RU

Adət-ənənələrdə varislik milli kimliyi yad təsirlərdən qoruyur

“Oğullar”ın “atalar”dan uzaqlaşması bizi hara aparır?

Gənc nəslin ailə dəyərlərini, adət-ənənələri necə qəbul etməsi və qoruması həmişə aktual olub. Lakin nəsillər arasındakı fərq heç vaxt bugünkü qədər kəskin hiss edilməyib. Texnologiyanın sürətlə inkişaf etdiyi, qloballaşmanın sərhəd tanımadığı bir dövrdə gənc nəsil artıq fərqli həyat tərzinə meyillənib. Nəticədə isə, klassik ailə modeli ilə müasir yaşam arasında fərq yaranır. Milli-mənəvi dəyərlərə sadiq ailələrdə yetkinləşmiş yaşlı insanlarla onların rəqəmsal dövrdə böyüyən övladlarının dünyagörüşləri arasında uyğunsuzluq nədən qaynaqlanır və bizi hara aparır?

Gənclərin ailə və milli kimliklə bağlı münasibəti çox zaman onların Qərb həyat tərzinə meyilliliyi ilə əlaqələndirilir. Problemin kökündə, sadəcə, texnoloji asılılıq deyil, həm də dünyaya baxış tərzi, prioritetlər və ünsiyyət formaları dayanır. Valideynlər üçün “uğur” anlayışı daha çox sabit iş, diplom və cəmiyyətdə qəbul olunmuş status deməkdirsə, müasir gənclər üçün nailiyyət özünüifadə, azadlıq və yaradıcılıqla ölçülür. Onlar iyerarxik qaydalardan çox, şəxsi rahatlıqlarını üstün tuturlar. Bu fərqlilik çox vaxt ailə daxilində anlaşılmazlığa yol açaraq valideyn-övlad münasibətlərini uçuruma aparır. Valideyn övladının saatlarla kompüter arxasında oturmasını vaxt itkisi kimi qiymətləndirərkən, gənc bəlkə də orada gələcək karyerasını qurur və ya dünyanı dərk edir.

Nəsillər arasındakı fərq özünü gənclərin dilində, danışıq tərzində də büruzə verir. Onların leksikonlarında qısaldılmış sözlər, xarici terminlər və yeni məna ilə yüklənmiş ifadələr yaşlı nəslə “sirli kod sistemi” kimi görünür. Lakin fərq yalnız lüğət tərkibində deyil, həm də düşüncə tərzindədir. Müasir gənclər hər şeyi sürətlə qavrayır, saatlarla davam edən nəsihətlərə qulaq asmaqdan sıxılır, onlara deyilən hər şeyi kor-koranə qəbul etmir, səbəbini araşdırırlar.

Valideynlər isə illərin təcrübəsinə güvənərək dediklərinin müzakirə olunmadan həqiqət kimi qəbul edilməsini istəyirlər. Bu məqamda fikir ayrılığı yaranır: bir tərəf “mən bilirəm, çünki yaşamışam” deyərək keçmiş təcrübələrinə söykənir, digər tərəf isə “sənin yaşadığın dünya artıq keçmişdə qalıb” arqumentini nümunə gətirərək özünü haqlı sayır. Əslində hər iki tərəf özü-özlüyündə haqlıdır.

Lakin valideynlərin qoruyucu instinkti ilə gənclərin “yeni dünya kəşf etmək” istəyi toqquşduqda ailədaxili ünsiyyət zəifləyir. Nəsillərarası mənəvi körpülər dağıldıqda mənsub olduğumuz dəyərlər sistemini gələcəyə daşımaq da çətinləşir. Beləcə, zaman keçir, nəsillər bir-birini əvəz edir. Bəs zamanın bu amansız axınında bizi biz edən mənəvi dəyərlərimizi qoruyub saxlaya bilirikmi?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyevin fikirlərini öyrəndik. Ekspert qeyd etdi ki, valideyn və övlad arasındakı münasibətlər tarixin bütün dövrlərində aktual olub:

– “Atalar və oğullar” məsələsi, valideyn-övlad münasibətində problem eramızdan əvvəldən tutmuş günümüzə qədər aktuallığını qoruyub. Həmişə atalar oğullardan narazı olublar. Fəlsəfədə “inkarı inkar” qanunu var; hər yeni nəsil özündən əvvəlki nəsli müəyyən mənada qəbul etmir və onlara tənqidi yanaşır. Lakin əsas məsələ budur: biz orta və yaşlı nəsil olaraq gənclərə mənəvi baxımdan nə aşılamışıqsa, onun da nəticəsini görürük. Odur ki, nəsə tələb etməzdən əvvəl onlara nə verdiyimiz barədə düşünməliyik. Gənclərimizi “sosial anomiya”dan – mənəvi boşluqdan qorumaq üçün onlara sağlam sosiallaşma mühiti yaratmalı və düzgün dəyərlər təqdim edən institutlar formalaşdırmalıyıq.

