“ABŞ rəsmisi Cey Di Vensin regiona planlaşdırılan səfəri Vaşinqtonun cənubi Qafqazda sülh prosesini nəzərində saxladığını nümayiş etdirən mühüm siyasi addım kimi dəyəndirilə bilər”.
Bu sözləri News365.az-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.
ABŞ vitse-prezidenti Cey Di Vensin Cənubi Qafqaza səfərini şərh edən siyasi təhlilçi əlavə olaraq qeyd edib:
“Vaşinqtonda imzalanan sülh müqaviləsindən sonra ABŞ-nin bu prosessi diqqətdən kənarda qoymaması və yüksək səviyyəli siyasi təmaslarla müşayiət etməsi göstərir ki, sülh gündəliyi Birləşmiş Ştatlar üçün davamlı izlənilən strateji xəttdir. Cey Di Vensin səfəri regiondakı bəzi təsir mərkəzlərinə hətta bəzi ölkələrə ünvanlanan mesaj xarakteri daşıyır. ABŞ göstərir ki, bu bölgədə sülh və sabitliyin qorunmasında birbaşa maraqlıdır. Həmçinin bu səfər Birləşmiş Ştatların sülh prosesində rəsmi Bakının rolunu və məsuliyyətli mövqeyini dəyərləndirdiyini göstərir. Rəsmi Vaşinqton Azərbaycanın regionda sabitliyin əsas dayaqlarından biri olduğunu bilir və post-münaqişə dövründə formalaşan yeni reallıqların qorunmasında maraqlıdır. Bu səfər həm də onu göstərir ki, Azərbaycanın regional təşəbbüsləri və balanslı siyasəti beynəlxalq səviyyədə nəzərə alınır. Bu səfərlə Ermənistana verilən mesaj isə odur ki, Birləşmiş Ştatlar rəsmi İrəvanı sülh gündəliyinə daha da təşviq etmək istəyir. Bu səfərlə Ermənistana aydın mesaj verilir ki, beynəlxalq siyasi və iqtisadi dəstək məhz sülhə sadiqlikdən konstruktiv mövqeydən aslı olacaq. Qısası Cey Di Vensin regiona səfəri sülh prosesinin diqqətdə saxlanıldığını, ABŞ-nin bu prosesi aktiv şəkildə müşayiət etdiyini və regionda geosiyasi balansın formalaşmasında rolunu qorumaq niyyətinə olduğunu göstərir. Bu sülh gündəliyinin geri dönməzliyini vurğulamaqla yanaşı, aydın siyasi çərçivə formalaşdırır”.