Kosovo millisinin və “Malyorka”nın hücumçusu Vedat Muriqi İspaniya La Liqasında 2026-cı ilin yanvar ayının ən yaxşı oyunçusu seçilib.
Arena.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.
Muriqi yanvarda “Malyorka”nın heyətində La Liqa çərçivəsində 4 oyuna çıxıb və 5 qol vurub.
Kosovolu futbolçu səsvermədə Aleksander Sörlot (“Atletiko”), Qonsalo Qedes (“Real Sosyedad”), Vladislav Vanat (“Jirona”) və Markos Alonsonu (“Selta”) geridə qoyub.
Bu, Muriqinin La Liqada 2-ci, cari mövsümdə isə ilk belə uğurudur. O, 2022-ci ilin may ayında da oxşar mükafata layiq görülmüşdü.
Cari mövsümün ilk belə mükafatını “Vilyarreal”da çıxış edən Nikolas Pepe qazanmışdı. Sentyabr və okyabr aylarında “Real”ın fransalı hücumçusu Kilian Mbappe fərqlənmişdi. Noyabr və Dekabrda isə “Barselona”nın hücumçusu Lamin Yamal ən yaxşı seçilmişdi.
Xatırladaq ki, Vedat Muriqi 2022-ci ildən “Malyorka”da çıxış edir. Təcrübəli hücumçu bu komandanın heyətində 138 oyuna çıxıb, 49 qol və 11 assist müəllifi olub. “Malyorka”nın kosovolu hücumçusu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var.
Muriqi daha öncə Türkiyənin “Fənərbağça”, “Girəsunspor”, “Gənclərbirliyi”, “Rizəspor” klublarında çıxış edib. O, “Latsio”, “Teuta”, “Besa” və “Liriya”da da forma geyinib.
Kosovo yığmasında 66 oyuna çıxmış hücumçu, 32 qola imza atıb, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı hücumçunun transfer dəyərini 4,5 milyon avro məbləğində qiymətləndirir.
