RU

"Gedin oynayın, biz də sizə təşəkkürümüzü bildirməyə gəlirik"

"“Qarabağ” möcüzə edib, bunu əminliklə deyirəm ki, bu möcüzədir. Azərbaycanın futbol ictimaiyyəti, azarkeşləri hələ də hansı nəhəng bir işin görüldüyünün fərqində deyillər. Təsəvvür edin ki, son on ildə MDB məkanından bu mərhələyə yüksələn komanda olmayıb. Bu mərhələyə yüksəlmək çox çətindir. İndi “Qalatasaray” bu mərhələyə yüksəlib, yaxın on ildə hansısa komandanın Türkiyədən bu mərhələyə gəldiyini xatırlamıram".

Bunu Redaktor.az-a idman jurnalisti Natiq Muxtarlı "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsindən və ilk oyunun Bakıda İngiltərənin "Nyukasl" klubu ilə keçiriləcəyindən danışarkən qeyd etdi.

Onun sözlərinə görə, “Qarabağ” çox böyük iş görüb.

"İlk oyunun Bakıda keçirilməsi azarkeşlər arasında böyük maraq kəsb edəcək. Səfərdə ilk oyun olsaydı, Allah eləməsin biz böyük hesabla məğlub olsaydıq və Bakıda ikinci oyun keçirilsəydi, buna maraq az olardı. Amma ilk oyun Bakıda keçiriləcək. Bunu həm də Azərbaycan futbolunun reklamına, onun populyarlaşmasına çevirmək olar. Çempionlar Liqasında bir xal toplamış Qazaxıstanın “Kayrat” komandasını qazaxıstanlı azarkeşlər ayaqüstə alqışlayaraq yola saldılar. Bu, azarkeş mədəniyyətidir. Bu, onların “Kayrat”a verdikləri dəyər və hörmət idi. Çünki Qazaxıstan klubunun Çempionlar Liqasında oynaması, elə Azərbaycan komandasının Çempionlar Liqasında oynaması kimi bir möcüzə idi. Onlar bu möcüzəyə görə “Kayrat”a belə təşəkkür etdilər.

Oyuna “Qarabağ”a öz təşəkkürümüzü bildirmək üçün getməliyik. Amma bundan sonra “Qarabağ”dan nəticə gözləməyə dəyməz, özümüzü buna kökləməyək, özümüzü stres altına salmayaq, klubu stres altına salmayaq, futbolçuları stres altına salmayaq. Sadəcə deyək ki, gedin oynayın, biz də sizə öz təşəkkürümüzü bildirməyə gəlirik", - deyə idman eksperti yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Избранный
74
24
redaktor.az

10Источники