Azərbaycan Respublikasının "Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 46-cı maddəsinə əsasən, tibbi fəaliyyət yalnız müvafiq ali tibbi təhsilə, ixtisasa və dövlət tərəfindən verilmiş sertifikata malik şəxslər tərəfindən həyata keçirilə bilər.
Eyni zamanda, Nazirlər Kabinetinin qərarları və Səhiyyə Nazirliyinin normativ aktları göstərir ki, sertifikatı ləğv edilmiş həkimin tibbi fəaliyyət göstərməsi qadağandır.
Bu hadisə ictimaiyyətdə bir sıra suallar doğurur: Sertifikatı ləğv edilmiş şəxs necə və hansı əsasla əməliyyat aparıb? "Etalon” hospital rəhbərliyi bu faktı niyə öncədən müəyyən etməyib? Özəl klinikalara Səhiyyə Nazirliyi tərəfindən nəzarət mexanizmi mövcuddurmu?
Mərhumun atası Mahir Abdullayev redaksiyamıza bildirib ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi apardığı araşdırmadan narazıdır. Onun sözlərinə görə, qızının ölüm səbəbi açıq və konkret göstərilməyib, araşdırma prosesində şəffaflıq təmin olunmayıb.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 268-ci maddəsinə görə, məhkəmə-tibbi ekspertiza ölümün səbəbini, mexanizmini və tibbi müdaxilənin nəticələrini tam, obyektiv, əsaslandırılmış və açıq şəkildə göstərməlidir.
Eyni zamanda, "Vətəndaşların müraciətləri haqqında” Qanuna əsasən dövlət qurumları vətəndaşa əsaslandırılmış rəsmi cavab verməyə borcludur.
Hadisənin nəticələri ilə bağlı araşdırma davam edir. Ailə rəsmi cavab gözləyir və Mahir Abdullayev bildirir ki, cavab alındıqdan sonra ictimai açıqlama verəcək.
Bu hadisə təkcə bir ailənin faciəsi deyil. Eyni zamanda, səhiyyə sistemində nəzarətsizliyin, özəl klinikalarda məsuliyyətsizliyin və sertifikat mexanizminin əhəmiyyətinin vacibliyini göstərən acı nümunədir. (Meditv.az)
