RU

Türkiyədə 15 yaşdan kiçik uşaqlara sosial şəbəkələr qadağan edilə bilər

Ailə və Sosial Xidmətlər Nazirliyi uşaqları sosial medianın zərərli təsirlərindən qorumaq məqsədilə yeni qanunvericilik təşəbbüsünü yekunlaşdırıb. Təklif olunan dəyişikliklərə əsasən, valideyn icazəsi olsa belə, 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdə hesab açması qadağan ediləcək.

Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, nazirliyin AK Partiya Qrupunda təqdim etdiyi məlumata görə, bunun üçün "İnternet mühitində yayımların tənzimlənməsi və bu yayımlar vasitəsilə törədilən cinayətlərlə mübarizə haqqında" qanuna dəyişiklik edilməsi planlaşdırılır. Sosial şəbəkə təminatçıları üçün effektiv yaş doğrulama sistemlərinin tətbiqi məcburi olacaq, bu sistemlərin qaydaları isə ayrıca normativ aktlarla müəyyən ediləcək.

Onlayn oyunlarla bağlı yaş qadağası nəzərdə tutulmur, lakin oyunların yaşa uyğun dərəcələndirilməsi və uşaqların yalnız öz yaşlarına uyğun oyunlara çıxışının təmin edilməsi planlaşdırılır. Eyni zamanda, valideyn nəzarət alətlərinin platformalar üçün öhdəlik kimi tətbiqi, zərərli məzmunla bağlı şikayət mexanizmlərinin genişləndirilməsi və aldatıcı reklamların qarşısının alınması da təkliflər sırasındadır.

Təqdimatda beynəlxalq təcrübəyə də toxunulub. Qeyd edilib ki, Avstraliya 16 yaşadək uşaqlar üçün sosial mediadan istifadəni qadağan edən ilk ölkədir və bu sahədə platformalara ciddi məsuliyyət yüklənir. Oxşar yanaşmalar Böyük Britaniya və ABŞ-da da müzakirə olunur.

Избранный
10
far.az

1Источники