RU

Avropa “qırmızı” xətti keçdi – İran DƏHŞƏTLİ cavab verə bilər

Avropa İttifaqının İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil etməsi təkcə hüquqi-siyasi qərar deyil, eyni zamanda Tehrana ünvanlanmış son dərəcə sərt və açıq mesaj kimi qiymətləndirilir. Bu addım Aİ–İran münasibətlərində indiyədək mövcud olan həssas balansın faktiki olaraq pozulduğunu göstərir və Avropanın İranla bağlı siyasətində yeni, daha konfrontativ mərhələyə keçidindən xəbər verir.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın açıqlaması onu göstərir ki, Avropa artıq SEPAH-ı yalnız İranın hərbi-strateji strukturu kimi deyil, beynəlxalq terror şəbəkələrinin funksiyalarını yerinə yetirən bir qurum kimi qəbul edir. Bu isə o deməkdir ki, Avropa İttifaqı SEPAH-ın regiondakı silahlı qruplaşmalara dəstəyi, Yaxın Şərqdə gərginliyi artıran fəaliyyəti və İran daxilində etirazların qanlı şəkildə yatırılmasına görə məsuliyyəti birbaşa bu qurumun üzərinə qoyur.

Məsələni şərh NOCOMMENT.az-a şərh edən politoloq Şahin Cəfərlinin fikrincə, bu qərarın arxasında dayanan əsas səbəblərdən biri İran hakimiyyətinin son illərdə minlərlə dinc nümayişçiyə qarşı tətbiq etdiyi amansız repressiyalardır.

Onun sözlərinə görə, SEPAH-ın terrorçu elan edilməsi əslində yalnız bir hərbi qurumun deyil, bütövlükdə İran siyasi sisteminin legitimliyinin sual altına alınması deməkdir.

“Bu addım Avropanın artıq mövcud rejimin uzunmüddətli perspektivdə ayaqda qalacağına inanmadığını da açıq şəkildə ortaya qoyur. Avropa İttifaqı bu qərarla Tehranın həm daxildə insan haqlarını kobud şəkildə pozmasına, həm də regionda – xüsusilə Yaxın Şərqdə və Cənubi Qafqaz ətrafında – sabitliyi pozan siyasətinə birbaşa cavab verib.

Bu, eyni zamanda İranın Rusiya ilə yaxın hərbi əməkdaşlığına, müxtəlif silahlı qruplaşmalar üzərindən apardığı dolayı müharibələrə və Qərb maraqlarına təhdid yaradan fəaliyyətlərinə qarşı da siyasi təzyiq alətidir.

SEPAH-ın terror siyahısına salınması İran üçün ağır nəticələr doğura bilər.

Bu qərar SEPAH-la bağlı bütün maliyyə axınlarının dondurulması, Avropa ərazisində bu qurumla əlaqəli şəxslərə qarşı hüquqi tədbirlərin sərtləşdirilməsi və İranın beynəlxalq təcridinin daha da dərinləşməsi anlamına gəlir. Digər tərəfdən, Tehran bu addımı düşmənçilik aktı kimi qəbul edərək, regionda gərginliyi artıran addımlarla və ya Avropa maraqlarına qarşı dolayı cavablarla reaksiya verə bilər”.

Tunar

Избранный
39
nocomment.az

1Источники