RU

Aldığı evdən 18 il sonra çıxarılır?TƏFƏRRÜAT/VİDEO

Kirayə qaldığı məhəllədən ev alan vətəndaş illər sonra mənzilindən çıxarılıb.

Belə bir iddia ilə paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sumqayıt şosesi, döngə 1 ünvanında yaşayan Mirismayıl İbrahimov "Xəzər Xəbər"ə müraciət edib.

Xezerxeber.az-ın məlumatına görə, Mirismayıl İbrahimov bildirib ki, 2009-cu ildə 18 min manat ödəyərək qonşusundan ev alıb. Fərdi yaşayış evinin kommunal xərclərini ödəyib və sənədlər də məhz Mirismayıl İbrahimovun adına rəsmiləşdirlib. Hətta 18 il ərzində həyətyanı sahəsində də otaqların sayını artırıb.

18 min manatı birdəfəlik yox, aylara bölərək tam ödədiyini iddia edən Mirismayıl İbrahimov deyir ki, evi alandan sonra mənzili ona satan Tofiq Məmmədhəsənovdan qalan 3500 manat elektrik enerjisi borcunu da ödəyib.

İndi Mirismayıl İbrahimovu məhkəməyə verən Tofiq Məmmədhəsənov tələb edir ki, ailə evi boşaltsın. İddialarla bağlı qarşı tərəfin də mövqeyini öyrəndik: "Biz ona etibarnamə vermişik. İllərdir burda yaşayır, pulun vermədiyinə görə çıxarıram. Üstəlik, torpağı da zəbt edib və  otaqlar tikib. Biz razılaşmışdıq ki, o mənə 30 min manat pul verməlidir, ödəmədiyinə görə çıxarıram".

Binəqədi Rayon Məhkəməsindən isə "Xəzər Xəbər"ə bildirildi ki, Bakı Appelyasiya Məhkəməsinin qərarına əsasən borclular İbrahimov Mirismayıl və onun  ailə üzvləri evdən çıxarılmalıdır. Məhkəmə tərəflərə qarşılıqlı razılaşma üçün vaxt verib. Razılığa gələ bilmədikləri üçün iddiaçı yenidən məhkəməyə müraciət edib və qərarın icrasını tələb edib. Məhkəmə qərarının icrası bu il fevral ayının 11-dək Mirismayıl İbrahimovun ailə vəziyyəti nəzərə alınaraq uzadılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
19
xezerxeber.az

1Источники