RU

Sağlamlığınız təhlükədədir: Bu məhsullar ölümə aparır

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son dövrlərdə qida məhsullarının rənginin dəyişdirilməsi ilə bağlı müxtəlif iddialar gündəmə gəlib. 

Sosial şəbəkələrdə yayılan videolarda bəzi meyvə və tərəvəzlərin üzərinə süni rəng maddələrinin vurulduğu, salfetka ilə silindikdə rəngin çıxdığı iddia olunur.

Xüsusilə portağal kimi sitrus meyvələrinin daha parlaq və cəlbedici görünməsi üçün boyanması ilə bağlı görüntülər ictimaiyyətdə narahatlıq yaradıb. 

Oxşar vəziyyət vətəndaşların gündəlik alış-veriş zamanı da müşahidə olunur. Belə ki, bəzi vətəndaşlar aldıqları çuğunduru doğrayarkən əllərinə keçən qırmızı rəngin əvvəlki illərlə müqayisədə daha tez yuyulub getdiyini bildirirlər.

Halbuki əvvəllər çuğundur ləkəsinin əldən çıxmasının çətin olduğu yadda qalıb ki, bu da məhsulun təbii rəngi ilə bağlı suallar doğurur.

Mövzu ilə bağlı rəsmi qurumların açıqlamaları isə narahatlıqları daha da artırır. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçirdiyi son tədbirlərdən birində kələm turşusuna qırmızı rəng maddəsi vurulduğu faktının aşkarlanması bu cür halların mövcud olduğunu göstərir.

Süni rənglərin insan sağlamlığına hansı mənfi təsirləri var? 

Alıcılar satış yerində, məhsulun süni şəkildə rənglənmiş olub-olmadığını hansı əlamətlərə əsasən müəyyən edə bilərlər?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib ki, meyvə və tərəvəzlərin rəngi həm dad, həm də keyfiyyət barədə bir çox məlumat verir:

“Bəzən məhsullar təbii olmayan üsullarla daha parlaq və cazibədar göstərilə bilər. Vətəndaşlar məhsulların təbii olduğunu yoxlamaq üçün bir neçə üsuldan istifadə edə bilər. Salfetka və ya yaş parça testi bu baxımdan ən sadə üsullardandır. 

Meyvəni (xüsusilə portağal, mandarin, alma) ağ salfetka ilə siləndə sarı, narıncı və ya qırmızı rəng salfetkaya keçirsə, bu süni rəng ehtimalını artırır. 

Təbii meyvələrdə bu hal olmur. Qeyri-təbii, həddindən artıq parlaq rəng də diqqətçəkən əlamətlərdəndir. Rəng çox bərabər və parlaqdırsa, ləkə, kölgə fərqləri yoxdursa, boyalı ola bilər.

Həmçinin meyvənin ələ tez rəng verməsi də şübhə yarada bilər. Çuğundur, nar, giləmeyvə kimi məhsullar yüngül toxunuşla belə əli güclü boyayırsa, amma yuyulduqda rəng tez itirsə bu, təbii piqmentdən çox əlavə rəngləmə ehtimalını düşündürür. 

Çuğundurda rəngin zəifliyi də ayrıca qeyd olunmalıdır. Təbii çuğundur bişdikdə və ya doğrandıqda güclü tünd qırmızı rəng verir. Son illər bəzi çuğundurların rənginin açıqlığı torpağın münbit olmaması, sürətli böyümə, erkən yığım, bəzi hallarda isə emal və seleksiya faktorları ilə bağlı ola bilər. Bu, mütləq saxtakarlıq demək deyil, amma keyfiyyət göstəricisidir”.

Onun sözlərinə görə, turşu və emal olunmuş məhsullarda da oxşar hallar müşahidə olunur:

“Kələm turşusu kimi məhsullarda təbii olmayan çəhrayı və ya qırmızı rəng qida boyası əlavə olunduğu üçün ola bilər. Süni rənglərin sağlamlığa mümkün mənfi təsirləri də az deyil. Allergik reaksiyalar, uşaqlarda hiperaktivlik və diqqət pozğunluğu, həzm sisteminə təsir  mədə ağrısı, ürəkbulanma, bağırsaq florasının pozulması mümkündür.

Qaraciyər və böyrəklərə yük yarada bilər, uzun müddətli istifadədə hormonal balansı poza bilər. Hamilələr və uşaqlar üçün risk xüsusilə yüksəkdir”.

Ekspert tövsiyə edib ki, mövsümündə məhsul almağa üstünlük verin:

“Vətəndaşlar həddindən artıq parlaq və “ideal görünən” meyvələrdən çəkinməlidir. Açıq satılan, mənşəyi bilinməyən məhsullara diqqətli yanaşmaq lazımdır. Meyvə və tərəvizlər evdə mütləq yaxşı yuyulmalı, lazım gəldikdə qabığı soyulmalıdır.

Şübhəli halları AQTA-nın “1003” qaynar xəttinə bildirmək lazımdır. Təbii məhsul həmişə bir az “qüsurlu” görünür, amma daha təhlükəsizdir. Parlaqlıq və rəng göz oxşayır, sağlamlıq isə daha önəmlidir”.

Gülər Həsənli

“Cenheinfo.az”

Açar sözlər:

məhsullar Fərid Səfərov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
44
16
cebheinfo.az

10Источники