RU

Türkiyədə “servis haqqı” ləğv edildi, Azərbaycanda müştəri hələ də “cibini açır”

Türkiyədə rəsmi qərarla restoran, kafe və şirniyyat dükanlarında müştərilərdən “servis haqqı”, “masa pulu” və ya süfrə üçün əlavə ödəniş alınması qadağan edilib. Yeni qaydalara görə, menyuda açıq şəkildə göstərilməyən heç bir əlavə məbləğ hesab-fakturaya daxil edilə bilməz. Məqsəd istehlakçıların aldadılmasının qarşısını almaq və qiymət şəffaflığını təmin etməkdir.

Son vaxtlar Azərbaycanda, xüsusilə Bakıda fəaliyyət göstərən bəzi restoranlarda isə müştərilərə əvvəlcədən xəbərdarlıq edilmədən ümumi hesaba 10–15 faiz servis haqqı əlavə olunur. Bu hal haqlı narazılıqlara səbəb olur. Qanunvericiliyə görə, müştəri əlavə servis haqqını ödəməyə məcbur edilə bilməz. Belə ödəniş ya əvvəlcədən şifahi şəkildə bildirilməli, ya da menyuda aydın formada göstərilməlidir. Əks halda bu, istehlakçı hüquqlarının pozulması və qeyri-qanuni tələb sayılır.

Praktikada isə bir çox müştəri narahatlıq yaranmasın deyə etiraz etmədən əlavə pulu ödəməyə üstünlük verir. Halbuki bu cür hallarda müştəri restoran rəhbərliyinə irad bildirə və əlavə məbləği ödəməkdən imtina edə bilər.

Bəs Azərbaycanda da Türkiyədə olduğu kimi servis haqqına rəsmi qadağa tətbiq edilməlidirmi?

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a danışıb:

1681295923_photo_199988.jpg

“Bəli, Türkiyədə servis xidməti haqqı və əlavə ödənişlər məsələsi ləğv edilib. Bu, çox əhəmiyyətli bir məsələdir. Bizə bu barədə ötən gün Türkiyədəki həmkarlarımız zəng edərək məlumat veriblər. Yəni əgər istehlakçı elə bir otaqdan istifadə edirsə, orada multimedia, əlavə avadanlıqlar və sairə mövcuddursa, onlardan istifadə hallarında ola bilər ki, əlavə servis xidməti haqqı tələb olunsun; lakin bu da menyuda açıq şəkildə göstərilməli, izah edilməlidir ki, bu pərakəndə menyu belədir və qidanın pulunun üzərinə əlavə ödəniş gələcək. Türkiyədə menyuda göstərilməyən hər hansı əlavə ödəniş artıq ləğv edilib.

Məsələn, Amerikada yaşayan həmkarım bildirir ki, oradakı bütün kafe və restoranlarda, ümumi iaşə obyektlərinin hamısında pul ödənilərkən poster və menyuda qiymət açıq şəkildə göstərilir. Məsələn, 2 kofe alınıb 10 dollara, və sairə. Onun altında isə 4 xanə olur: biri 10%, digəri 15%, digərləri 18% və 20%, digəri isə “ödəməyəcəm”. Bu zaman müştərinin ixtiyarındadır ki, hansını seçsin. Amma böyük kafelərdə və restoranlarda, “ödəməyəcəm” xanəsini seçəndə, restoran işçiləri buna etirazlarını bildirirlər, detallarını izah edirlər ki, niyə biz sizə qulluq etmişik, servis göstərmişik, masanı düzəltmişik və sairə. Və soruşurlar ki, niyə bizə servis haqqını, ən azı 10%-i vermirsiniz? Yəni, bu məsələ də var”.

Eyyub Hüseynov bildirib ki, Azərbaycanda da Türkiyədə olduğu kimi servis haqqına rəsmi qadağa tətbiq edilməsi hələlik mümkün görünmür:

“Azərbaycan bu məsələdə çox geridə qalır. Biznes qurumları üçün yaradılan toxunulmazlıq şəraitindən sui-istifadə olunur; artıq bu qanunsuzluq, istehlakçı hüquqlarının pozulması bir norma halına çevrilib. Ümumiyyətlə, hər hansı bir qanun pozuntusu və ya hüquq pozuntusu qarşısında tədbir görülməzsə, cəza tətbiq edilməzsə, bu sonradan normaya çevrilir və cəmiyyət də buna uyğunlaşır. Ancaq inanmıram ki, Azərbaycanda yaxın bir ildə Türkiyədə verilən qərar kimi bir qərar qəbul edilsin. Çünki hələ də ölkədə istehlakçı hüquqlarının qorunması siyasəti çox zəif vəziyyətdədir, çox aşağı səviyyədədir. Ona görə də ölkəmizdə bu barədə dəyişiklik olacağına inanmıram. Onu da qeyd edim ki, bu vəziyyət Azərbaycanda turizm sahəsinə böyük zərbə endirir”.

Избранный
18
editor.az

1Источники