RU

Bakının SKUTER mənzərəsi - kuryer xidməti, uşaqlar və təhlükə (REPORTAJ, FOTO-VİDEO

Son dövrlər Bakıda elektrik skuterləri ilə bağlı narazılıqlar artmaqdadır. Qeyd edilir ki, skuterlər həm avtomobillərin hərəkətinə mane olur, həm də piyadalar üçün təhlükə yaradır. Əsəsən də “Jet” skuterlərinin əyləc sisteminin nasaz olması ilə bağlı çoxsaylı şikayətlər var. Uşaqların və yeniyetmələrin skuteri nəzarətsiz idarə etməsi ciddi risk kimi göstərilir. Bir sıra hallarda skuterlə bağlı qəzaların baş verdiyi, hətta ölüm faktlarının olduğu da qeyd olunur.

Məsələni yerində araşdırmaq üçün şəhərin mərkəzi ərazilərindən birində - Dənizkənarı Milli Parkda olduq və skuterlərdən istifadənin real vəziyyətini öz gözlərimizlə müşahidə etdik.

Skuter icarəsi ilə məşğul olan şəxslər yol keçənlərə yaxınlaşaraq, onlara bu nəqliyyat vasitəsini təklif edirdilər. Onlardan biri ilə söhbət zamanı cəmiyyətdə yaranan narazılıqları xatırlatdıq. İcarəçilər gün ərzində çox sayda insanın onlara müraciət etdiyini, skuterlərin artıq rahat və sürətli nəqliyyat vasitəsinə çevrildiyini bildirdilər. Onların dediyinə görə, əvvəllər insanlar ehtiyatla yanaşsa da, indi, demək olar ki, hər kəs skuterdən istifadə etməyə çalışır.

Uşaqlarla bağlı risklərə münasibət bildirən icarəçi deyir ki, azyaşlılara skuter verməməyə çalışırlar. Lakin bəzən valideynlərin özləri yaxınlaşaraq uşaqları üçün skuter istəyirlər, daha sonra isə övladlarını təkbaşına sürməyə buraxırlar. “Bu halda məsuliyyət yalnız icarəçilərin yox, valideynlərin də üzərinə düşür”, - həmsöhbətimiz deyir.

Əslində biz müşahidə edərkən skuterdən istifadə edənlərin əksəriyyəti elə uşaqlar və yeniyetmələr idi. Skuter sürən böyüklər gözə az dəyirdi. Hətta bir skuterin üzərində iki-üç uşağın eyni anda hərəkət etdiyini də gördük. Bu, çox təhlükəli idi.

Skuterlərin icarə qiymətləri belədir: 30 dəqiqə - 5 AZN, 1 saat - 8 AZN, 2 saat - 15 AZN, 3 saat - 20 AZN.

Skuterdən kuryer xidməti üçün istifadə edən bir gənclə söhbətimiz zamanı o, bu nəqliyyat vasitəsinin iş üçün daha rahat olduğunu bildirərək, qeyd etdi ki, velosipedi də var, skuterin enerjisi bitdikdə ondan da istifadə edir. Kuryer gənc əsasən velosiped yolundan kənara çıxmamağa çalışdığını, bunun təhlükəli halların qarşısını aldığını vurğuladı.

Skuterdən istifadə edən paytaxt sakini isə narazılıqlara qarşı çıxaraq bildirdi ki, skuterdən gündəlik həyatında aktiv istifadə edir. Səhər saatlarında işə gecikməmək üçün övladını bağçaya skuterlə apardığını, daha sonra isə öz iş yerinə rahat şəkildə çatdığını dedi. Onun fikrincə, tıxacda avtobus və ya taksi ilə vaxt itirməkdənsə, skuter daha əlverişli seçimdir. 40 yaşının olduğunu deyən sakin skuterdən istifadə etməyə kompleksiz yanaşdığını, bu nəqliyyat vasitəsinin qadağan edilməsinin əleyhinə olduğunu vurğuladı. Onun sözlərinə görə, əsas problem skuterlərin mövcudluğu yox, düzgün istifadə edilməməsidir.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, 2025-ci ilin əvvəlində Bakıda icarəyə verilən mikromobillik vasitələrinin sayı təxminən 4 670 ədəd olub. Bunun 77%-ini skuter, 18%-i velosiped və 5%-i elektrik velosipedi təşkil edir.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu baş direktorun müavini - baş həkim Nizami Məmmədov deyib ki, 2026-cı ilin yanvar ayı üzrə moped, motosiklet və skuter qəzaları nəticəsində instituta 3 nəfər, avtoqəza ilə bağlı isə 52 nəfər müraciət edib.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bizimlə söhbətdə bildirib ki, mikromobillik vasitələri kiçik elektrik mühərrikli nəqliyyat vasitəsi kimi qanunvericilikdə təsbit olunub: “Yaşı 14-dən aşağı olan insanların elektrikli skuter sürməsi qadağandır. Həmçinin 24 saat ərzində həmin nəqliyyat vasitələrinin önündə və arxasında fənərləri yanılı vəziyyətdə olmalıdır. Skuter sürənlər avtomobil yolunun zolağının sağ zolağı ilə hərəkət etməlidir”.

Onun sözlərinə görə, qaydaları pozan skuter sürücüsü 40 manat cərimələnir: “Skuter sürücülərindən vəsiqə tələb olunmasa da, onlara cərimə təyin edilir. Kiməsə xətər yetirsələr və başqa nəqliyyat vasitəsinə ziyan vursalar, 150 manat cərimə nəzərdə tutulur. Skuteri sərxoş halda idarə etmək qadağandır".

E.Cəfərov skuterlərin surət həddinin azaldılmasını vacib sayır: “Fikrimcə, sürət həddi maksimum saatda 15 km olsa, kifayətdir. Hazırda saatda 25, 35 km yol gedən skuterlər də var. Cərimə və maarifləndirmə paralel aparılmalıdır. Vəziyyət acınacaqlı hal alarsa, skuterdən istifadə edənlərin yaş həddini 14-dən bir az da yuxarı qaldırmaq olar.

Qəzaların qarşısını almağın bir yolunu tapmaq lazımdır. Çünki istifadəçilərin sayı günbəgün artır. Skuter istifadəçilərini hətta sadə suallarla onlayn test də etmək olar və yalnız ondan sonra nəqliyyat vasitəsini kirayə götürsün. Həm də qaydaları izah etmək, cərimələr haqqında məlumat vermək lazımdır. Bütün bunları biləndən sonra daha səliqəli şəkildə idarə edəcəklər”.

Afaq Mirayiq,
Foto müəllifindir,
Musavat.com



Избранный
49
ekologiya.az

1Источники