– Əslində, nəsillər arasında kəskin uçurum yoxdur. Bu gün İKT texnologiyaları və rəqəmsal cəmiyyət bütün nəsillərə bu və ya digər şəkildə təsir göstərir. İstər “Z”, istər “Alfa”, istərsə də yeni formalaşan “Beta” nəsli olsun, bunlar birbaşa texnologiyanın təsiri ilə sosiallaşan nəsillərdir. Lakin yaşlı və orta nəsil də bu prosesdən kənarda qalmayıb. Bu gün onlar da rəqəmsal imkanlardan istifadə edirlər. Məhz bu baxımdan nəsillər arasında texnoloji qütbləşmə yoxdur.

Müsahibimizə görə, problem texnologiyanın özü deyil, onun yaratdığı qlobal təsirlərdir:

– Hazırda mədəniyyətlər və dünyagörüşləri arasında qarşılıqlı inteqrasiya prosesi gedir. “Açıq cəmiyyət” nəzəriyyəsinin banisi Karl Popperin dediyi kimi, cəmiyyətlər bir-biri ilə müsbət və ya mənfi təcrübələri mübadilə edir. Lakin bu “əridici qazan”da bəzi mədəniyyətlər özünəməxsusluğunu itirir. Biz müasir dünyaya öz milli identikliyimizi saxlayaraq inteqrasiya etməliyik.

Sosioloq müasir texnologiyalar vasitəsilə gənclərə aşılanan yad təfəkkür formalarının nəsillər arasında süni uçurumlar yaratdığını söylədi:

– Hazırda bəzi Qərb mərkəzli güclərin ictimai nəqliyyatda böyüklərə yer verməmək kimi düşüncələri gənclərimizə “müasirlik” adı ilə sırımağa çalışdıqlarını müşahidə edirik. Bu, əslində, nəsillərarası konflikt yaratmaq və kollektiv şüurumuzu zəiflətmək üçün düşünülmüş addımdır. Halbuki, Azərbaycan cəmiyyətində ağsaqqal və ağbirçəyə hörmət hər zaman olub. İctimai nəqliyyatda və ya digər məkanlarda böyüyə yer vermək, sadəcə, bir nəzakət qaydası deyil, milli-mənəvi arxetipimizdir.

Atalarımız əbəs yerə deməyiblər: “İmansız yerdə otur, ağsaqqalsız yerdə oturma”. Bu aforizm bizim cəmiyyət üçün böyüyün fikrinin və varlığının nə qədər əhəmiyyət kəsb etdiyini göstərir. Buna görə də milli-mənəvi və əxlaqi dəyərlərimizi, adət-ənənələrimizi qorumalı, gələcək nəsillərə düzgün ötürməliyik ki, milli kimliyimiz zamanın sınaqlarından keçərək əbədiyaşarlıq qazansın.

Müsahibimiz qeyd etdi ki, sosial şəbəkələrin mənfi təsirlərindən qorunmağın yeganə yolu valideynlərin övladlarına daha çox vaxt ayırmalarıdır:

– Uşaqları və gəncləri sosial şəbəkələrdəki neqativ, toksik məlumatlardan və qəsdən yaradılan aqressiv müzakirələrdən uzaq tutmaq mütləqdir. Əgər valideyn övladına vaxt ayırmasa, həmin boşluğu sosial şəbəkələr dolduracaq. Valideyn övladı ilə zaman keçirməlidir ki, öz mənəvi-əxlaqi dəyərlərini ona aşılaya və ötürə bilsin.

Bəzi valideynlərin gənc nəslə qarşı mühafizəkar yanaşmasının fərdi xarakter daşıdığını vurğulayan sosioloq, cəmiyyətdə nəsillərarası həmrəyliyin açarının məhz təcrübə ilə yeniliyin sintezində olduğunu bildirdi:

– Gənc nəsli qəbul etməmək ümumi bir qayda deyil. Bu, daha çox fərdi yanaşmadan və ailə mühitindən asılıdır. Övladının innovativ düşüncəsi və kreativliyi ilə qürur duyan, ondan faydalanan valideynlər də az deyil. Onlar anlayırlar ki, yeni nəsil daha çevik və operativdir. Əksinə, köhnə stereotiplərlə yaşamaq nəsillər arasındakı körpüləri zədələyə bilər.

Yaşlı nəslin illərlə topladığı təcrübə və müdrikliyi ilə gənclərin çevikliyi, dinamikliyi və kreativ düşüncəsi birləşəndə ortaya mükəmməl nəticə çıxır. Bu sintez qarşılıqlı anlaşmanı və gələcəyimizi təmin edən əsas amildir. Unutmamalıyıq ki, gənclərin uğurları da, səhvləri də bizimdir. Mənəvi dəyərlərin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi üçün ailə, məktəb və media institutları öz funksiyalarını düzgün yerinə yetirməlidir. Bu prosesdə hər bir fərd öz rolunu dərk etməli, valideyn öz valideynlik missiyasını, övlad isə övladlıq məsuliyyətini bilməlidir.

