RU

Tramp Tehranı ultimatumla geri çəkilməyə məcbur etmək istəyir -ŞƏRH

"ABŞ faktiki olaraq İrana qarşı ciddi bir mühasirə siyasəti həyata keçirir. İran de-fakto həm diplomatik, həm siyasi, həm də hərbi baxımdan mühasirə vəziyyətindədir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev bildirdi.

Onun sözlərinə görə, maraqlı məqam ondan ibarətdir ki, artıq Avropa ölkələri də İranı qurban verməyə hazır görünürlər:

"Britaniya, Almaniya və Fransanın açıq şəkildə İran əleyhinə mövqe tutduğunu müşahidə edirik. Hətta İran ordusu bəzi Avropa ölkələri tərəfindən terror təşkilatları siyahısına daxil edilib. Belə bir şəraitdə ABŞ-nin İrana zərbə endirmə ehtimalı artır. Eyni zamanda Vaşinqton bölgədə öz hərbi qüvvələrini cəmləşdirib və Tehrana açıq ultimatum verib. Bununla belə, Donald Trampın genişmiqyaslı müharibədə maraqlı olmadığı görünür. Tramp daha çox Tehranı təzyiq və hədə-qorxu yolu ilə razı salmağa çalışır".

Müsahibimizin fikrincə, Trampın məqsədi İranın ultimatumu qəbul etməsidir.

"Hətta bəzi mənbələrə görə, Tramp administrasiyası gizli kanallar vasitəsilə Tehrana mesaj göndərərək ABŞ-nin mümkün zərbələrinə İranın raketlərlə sərt cavab verməməsini istəyib. Qeyd etmək lazımdır ki, ABŞ və İran arasında keçmişdə də oxşar ssenarilər yaşanıb. Lakin hazırkı mərhələdə İranın bu şərtlərlə razılaşıb-razılaşmayacağı hələlik bəlli deyil. Mövcud mənbələr isə Tehranın bu təkliflərə müsbət yanaşmadığını bildirir. Digər tərəfdən, qlobal maliyyə oliqarxiyası, xüsusilə də bəzi Avropa dövlətləri ABŞ-ni Yaxın Şərqdə yeni bir müharibə bataqlığına sürükləməyə çalışırlar. ABŞ rəhbərliyi isə bu riski açıq şəkildə görür və məhz buna görə də maksimum dərəcədə yeni bir hərbi qarşıdurmadan kənarda qalmağa cəhd edir", - deyə Turab Rzayev qeyd etdi.

Xədicə BAXIŞLI

Избранный
9
50
redaktor.az

10Источники