RU

Zelenski yeni şərt irəli sürdü - ərazi məsələsi yalnız Putinlə birbaşa görüşdə həll edilə bilər…



Ukrayna Prezidenti Zelenski bildirib ki, ölkəsi ilə Rusiya arasında ən fundamental fikir ayrılığı nöqtəsi olan ərazi məsələsi ekspertlər səviyyəsində danışıqlar yolu ilə həll edilə bilməz. Əbu-Dabidə davam edən danışıqları dəyərləndirən Zelenski bildirib ki, bu problemin həlli yalnız liderlər səviyyəsində birbaşa danışıqlar yolu ilə tapıla bilər.

"Liderlər səviyyəsində birbaşa əlaqə olmadan ərazi məsələləri üzrə razılığa gəlmək mümkün olmayacaq" - Zelenski deyib.

Ukrayna lideri vurğulayıb ki, Kiyev Moskva və Vaşinqtonla danışıqlara açıqdır, lakin bir əlavə şərti də var - avropalıların prosesdə iştirakı. Avropalıların danışıqlarda iştirakında israr etdiklərini deyə Zelenski bildirib ki, qitənin təhlükəsizliyi ilə birbaşa bağlı olan bu böhranda AB masada olmalıdır.

Bu AB-nin Əbu-Dabi danışıqlarında birbaşa iştirak etməməsindən Kiyevin narazılığını açıq əks etdirir. Eyni açıqlamada Zelenski Ukraynanın təhlükəsizliyi ilə bağlı daha bir vacib tələbi yenidən təkrarlayıb. O, bildirib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri münaqişənin bitməsindən əvvəl imzalanmalıdır. Bu tələb isə Rusiyanın potensial etirazları və müharibə davam edərkən Qərb ölkələrinin belə bir razılaşmanı necə formalaşdıracağı ilə bağlı qeyri-müəyyənliklər səbəbindən olduqca mübahisəlidir. Zelenski Ukrayna üçün təhlükəsizliyi təmin edən "könüllülər koalisiyası"nın bəyannaməsini "cəsarətli addım" adlandırıb, lakin bunun yetərli olmadığını bildirib.

Zelenskinin açıqlamaları Əbu-Dabidə danışıqların ikinci mərhələsindən dərhal sonra verildiyi üçün strateji əhəmiyyət kəsb edir. Ukrayna lideri xatırladıb ki, texniki qruplar səviyyəsində irəliləyiş olsa belə, son və ən çətin məsələlər (ərazi) üzrə siyasi iradə və son qərar qəbuletmə səlahiyyəti liderlərdədir. O, bununla danışıqlar prosesini daha yüksək səviyyəyə qaldırmağı hədəflədiyini ortaya qoyur.

Digər tərəfdən, Putinlə birbaşa görüş tələbi həm beynəlxalq diplomatiyada nüfuz məsələsi, həm də Zelenskinin məsələni Rusiya lideri ilə birbaşa müzakirə etməklə Ukraynanın itkilərini minimuma endirməyi hədəfləməsi kimi şərh olunur. Ancaq əvvəl verilmiş açıqlamalara görə, Kreml belə bir görüşü yalnız "yaxşı hazırlanmış" və ilkin razılaşmalar əldə edildikdən sonra qəbul edəcək. Lakin Zelenskinin ərazi məsələsində güzəştə getməyəcəklərini təkrar-təkrar vurğulaması bunu mümkünsüz edir.

Avropanın danışıqlarda iştirakına gəlincə, ekspetlərin fikrincə bu, Zelenskinin uzunmüddətli təhlükəsizlik və Ukraynanın gələcəyinin Avropada olması ilə bağlı vizyonunu gücləndirir. Eyni zamanda, ABŞ-ın rəhbərlik etdiyi danışıqlarda Avropanın təsirinin məhdud qalmasından narazılığını nümayiş etdirir və prosesə daha çox aktyor cəlb etməklə danışıqlar gücünü artırmağı hədəfləyir.

Bütün bu şərtlər sülh prosesinin qarşıdakı mərhələlərinin son dərəcə mürəkkəb olacağını göstərir. Əbu-Dabidə texniki təmaslar davam etsə belə, Zelenskinin irəli sürdüyü haqlı siyasi şərtlər, hansı ki, Moskva bunları qəbul etmək istəmir, yerinə yetirilmədən davamlı həll mümkün görünmür.

TAHİR

Избранный
9
baki-xeber.com

1Источники