ABŞ-nin İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır, lakin Bakı bu məsələni Vaşinqtonla müzakirə etməyib.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The National” nəşrinə müsahibəsində bildirib.
“Vəziyyət proqnozlaşdırılmazdır və bununla əlaqədar yarana biləcək bütün təhdid və çağırışları düzgün qiymətləndirmək çətin olacaq”, – o deyib.
Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan bu narahatlıqlarını Vaşinqtona çatdırmayıb: “Biz bu məsələni ABŞ-la müzakirə etmirik və onlar da bu mövzuda bizimlə heç vaxt əlaqə saxlamayıblar”.
Prezidentin köməkçisinin sözlərinə görə, son günlərdə Azərbaycan rəsmiləri iranlı həmkarları ilə danışıqlar aparıblar.
Hikmət Hacıyev vurğulayıb ki, “İrandakı təhlükəsizlik vəziyyəti Azərbaycan tərəfinin dərhal müdaxiləsinə ehtiyac yaratmır, çünki rəsmi Bakı həmişə digər ölkələrin daxili işlərinə qarışmaqdan kənardır”.
Hikmət Hacıyevin açıqlaması özlüyündə bir neçə önəmli sual doğurur: ABŞ-nin İrana mümkün hərbi zərbəsi ilə bağlı qeyri-müəyyənliyin Azərbaycan üçün real təhlükəsizlik, siyasi və iqtisadi riskləri nədən ibarətdir, rəsmi Bakının bu mövzunu Vaşinqtonla müzakirə etməməsi hansı strateji yanaşmadan qaynaqlanır, İranla aparılan son təmaslar hansı məqsədlərə xidmət edir və Azərbaycan həqiqətən də Rusiya-Ukrayna müharibəsi ilə İsrail–İran–ABŞ qarşıdurması arasında “iki müharibə arası” vəziyyətdə qalmaq riski ilə üz-üzədirmi, bu proseslər Cənubi Qafqazın enerji təhlükəsizliyinə və Azərbaycanın balanslı xarici siyasət kursuna necə təsir göstərə bilər?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Zeynal Fətullanın sözlərinə görə, ABŞ ilə İran arasında artan hərbi-siyasi gərginlik region üçün ciddi risklər yaradır:
”Vaşinqtonun mümkün hərbi əməliyyatları təkcə İranla məhdudlaşmayaraq Yaxın Şərq və Cənubi Qafqazı əhatə edən daha geniş təhlükəsizlik problemlərinə yol aça bilər. Bu proses xüsusilə İranla sıx tarixi, etnik və dini bağlara malik olan region ölkələri, o cümlədən Azərbaycan üçün həssas nəticələr vəd edir. Belə bir şəraitdə Türkiyənin diplomatik vasitəçilik səyləri və münaqişənin müharibəyə çevrilməsinin qarşısını almaq istiqamətində atdığı addımlar regional sabitliyin qorunması baxımından ön plana çıxır.
Əgər ABŞ İranı hədəf alaraq hərbi əməliyyatlara başlasa, bunun təsiri təkcə İranla məhdudlaşmayacaq. Bu proses region ölkələrinə, o cümlədən Azərbaycana da birbaşa və dolayı təsir göstərəcək. Bu arada Ankara münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaq üçün diplomatik səylərini davam etdirir. Türkiyənin əsas məqsədi regionda sabitliyi qorumaq, dialoq kanallarını açıq saxlamaq və böyük güclər arasında mümkün qarşıdurmanın Cənubi Qafqaza və Yaxın Şərqə yayılmasının qarşısını almaqdır. Bu mövqe həm Azərbaycanın, həm də regionun ümumi təhlükəsizlik maraqlarına uyğundur”.