RU

9 ayda mayordan generaladək yüksəliş -himayənin gücü, ya peşəkarlıq?...



Şəmsəddin Əliyev: “Burada himayədarlıq var və bu korrupsiyanın canlı təzahürüdür”

Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədov general-mayor rütbəsi alıb. "Unikal"ın yaydığı məlumata görə, F.Məmmədov 12 mart 2025-ci ildə DGK sədrinin müavini təyin edilib. O, vəzifəyə təyin ediləndə gömrük xidməti mayoru olub. Ötən ilin may ayında isə Fuad Məmmədova gömrük xidməti polkovniki rütbəsi verilib. Yəni F.Məmmədov 9 ayda mayor rütbəsindən general rütbəsinə qalxıb. F.Məmmədovun cəmi 9 ay ərzində mayor rütbəsindən general-mayor rütbəsinə qalxması faktı diqqətimizi çəkdi.

Qeyd edək ki, o, ölkənin ən gənc generalıdır.

O, 9 ayın içərisində podpolkovnik, polkovnik, sonra isə general olub. Bu necə ola bilər? Belə qısa müddətdə rütbəcə bu cür sıçrayışlı inkişaf nəyin sayəsində ola bilir?

Bu qeyri adi peşə keyfiyyətlərinin, yoxsa himayədarlığın güclü olmasının nəticəsidir? Bunun səbəbi nədir?

Hüquqşünas Şəmsəddin Əliyev baki-xeber.com-a bildirdi ki, bu fakt onun da diqqətini çəkib. “Hüquq-mühafizə orqanlarının rütbə daşıyan keçmiş işçisi, Birinci Qarabağ Müharibəsi veteranı, komandari kimi ikrah hissi keçirdim. Burada korrupsiya, himayədarlıq əlamətləri var. Azərbaycan Prezidenti artıq bu barədə Sərəncam imzalayıb, bu yüksək rütbəni ona verib. Bunu müzakirə etməyə ehtiyac yoxdur. Amma son dövrlər doğrudan da ölkəmizdə yüksək ali rütbəli şəxslərin sayı çox artıb, çox. Əvvəla, burada təqdimat bir qədər düzgün deyil. Bu vəzifəli şəxsin ölkə başçısına təqdim edilməsi müəyyən mənada suallar doğurur. Hesab edirəm ki, burada məsuliyyəti onun adını təqdim edənlər daşıyır”.

Ş.Əliyev vurğuladı ki, Sovet dönəmində bir şəxs növbəsi çatanda kapitandan mayora, mayordan podpolkovnikə, podpolkovnikdənpolkovnikə və sairə keçmək üçün xeyli müddət tələb olunurdu, elə rütbələr varonların arasında 3 illik bir zaman olur, elə rütbələr də var müddət daha çoxdur. Ş.Əliyevin sözlərinə görə bu dövr ərzində onların xidmətindəki fəaliyyətlə bağlı müfəssəl arayış tələb olunurdu ki, bu, nə iş görüb. “Bir şəxs əgər xidmətində bir yenilik etməsəydi, öz işi ilə bağlı töhməti olsaydı, tənbeh olunsaydı hətta növbəsi gələndə onun rütbəsini artırmırdılar. Yəni gedib nöqsanlarını aradan qaldırsın, ondan sonra ona rütbə verilirdi.

İndi kimi istəyiriksə 9 ay müddətdə leytenantdan polkovnikə, yaxud mayordan generala qədər qaldıra bilərik. Burada himayədarlıq var və bu korrupsiyanın canlı təzahürüdür...

Ölkə Prezidentinin nə qədər belə yüksək rütbə verdiyi şəxslər var. O şəxslərin müəyyən qismi cinayət məsuliyyətinə cəlb olunub, rütbələri məhkəmə tərəfindən əlindən alınıb. Belə şəxslərin təki ölkə başçısının imzasına sədaqəti, hörməti və ehtiramı olsun. Amma mən inanmıram. Ərköyün uşaqlar özlərini evdə necə aparırlarsa cəmiyyətdə də o cür aparırlar. Bu baxımdan düşünürəm ki, əgər xidmət keçmə haqqında əsasnamə normativ hüquqi akt kimi imzalanıbsa, qüvvədədirsə o əsasnamədə xidmət ərzində yalnız bircə dəfə növbədən kənar və yaxud da daşıdığı rütbə tutduğu vəzifəyə uğun deyilsə rütbəsindən yüksək rütbə verilə bilər. Bu yalnız bir dəfə ola bilər. Amma bu adamın 9 ayda rütbəsi üç dəfə qalxıb. Bu xidmət keçmə haqqında əsasnaməyə tamamilə ziddir. Burada başqa cəhətlər də var...”-deyə Ş.Əliyev qeyd etdi.

İradə SARIYEVA

Избранный
56
9
baki-xeber.com

10Источники