Belə həssas mövzuda, təəssüf ki, ağıl yox, daha çox emosiyalar və maddi maraqlar əsasında qərarların verildiyi bir dünyada proqnoz irəli sürmək risklidir, amma...
Bütün dünya İrana mümkün zərbələri gərginliklə gözləyir. Bəziləri, elə Azərbaycanın özündə də, az qala savaş manyakı kimi “nə oldu, niyə olmadı” ovqatından çıxa bilmirlər. Dünyanın əksər media quruluşları isə “etibarlı mənbələrə” istinadən bu müharibənin qaçılmaz olacağını iddia edir.
Məsələn, The Wall Street Journal adları açıqlanmayan ABŞ administrasiyası rəsmilərinə istinadən yazır ki, Tramp köməkçilərindən İrana hücum üçün Yaxın Şərqdə uzunmüddətli müharibəyə yol açmayacaq “sürətli və qətiyyətli variantlar” hazırlamağı istəyib. Mənbənin sözlərinə görə, ABŞ üçün “ideal seçim” İranı elə güclü zərbə altında qoymaq olardı ki, Tehranın Vaşinqtonun nüvə tələblərini yerinə yetirməkdən və müxaliflərin təqibini dayandırmaqdan başqa yolu qalmasın.

Əksər ekspertlər müharibənin bu gün — fevralın 1-də başlayacağını əminliklə deyir. Gün bitənə qədər bu proqnoz aktuallığını saxlayacaq. Bununla yanaşı, daha soyuqqanlı analitiklər Trampın müharibə qərarını ciddi şəkildə ertələmək məcburiyyətində qalacağını bildirirlər. Bu mövqeyi şərtləndirən bir neçə mühüm səbəb var.
Məsələn, cəmi beş gün sonra İtaliyada Qış Olimpiya Oyunları başlayır və fevralın 22-dək davam edəcək. Trampın İtaliyanın qadın baş naziri ilə münasibətləri yaxşıdır. Belə bir şəraitdə müharibə qərarı ilə Melonini narazı salmaq, Melanianı — Trampın həyat yoldaşını — incitmək qədər həssas məsələ ola bilər.
İkincisi, dünya ictimaiyyəti Olimpiya Oyunlarının sonuna qədər Rusiyadan Ukrayna müharibəsində atəşkəs tələb etdiyi bir vaxtda Trampın Olimpiadanın barışdırıcı missiyasını İrana raket zərbələri ilə pozmaq istəməsi real görünmür.
İdmandan söz düşmüşkən, yayda ABŞ-də (üstəlik daha iki ölkədə) keçiriləcək futbol üzrə dünya çempionatının mümkün boykot riski də var. Bu isə mundialın simvolik kubokunu bir neçə ay öncə FIFA prezidentindən alaraq Ağ Evdə, göz önündə saxlayan Tramp üçün ciddi imic zədəsi olardı.
Belə həssas mövzuda, təəssüf ki, ağıl yox, daha çox emosiyalar və maddi maraqlar əsasında qərarların verildiyi bir dünyada proqnoz irəli sürmək risklidir. Amma mənim qənaətimcə, İranla müharibə qərarı hələlik gündəmdən çıxmış kimi görünür.
Əvvəla, Trampın reytinqi ölkə daxilindəki vəziyyət — Minnesotada davam edən etirazlar və hökumətin “şatdaun” qərarı fonunda — faktiki olaraq “yerlə sürünür”. Bu vəziyyətdə İranı bombalamaqla reytinqi yüksəltməyin mümkünsüz olduğunu Ağ Ev isteblişmenti yaxşı anlayır.
İkincisi, Ukrayna müharibəsinin artıq dörd ildir davam etdiyi bir şəraitdə İranın ABŞ ictimaiyyətinə “birinci düşmən” kimi təqdim edilməsi ciddi çətinliklər yaradır. Vaxtilə Amerika strateqləri İran–Suriya–Şimali Koreya “Şər üçbucağı” formalaşdırmışdılar. İndi isə İran əvvəlki qədər təhlükəli görünmür: regiondakı “qol-budaqları” budanıb, “zəhərli dişləri” də əvvəlki kimi öldürücü deyil. Bir az təzyiq hiss edilən kimi Tehran “diplomatiya dili”nə keçir və sairə...
Suriya faktiki olaraq gündəmdən çıxıb. Şimali Koreya isə nüvə silahına və uzaqmənzilli raketlərə malik olmasına baxmayaraq, sanki dünya xəritəsindən silinmiş kimi davranılır. İran rejimi qəddarlıq baxımından Şimali Koreyadan geri qalmır və molla rejimi mütləq dəyişməlidir. Amma bunu Amerika zor gücü ilə etməyə çalışarsa, nəticə əks-effekt verəcək.
Şahın bivec oğlunu araşdırdılar və məlum oldu ki, onun ölkə daxilində ciddi sosial dayağı yoxdur, üstəlik “bəlkə də qayıdaram” xəyalları ilə yaşayır. Bu amillər də İrana hücum qərarının ertələnməsində az rol oynamır.
İrana hücumun baş verməyəcəyini region ölkələrinin davranışlarından da sezmək mümkündür. Azərbaycan diplomatiyası bu kimi məsələlərdə adətən, tələskən mövqe tutmur və bu, haqlı yanaşmadır. Rəsmi Bakının son günlər İran mövzusunda fəallaşması qonşu ölkəyə hücum variantının təxirə salındığının əlaməti kimi dəyərləndirilə bilər. Türkiyənin bu müharibənin qarşısını almaq istiqamətində göstərdiyi səylər də xüsusi qeyd olunmalıdır. Bu, Ankaranın İsrailə qarşı nümayiş etdirdiyi diplomatiya deyil. İsrail nə qədər qisasçı dövlət olsa da, “dərin dövlət” səviyyəsində ağılsız və tələskən addımlara yol verilməz. Tel-Əvivin İrana qarşı hərbi hazırlığı daim mövcuddur, barmaq tətikdədir, lakin mövcud mənzərə İsrailin də hələlik açıq hücuma meylli olmadığını göstərir.
Nəhayət, İranın strateji müttəfiqi Rusiyanın fəallığını da unutmaq olmaz. Putin ABŞ və İsraillə bu müharibənin qarşısını almaq üçün ciddi səylər göstərir. Son olaraq İran ətrafındakı vəziyyətə birbaşa təsir imkanlarına malik BƏƏ lideri ilə Kremldə keçirilən mübhəm görüş də diqqətdən qaçmamalıdır. Çin də pərdəarxasında qalmır: İranın hədəf seçilməsi Pekinə açıq mesajdır. Bu səbəbdən Çin hazırda Rusiya və İranla birlikdə ABŞ hərbi gəmilərinin yaxınlığında hərbi təlimlər keçirir.
ABŞ prezidenti də son açıqlamasında “İranın ABŞ-la ciddi danışıqlar apardığını” bildirib və Tehranın nüvə silahından imtina edəcəyinə ümid etdiyini deyib.
...SSRİ-nin son illərində çəkilmiş “Sabah müharibə idi” (“Завтра была война”) filmi bugünkü vəziyyətlə müəyyən oxşarlıq təşkil edir. Film fəlakət astanasında yaşayan bir nəslin faciəsindən bəhs edir. Biz öz müharibəmizi qələbə ilə başa vurmuşuq. Amma heç bir ölkədə, xüsusilə də qonşuluğumuzda yeni müharibə istəmirik. Buna baxmayaraq, müharibə azarkeşləri yenə də “Sabah müharibə olacaq” deməkdə israrlıdır…