Şəki, 30 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
“ABAD” tərəfindən dəstəklənən şəkili sənətkar Asim Abbasovun incəsənətə olan marağı uşaq yaşlarından başlayıb. Məhz bu sevgi onun gələcək peşə seçimində həlledici rol oynayıb. Məktəb illərində Şəki şəhərindəki 1 nömrəli Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsində təhsil alan Asim, burada rəssamlığın ilkin sirlərinə yiyələnib. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etdirən sənətkarın ixtisası fərqli olsa da, rəssamlıqdan heç vaxt uzaqlaşmayıb. O, daim öz üzərində çalışaraq sənətin dərinliklərini öyrənməyə can atıb, çəkdiyi əsərləri universitetin peşəkar müəllimlərinə təqdim edərək onlardan dəyərli məsləhətlər alıb.
Artıq yeddi ilə yaxındır ki, Asim Abbasov Şəki şəhərində fəaliyyət göstərən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində rəssam-keramist kimi fəaliyyətini davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri Mərkəzə gedərək, sənətkarın yaradıcılıq mühiti və əl işləri ilə yaxından tanış olub.
“ABAD”la əməkdaşlığın bir sənətkar kimi yetişməsində və tanınmasında müstəsna rol oynadığını vurğulayan Asim Abbasov öz yaradıcılıq yolu barədə bunları deyib: “Ali məktəbi bitirdikdən sonra bir müddət müxtəlif sahələrdə çalışsam da, rəssamlığı heç vaxt unutmadım; daim öz üzərimdə işləyir, yaradıcılığımı davam etdirirdim. Müəyyən dövr müəllimlik fəaliyyəti ilə də məşğul oldum, müxtəlif kurslarda uşaqlara rəssamlıq təlimləri keçdim.
“ABAD”la əməkdaşlığım isə 2018-ci ildən başlayıb. Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi fəaliyyətə başlayanda keramika sənətinin sirlərini öyrənmək üçün müraciət etdim. Tanınmış rəssam və keramika ustası Mir Teymur Məmmədovun təşkil etdiyi kurslara qatılaraq, bu sənətin incəliklərinə yiyələndim. Bir müddət burada könüllü kimi fəaliyyət göstərdikdən sonra, 2019-cu ilin aprelindən rəssam-keramist kimi çalışmağa başladım”.
Həmsöhbətimiz bildirib ki, “ABAD”la əməkdaşlığının ilk dövrlərində əsasən suvenirlərin rənglənməsi, üzərlərində təsvirlərin çəkilməsi və naxışların vurulması ilə məşğul olub. Lakin Mərkəzdə keramika dünyası ilə yaxından tanışlıqdan sonra o, bütün yaradıcılığını bu istiqamətə yönəldib: “Keramika məhsullarını sıfırdan özümüz hazırlayırıq. Proses əvvəlcə eskizin işlənilməsi ilə başlayır, daha sonra gildən əşyanın forması hazırlanır, sonda isə rənglənmə və naxışlanma mərhələləri həyata keçirilir. Yaradıcılığımda tək bir istiqamətlə kifayətlənmirəm - məişət əşyaları, müxtəlif keramik qablar, rəngarəng suvenirlər, müxtəlif ölçülü vazalar, fincan və çayniklər hazırlayıram. Rəssamlıq təhsilimin olması bu işdə mənə çox kömək edir. Çalışıram ki, əl işlərimin üzərində məşhur tarixi abidələrimizi, o cümlədən Şəki Xan Sarayının tavan və divar rəsmlərindən fraqmentləri, şəbəkə elementlərini, “Yuxarı Karvansaray” mehmanxana kompleksinin memarlıq üslubuna aid detalları, həmçinin milli naxışlarımızı və nağıl qəhrəmanlarımızı əks etdirim”.
Sənətkar vurğulayır ki, “ABAD”la əməkdaşlıq onun üçün yeni bir yaradıcılıq mərhələsinin təməlini qoyub. Asim Abbasovun sözlərinə görə, bu tərəfdaşlıq ona keramika sənətini daha yaxşı öyrənməyə və peşəkar fəaliyyətində tətbiq etməyə geniş imkanlar açıb. O, “ABAD” tərəfindən təşkil olunan müxtəlif sərgilərdə və tədbirlərdə öz əl işlərini geniş auditoriyaya təqdim edir.
Sənətkarın hazırladığı məhsullar Bakı, Şəki və digər şəhərlərdə fəaliyyət göstərən “ABAD” etno-butiklərində satışa çıxarılır ki, bu da ona həm yaradıcılıq sevinci, həm də maddi qazanc gətirir. Keramika ilə yanaşı, Asim Abbasov öz emalatxanasında rəssamlıq fəaliyyətini də dayandırmır, kətan üzərində bir-birindən maraqlı rəsmlər yaratmağa davam edir.