RU

Kartdan pul çıxılıb, amma sifariş ləğv olunub

ain.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Xarici onlayn ticarət platformalarında edilən ödənişlərin ləğvindən sonra vəsaitin uzun müddət kart balansına qayıtmaması istifadəçilər arasında narazılıq yaradır. Bu cür hallarda müştərilər pulu bankın saxladığını düşünsə də, proses əksər hallarda ödəniş sistemlərinin texniki mexanizmləri ilə bağlı olur.

AzPost bildirir ki, mütəxəssislərin sözlərinə görə, onlayn alış zamanı kartdan “uğurlu ödəniş” barədə bildiriş gəlməsi pulun dərhal satıcıya köçürüldüyü anlamına gəlmir. Bu mərhələ beynəlxalq ödəniş sistemlərində “authorization” – yəni məbləğin müvəqqəti bloklanması kimi tanınır. Həmin anda vəsait kart balansında çıxılmış kimi görünsə də, faktiki olaraq satıcının hesabına köçürülmür.

Əgər sifariş qısa müddət ərzində ləğv edilərsə və satıcı ödənişi qəbul etməzsə, əməliyyat “pending” statusunda qalır və sonradan avtomatik olaraq ləğv olunur. Amazon kimi platformaların qaydalarına əsasən, mal göndərilmədikdə və ödəniş “capture” edilmədikdə vəsait satıcıya keçmir.

Lakin avtorizasiyanın tam silinməsi banklar və ödəniş sistemləri arasında aparılan texniki prosedurlarla bağlıdır. Visa və Mastercard qaydalarına uyğun olaraq bu proses adətən 7–14 gün ərzində yekunlaşsa da, bəzi hallarda 30 təqvim gününə qədər uzana bilər. Qanunvericiliyə görə bu müddət ərzində vəsaitin gec qaytarılması pozuntu hesab edilmir.

Bank sektorundan verilən məlumata görə, bu cür hallarda yerli banklar xarici ödəniş sistemi və qarşı tərəfin bankı ilə rəsmi sorğu mübadiləsi aparır. Bu səbəbdən müştərilərə “sorğu icradadır” cavabının verilməsi beynəlxalq praktikanın bir hissəsidir və adətən 20 iş gününə qədər davam edə bilər.

Mütəxəssislər bildirir ki, satıcı pulu qəbul etmədiyi və mal göndərilmədiyi halda bankın həmin vəsaiti mənimsəməsi texniki cəhətdən mümkün deyil. Vəsait ya avtomatik olaraq kart balansına qaytarılır, ya da müəyyən müddətdən sonra müştərinin müraciəti əsasında rəsmi mübahisə (chargeback) proseduru başladılır.

Qeyd olunur ki, əgər 30 təqvim günü ərzində vəsait geri qaytarılmazsa, müştərinin bank və ödəniş sisteminə rəsmi şikayət etmək hüququ yaranır. Bu zaman sifarişin ləğv edildiyini təsdiqləyən sənədlərin təqdim edilməsi tövsiyə olunur.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
1
azpost.info

2Источники