RU

Dil qayğı tələb edən canlı varlıqdır

Təranə Şükürlü: Prezident İlham Əliyevin dilimizin saflığının qorunması ilə bağlı göstərişləri AMEA Nəsimi adına Dilçilik İnstitutunun qarşısında mühüm vəzifələr qoyur

Azərbaycan dili qədim və zəngin tarixə, dərin ənənələrə, rəngarəng dil faktlarına, inkişaf etmiş fonetik, leksik və qrammatik quruluşa, eləcə də əhatəli üslub imkanlarına malikdir. Məhz bu xüsusiyyətlər Azərbaycan dilini milli kimliyimizin əsas sütunlarından birinə çevirir. Təsadüfi deyil ki,  Prezident İlham Əliyev də dillə bağlı bütün çıxışlarında bu vacib nüansı vurğulayır. Dövlətimizin başçısı yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində də bir daha bildirdi ki, dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir, təbii ki, bayraqla, gerblə, himnlə birlikdə.

Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi,  filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü “İki sahil” qəzetinə açıqlamasında bildirdi.

Onun sözlərinə görə, dövlətimiz dilimizin saflığının qorunmasını daim diqqət mərkəzində saxlayır: “Belə ki, dövlətimiz Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı müəyyən tədbirlər həyata keçirir. Bütün bunlar ana dilimizin hərtərəfli inkişafı və tətbiqi baxımından böyük əhəmiyyət kəsb edir. Amma unutmayaq ki, dünya dilləri içərisində öz qədimliyi, zənginliyi və poetik potensialı ilə seçilən Azərbaycan dilini qorumaq yalnız dövlətin deyil, həm də hər bir vətəndaşın borcudur”.

Müsahibimizin fikrincə, dilə olan sevgi ailədən, bağçadan, məktəbdən başlayır və davam edir: “Ona görə də ailələrimizdə doğma ana dilimizə sevgini formalaşdırmaq lazımdır. Ailələrimizdə Azərbaycan dilini uşaqlara sevdirmək üçün onların qavrayacağı bir formada uşaq nağılları, hekayələr, şeirlər oxunmalı və aşılanmalıdır. Onu da qeyd edim ki, müasir cəmiyyətdə informasiyanın dövriyyəsi üçün geniş imkanlar vardır. Çoxçeşidli informasiyalar KİV-də, reklamlarda, sosial şəbəkələrdə və virtual reklamlarda insanların ixtiyarındadır. Buna görə də dil vahidlərindən düzgün istifadə etmək əsas amillərdən biri olmalıdır”.

Təranə Şükürlü  daha sonra vurğuladı ki,  bu gün AZƏRTAC kimi aparıcı agentlik, “525-ci qəzet”, “Ədalət”, “Kaspi”, “Azərbaycan”, “Xalq qəzeti”, “İki sahil” qəzetləri dilin qayğısına qalan, ədəbi norma və üslubun təbliğinə çalışan orqanlar kimi çıxış edir: “Bununla belə, bəzi saytlarda və sosial şəbəkələrdə dilin təhrif olunmuş formalarına, üslub pozuntularına və yad sözlərin həddindən artıq işlənməsinə rast gəlinir ki, bu da yaxşı hal deyil. Onu da bildirmək istərdim ki, qloballaşma və internetin inkişafı nəticəsində gənc nəsil arasında, televiziya proqramlarında məişət üslubunun operativliyi də müşahidə olunur. Fikrimcə, bu, dilin üslubi imkanlarını zəiflədə bilər. Yaxşı olardı ki, hər bir vətəndaş ana dilin sevgi ilə yanaşsın”.

Müsahibimiz, həmçinin qeyd etdi ki, Prezident İlham Əliyevin dilimizin saflığının qorunması ilə bağlı göstərişləri AMEA Nəsimi adına Dilçilik İnstitutunun qarşısında mühüm vəzifələr qoyur: “İnstitutumuzda “Müasir Azərbaycan dili” çoxcildliyi xüsusi yer tutur. Dörd cilddən ibarət olacaq bu çoxcildliyin üç cildi artıq çap olunub, dördüncü cildin müəyyən hissəsi  çapa hazırdır. İlkin qaynaqlar əsasında üç cilddə “Qədim Azərbaycan sözləri” lüğəti,  ekspedisiya yolu ilə hazırlanan  "Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlas"ı  çap olunub. Son illərdə Dilçilik İnstitutunda "Azərbaycan dilinin yeni sözlər və mənalar lüğəti", "Azərbaycan dilinin Orfoqrafiya lüğəti" də işıq üzü görüb. Türk dilləri şöbəsində “Türk dillərinin funksional morfologiyası”, “Türk dillərinin ikidilli lüğəti” çap olunub. 2025-ci ildə süni intellekt və kompüter dilçiliyi şöbəsi tərəfindən Azərbaycan dilinin milli korpusu üzrə mühüm bir mərhələ tamamlanıb. Onu da bildirim ki, "Azərbaycan dilinin Orfoepiya normaları" hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Hazırda yeni orfoepiya lüğəti çapa hazırlanır.  Bir sözlə, ölkəmizdə ana dilimizin inkişafı, qorunub saxlanması, saflığı, zənginləşməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilir. Onu da vurğulayım ki, Azərbaycan dili həm dil quruculuğu prosesinə, həm də dildə gedən prosesə hər zaman həssasdır. Dilimizi Vətənimiz kimi qorumalıyıq və sevməliyik”.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Избранный
58
17
ikisahil.az

10Источники