İspaniya çempionu “Barselona”nın 18 yaşlı hücumameyilli yarımmüdafiəçisi Pedro Fernandes Fransa nəhəngi PSJ-yə qoşulub.
Arena.az xəbər verir ki, Paris təmsilçisi bu transferi 8,2 milyon avroya rəsmiləşdirib.
İspan futbolçu yeni klubu ilə müddəti 2030-cu ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə bağlayıb.
“Barselona”nın baş məşqçisi Hansi Flik müvafiq keçidi şərh edib:
“Əslində, bu barədə çox da danışmaq istəmirəm. “Dro”nu çox bəyənirəm, amma, əlbəttə, pərişanam”, deyə Flik vurğulayıb
Flik “blauqrana”nın heyəti haqda qənaətini də açıqlayıb:
“Əlbəttə, heyətimizdən məmnunam. Zədəli oyunçularımız isə tezliklə sıraya qayıdacaqlar”.
Xatırladaq ki, Dro Fernandes kimi tanınmış Pedro Fernandes Sarmiento “Barselona”nın yetirməsidir. O, Kataloniya təmsilçisinin əsas komandasında 5 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub. Dro İspaniyanın U-15, U-16 və U-17 yığmalarında çıxış edib, hazırda isə U-18-ə dəvət alır.
“Transfermarkt” internet-portalı 18 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.
