“Barselona” 2029-cu ildə keçiriləcək klublararası dünya çempionatında (KDÇ) iştirakla bağlı planlar qurur.
Publika.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Hazırkı vəziyyətə əsasən, kataloniyalılar turnirə vəsiqə qazanmaq baxımından yaxşı mövqedədirlər. Klublararası dünya çempionatına seçmə mərhələsində 2024/25-dən 2027/28 mövsümünədək Çempionlar Liqasındakı nəticələr nəzərə alınacaq.
“Barselona” 2021/22 və 2022/23 mövsümlərində avrokuboklarda erkən vidalaşdığı üçün çətinliklərlə üzləşmişdi və bu vəziyyətdən “Atletiko” faydalanmışdı. Lakin bu dəfə vəziyyət fərqlidir.
Hazırda “Barselona” İspaniya klubları arasında güclü mövqedədir. Komanda ümumi reytinqdə 63 xalla üçüncü pillədə qərarlaşıb. Yalnız “Arsenal” (71 xal) və “İnter” (66 xal) kataloniyalılardan öndədir. “Barselona” həmçinin “Real”ı (45 xal) və “Atletiko”nu (43 xal) əhəmiyyətli dərəcədə qabaqlayır.