İranda uzun illərdir davam edən sanksiyalar, daxili narazılıqlar və regional gərginliklər fonunda ölkənin gələcək siyasi kursu ilə bağlı suallar aktuallaşıb. Maraqlıdır, uzunmüddətli sarsıntı İranı zəiflədir, yoxsa daha qapalı və sərt dövlətə çevirir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, bu cür proseslərin uzun müddət davam etməsi istənilən ölkəyə mənfi təsir göstərir:
Onun sözlərinə görə, həm beynəlxalq mövqelər baxımından, həm də daxili vəziyyət nöqteyi-nəzərindən İran müəyyən zəifləmə ilə üzləşir. Şərhçi xatırladıb ki, İran artıq təxminən 12 ildir Avropa və Qərb ölkələrinin sərt sanksiyaları altındadır:
“Etiraf etmək lazımdır ki, bütün bu təzyiqlərə baxmayaraq, İran iqtisadiyyatı müəyyən qədər dayanıqlılıq nümayiş etdirir. Daxili bazarı kifayət qədər güclüdür, eyni zamanda hərbi sənayesi də inkişaf edib. Ancaq bu proseslər istənilən halda ölkəyə zərbəsiz ötüşməyəcək”.
Cavanşir Abbaslının fikrincə, mövcud gərginliklər İranı daha çox qapalı bir dövlət modelinə doğru aparır:
“Gələcəkdə İranın “ikinci tip Şimali Koreya”kimi daha izolyasiya olunmuş bir dövlətə çevrildiyini görə bilərik. İran onsuz da sərt idarəçilik sistemi ilə tanınır. Ölüm hökmlərinin geniş tətbiqi, kütləvi edamlar ölkənin necə sərt rejimlə idarə olunduğunu göstərir”.
Siyasi şərhçi vurğulayıb ki, sərtləşmə tendensiyası xalq narazılıqlarının yenidən baş qaldırmasına da səbəb ola bilər:
“Belə vəziyyətdə hakimiyyət mümkün üsyanların qarşısını almaq üçün qərarlarını daha da sərtləşdirəcək. Bu isə ölkə daxilində gərginliyi daha da artıracaq”.
Qeyd edək ki, son illər İran həm iqtisadi çətinliklər, həm də daxili sosial narazılıqlarla üz-üzə qalıb.
Müşviq Tofiqoğlu
KONKRET.az