ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
Jurnalist Zaur Qəriboğlu bəzi küçə adlarının yenilənməsi məsələsini gündəmə gətirib. O bildirib ki, Azərbaycanda Ayna Sultanova, Dadaş Bünyadzadə, Bünyad Sərdarov, Anaşkin və başqa şəxslərin adına küçələrin olması qəbuledilməzdir. Jurnalist bunu onların milli hökumətin düşmənləri olması ilə əlaqələndirib. Bu fikirlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Sözügedən küçə adları Azərbaycan xalqı qarşısında xidmətləri olan şəxslərin adları ilə əvəz edilməlidirmi?
İbad Hüseynov
Globalinfo.az-a danışan Milli Qəhrəman İbad Hüseynovun fikrincə, həmin küçələrin adlarının dəyişdirilməsi məqsədəuyğun olar:
“Azərbaycan dövləti və xalqı qarşısında böyük xidmətləri olan şəxslərin adını əbədiləşdirən küçə və prospektlər olmalıdır.
Həmin küçələrin adını Vətən uğrunda canlarını qurban vermiş qəhrəmanlarımızın adları ilə əvəzlənməsi yaxşı olardı. Hazırkı dövrdə bu şərəfə ən layiqli namizədlər onlardır. Amma konkret ad söyləməkdə çətinlik çəkirəm”.
Tarixçi alim Zaur Əliyev deyib ki, şəhərlərin küçələri sadəcə ünvan göstəriciləri deyil, həm də bir millətin keçmişinə baxışını, dəyərlərini və kimə ehtiram bəslədiyini göstərən “açıq səma altındakı tarix kitabları”dır:
“Lakin müstəqilliyinin dördüncü onilliyini yaşayan Azərbaycanda bu “kitabın” bəzi səhifələri hələ də ziddiyyətli və ağrılıdır. Bakının mərkəzi küçələrində Azərbaycan Xalq Cümhuriyyətini (AXC) devirən, milli hökumətə qənim kəsilən Ayna Sultanova, Dadaş Bünyadzadə, Bünyad Sərdarov və Mixail Anaşkin kimi şəxslərin adlarının hələ də qalması sadəcə bir toponimik məsələ deyil, ciddi ideoloji boşluqdur. Bu məsələ Azərbaycanın müasir dövlətçilik ideologiyası və tarixi yaddaşın bərpası baxımından olduqca aktualdır. Adlarını çəkdiyiniz şəxslər əsasən AXC-nin süqutunda, 11-ci Qırmızı Ordunun ölkəmizi işğal etməsində və sovet rejiminin bərqərar olmasında rol oynamış fiqurlardır”.
Alimin sözlərinə görə, hazırda Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar olaraq, bu cür “köhnəlmiş” və milli maraqlara zidd adların dəyişdirilməsi prosesi sürətlənib:
“Ayna Sultanova işğalçı rus ordusunun Azərbaycanın müstəqilliyini əlindən almasını fəal dəstəkləyən bolşeviklərdən olub. Onu çox vaxt “ilk qadın nazir” kimi təqdim etsələr də, bu fəaliyyəti milli dövlətçiliyə qarşı idi. Təklif edirəm, həmin küçəyə Xədicə Əlibəyovanın adı verilsin. Azərbaycanda ilk qadın jurnalı olan “İşıq”ın redaktoru olub və Azərbaycan qadınının siyasi yox, mənəvi və intellektual azadlığı üçün mübarizə aparıb.
Zaur Əiyev
Dadaş Bünyadzadə və Bünyad Sərdarov da Azərbaycanda sovet hakimiyyətinin qurulmasında fəallıq göstəriblər. Bakıda onların adlarını daşıyan küçələrin olması müstəqillik bir dövlətdə ideoloji ziddiyyət yaradır. Həmin küçələrdən birinə Əhməd bəy Ağaoğlunun adı verilə bilər. O, təkcə Azərbaycanın deyil, bütün Şərqin ən böyük ideoloqlarından biridir. “Difai” təşkilatının yaradıcısı kimi erməni terroruna qarşı mübarizə aparıb. Onun adının geniş prospektlərdə olmaması böyük boşluqdur.
Mixail Anaşkin İkinci Dünya Müharibəsi qəhrəmanı kimi təqdim edilsə də, onun adının paytaxtda saxlanılması daha çox sovet hərbi təfəkkürünün qalığıdır. Təklif edirəm, general Polad Həşimov, Milli Qəhrəmanlar Asif Məhərrəmov, Allahverdi Bağırov, Əlyar Əliyev, Canpolad Rzayev və digərlərinin adları bu küçələrə verilsin”.
Zaira Akifqızı
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.