Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı, 30 yanvar, AZƏRTAC
Ötən il ali təhsil müəssisələrinə qəbul planında 18 faiz artım qeydə alınıb. 2025-2026-cı tədris ili üzrə qəbul planı 63 mindən artıq olub, 60 mindən artıq məzunumuz tələbə adına layiq görülüb. Bunun da 50 faizdən çoxu dövlət sifarişi əsasında təhsil alan tələbələrdir.
AZƏRTAC xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Tələbə-gənclərlə işin əlaqələndirilməsi sektorunun müdiri Hilal Salmanov Tələbə Gənclər Təşkilatlarının mükafatlandırma mərasimində çıxış edərkən bildirib.
O, həmçinin deyib ki, magistratura pilləsi üzrə qəbul planında son 5 ildə 37 faiz artım var, orta ixtisas təhsili üzrə təhsil alanların sayı da çoxalıb. Eyni zamanda, peşə təhsili üzrə müəssisələr istifadəyə verilib və həmin müəssisələrdə müasir ixtisaslar tədris olunur. “Təhsilli olmaq yalnız ali təhsildən ibarət deyil. Bunu sizdən sonra gələn nəsillərə də çatdıra bilərsiniz. Yaxşı mütəxəssis yaxşı işləyib, ölkəsinə fayda verə bilirsə, bu, əsl vətəndaşlıq borcudur”, - deyə o vurğulayıb.
Hilal Salmanov Təhsil Tələbə Kredit Fondunun fəaliyyətinə də toxunub. O diqqətə çatdırıb ki, son 4 ildə tələbələrlə 70 mindən artıq kredit müqaviləsi bağlanılıb:“Bu o deməkdir ki, 70 mindən artıq tələbə olmaq arzusunda olan insana ali təhsil müəssisəsində təhsil almaq imkanı yaradılıb. Akademik göstəricilərə görə, verilən kredit məbləğlərində güzəştlər də olub”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.