“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, əyalət təmsilçilərinin bu gün Yevlaxda baş tutmuş görüşü Gəncə komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Oyunun çətin olacağını, ötən turda alınan məğlubiyyətdən sonra “Şamaxı”nın bu görüşə daha məsuliyyətli yanaşacağını bilirdik. Biz də maksimum şəkildə matça hazırlaşmaq istədik. Təəssüf ki, səhvlər etdik və istəmədiyimiz bir məğlubiyyət yaşadıq. Rəqib bunlardan yararlanıb fərqləndi. Səhvlərimiz əsasən ortadakı boşluqlar idi. Futbolda qaydalar var, səhv buraxdınsa, rəqib cəzalandıracaq. “Şamaxı” əks-hücumda oynayır. Ona görə də, cərimə meydançası ətrafında səhvlər buraxmamalı idik.
Rəqibi təbrik edirəm. Çempionatın ikinci hissəsi yeni başlayıb. Qarşıda çətin oyunlarımız var. Kubokda da yolumuza davam edirik. Heç bir rəqibə asan təslim olmayacağıq. İnanıram ki, öhdəsindən gələcəyik”.
