Bu səhər Bakıda Yunus Əmrə İnstitutu tərəfindən “Ənənəvi Anadolu Səhər Yeməyi Görüşü” təşkil olunub.
Hafta.az yazır ki, tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Bakıdakı nümayəndəsi Ufuk Turqanər, media nümayəndələri və tələbələr iştirak ediblər.
Səfir Birol Akgün çıxışında bildirib ki, Türkiyə və Azərbaycan faktiki olaraq vahid dövlət kimi hərəkət edir. Bu birliyin Türk dünyasında münasibətlərin inkişafında mühüm rol oynadığını deyən Akgün, bu şüarla yolun davam etdiriləcəyini bildirib.

Səfir, “Bir millət, iki dövlət” anlayışının daşıyıcıları olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin Türk dünyasının gələcəyi baxımından böyük rol oynadıqlarını xüsusi qeyd edib.
O, ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin mədəni ölçüsünə diqqət çəkərək deyib ki, bir-birimizi daha yaxından tanımalı, daha yaxşı anlamalıyıq.
Daha sonra çıxış edən ŞKTC-nin Bakı nümayəndəsi Ufuk Turqanər Türkiyə və Azərbaycanın ŞKTC-yə verdiyi dəstəyin onlar üçün son dərəcə dəyərli olduğunu ifadə edib.
Bakı Yunus Əmrə İnstitutunun koordinatoru Gökhan Seyhan da Türkiyə ilə Azərbaycan arasında mədəni qarşılıqlı əlaqələrin artırılması istiqamətində fəaliyyətlərini bundan sonra da davam etdirəcəklərini söyləyib.