlanarsa, müştəri məhsulun real dəyərini sorğulamağa başlayır və “pulsuzdur deyə alıram” düşüncəsi formalaşır. Bu isə uzunmüddətli satış sabitliyinə mənfi təsir göstərə bilər. Eyni zamanda real ehtiyacı olmayan şəxslərin bu fürsətdən istifadə etməsi sosial məqsədi kölgədə qoya və sahibkarın niyyətinin yanlış anlaşılmasına səbəb ola bilər".

Marketoloq əlavə edir ki, açılışlarda pulsuz təqdimatdan istifadə bazara giriş üçün məntiqli hesab edilsə də, burada əsas məsələ verilən mesajdır: "Müştəri bunu “brend bizi düşünür” kimi qavramalıdır, “əldə qalan məhsullar paylanır” kimi yox. Pulsuz təqdimat biznes modelinin əsasına çevrilməməli, yalnız tanışlıq və ilk təmas mərhələsi kimi istifadə olunmalıdır. Nəticə etibarilə, pulsuz məhsul paylanması nə avtomatik olaraq doğru, nə də yanlış addımdır. Bu qərarın effektivliyi sahibkarın onu hansı məqsədlə, hansı çərçivədə və hansı kommunikasiya ilə həyata keçirməsindən asılıdır".

Sərvanə Rəmixanova


Избранный
11
azia.az

1Источники