RU

İranda “Oskar-2025”ə namizəd olan ssenarist saxlanılıb

Hakimiyyət etirazların zorakılıqla yatırılmasını tənqid edən mövqeyə görə onu həbs edib...

Poliqon xəbər verir ki, İranda “Sadə təsadüf” filmi üçün yazdığı ssenariyə görə “Oskar-2025” mükafatına namizəd göstərilən ssenari müəllifi Mehdi Mahmudyan saxlanılıb. The New York Times qəzetinin yazdığına görə, onun həbsi hakimiyyətin etiraz aksiyalarını zorakılıqla dağıtmasını pisləyən açıqlamaya qoşulması ilə əlaqəlidir.

Nəşrin məlumatında bildirilir ki, Oskar mükafatına namizəd iranlı ssenarist ötən həftəsonu hökumətin etirazçılara qarşı sərt tədbirlərini qınayan bəyanatı imzaladıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

ABŞ-da yerləşən Human Rights Activists informasiya agentliyinin məlumatına əsasən, Mehdi Mahmudyan həmin müraciəti imzalayan və son günlər saxlanılan bir neçə şəxsdən biridir. Məktubun altında ümumilikdə tanınmış hüquqşünasların, mədəniyyət xadimlərinin və ictimai fəalların daxil olduğu 17 nəfərin imzası olub.

Hazırda Mehdi Mahmudyanın və digər imzaçıların harada saxlanıldığı barədə dəqiq məlumat verilmir. Onlara qarşı irəli sürülən ittihamların mahiyyəti və istintaqın detalları da açıqlanmayıb.

Xatırladaq ki, 2025-ci ilin dekabr ayının sonlarında İranda milli valyuta – İran rialının kəskin ucuzlaşması fonunda kütləvi etirazlar başlayıb. Buna cavab olaraq hakimiyyət təhlükəsizlik tədbirlərini sərtləşdirib, polis qüvvələri isə nümayişçilərə qarşı gözyaşardıcı qaz və qeyri-öldürücü silahlardan istifadə edib.

Qeyd edək ki, Mehdi Mahmudyanın ssenari müəllifi olduğu “Sadə təsadüf” filmi daha əvvəl Kann kinofestivalında baş mükafata layiq görülüb.

Poliqon.info

Избранный
22
poliqon.info

1Источники