Psixoloq Vəfa Fazilova da milli dəyərlərimizin gənclərimizə aşılanmasında ailə mühitinin böyük əhəmiyyət kəsb etdiyini vurğuladı:

– Azərbaycan cəmiyyətində ailə hər zaman müqəddəs hesab olunub. Böyüyə hörmət, kiçiyə qayğı, valideyn sözünə ehtiram, ailə birliyi, qohumluq əlaqələri milli kimliyimizin əsas sütunlarıdır. Keçmişdə bu dəyərlər ailə daxilində, gündəlik həyatın təbii hissəsi kimi övladlara ötürülürdü. Qloballaşma dövründə gənclərin fərdi azadlıq meyilləri nəsillərarası münasibətlərdə anlaşılmazlıqlara səbəb olur.

Müasir dövrdə vəziyyət müəyyən mənada fərqlidir. Qloballaşma, texnologiyanın sürətli inkişafı, sosial şəbəkələr və fərqli mədəni təsirlər gənc nəslin dünyagörüşünü dəyişir. Gənclər daha sərbəst düşünməyə, fərdi azadlıqlarına üstünlük verməyə meyillidirlər. Bu isə bəzən valideynlə övlad arasında fikir ayrılığına, nəsillərarası anlaşılmazlıqlara səbəb olur. Valideynlər ənənəvi dəyərlərin itirildiyini düşünür, gənclər isə köhnə yanaşmaların onların həyatında müəyyən məhdudiyyətlər yaratdığını hesab edirlər.

Vəfa Fazilova mənəvi dəyərlərin tamamilə itmədiyini, sadəcə, müasir dövrün tələblərinə uyğun təzahür formalarının transformasiyaya uğradığını vurğuladı:

– Gerçək olan odur ki, zaman keçdikcə mənəvi dəyərlər tamamilə yox olmur, sadəcə, tərzini dəyişir. Məsələn, hörmət anlayışı əvvəlki kimi sərt itaət formasında deyil, qarşılıqlı anlayış və dialoq şəklində özünü göstərir. Ailə bağları zəifləyirmiş kimi görünsə də, bir çox gənc hələ də valideynlərini həyatının əsas dayağı, dəstəkçisi hesab edir. Sadəcə, bu münasibətlər fərqli formada, daha müasir düşüncə tərzi ilə qurulur.

Psixoloq nəsillərarası harmoniyanın təmin olunmasında tərəflərin üzərinə düşən sosial məsuliyyətdən və müxtəlif ictimai institutların bu prosesdəki rolundan da danışdı:

– Burada məsuliyyət həm valideynlərin, həm də gənclərin üzərinə düşür. Valideynlər zamanın dəyişdiyini qəbul etməli, övladlarını dinləməyi və anlamağı bacarmalıdırlar. Gənclər isə milli köklərini, ailə dəyərlərini unutmayaraq azad düşüncə ilə bu məsuliyyəti balanslaşdırmalıdırlar. Məktəb, cəmiyyət və media bu prosesdə mühüm rol oynayır, onlar da dəstəyini əsirgəməməlidir.

Zaman axınında mənəvi dəyərlərimizi qorumaq mümkündür, lakin bu, avtomatik baş vermir. Dəyərlər yalnız qadağalarla deyil, sevgi, hörmət və qarşılıqlı anlaşma ilə nəsildən-nəslə ötürülür. Azərbaycan mühitində əsas məsələ ənənə ilə müasirliyi qarşı-qarşıya qoymaq deyil, onları bir-birini tamamlayan dəyərlər kimi qəbul etməkdir. Bu balans qorunduğu təqdirdə nəsillər dəyişsə də, mənəvi dəyərlərimiz yaşamağa davam edəcək.

Mütəxəssislərin dediklərindən göründüyü kimi, nəsillərarası fərqlilik qaçılmazdır, lakin texnologiyanın gətirdiyi rəqəmsal transformasiyalar milli-mənəvi dəyərlərimizi sarsıtmır, onların yeni formada təzahür etməsi üçün imkanlar yaradır. Mənəvi dəyərlərimizi müasir dövrün tələblərinə uyğun olaraq gənc nəslə ötürmək isə öz əlimizdədir. Milli kimliyinə sahib çıxmayan cəmiyyət müasirləşmə yolunda uğur qazana bilməz. Bu baxımdan, dəyərlərimizin zamanın sınağından zənginləşərək çıxmasını təmin etmək hər birimizin mənəvi borcudur.

Elenora HƏSƏNOVA
XQ

Избранный
65
36
xalqqazeti.az

10Источники