Bundan sonra canlı yayımlarda baş verən şəxsiyyət hüquqlarının pozulması hallarında media subyektləri də məsuliyyət daşıyacaq.
Bu barədə Bizim.Media-ya Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, Ali Məhkəmə Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında 24 dekabr 2025-ci il tarixli qərarının qəbul olunması ilə əvvəllər məhkəmə mübahisələrinin tənzimlənməsində geniş tətbiq olunan “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 1999-cu il 14 may tarixli plenum qərarı qüvvədən düşüb.
Bildirilib ki, əvvəlki plenum qərarından fərqli olaraq yeni qərarla şərəf, ləyaqət, işgüzar nüfuz bir-birindən və şəxsi toxunulmazlıq hüququndan ayrılmaqla yeni anlayışlarla əhatə olunub:
"Ləyaqət fiziki şəxsin doğulduğu andan insan olması səbəbi ilə sahib olduğu mənəvi dəyərdir. Şərəf fiziki şəxsin mənəvi keyfiyyətlərinə, ictimai və şəxsi davranışında əsas tutduğu mənəvi-əxlaqi prinsiplərinə görə cəmiyyətdə qazandığı dəyərdir. İşgüzar nüfuz isə fiziki və ya hüquqi şəxsin sahibkarlıq və ya digər sahədə peşəkar fəaliyyətinə görə cəmiyyətdə barəsində formalaşmış rəydir. İşgüzar nüfuzun subyekt dairəsi genişləndirilmiş, hüquqi şəxslər və fərdi sahibkarlardan başqa, publik şəxslər, vəkillər, notariuslar, auditorlar, qiymətləndiricilər, elm, tədris və sair peşəkar fəaliyyətlə məşğul olan digər şəxslər də bu kateqoriyaya aid edilib.
Şəxsin şərəfi və işgüzar nüfuzu məlumat, ifadə və ya hərəkətlərlə ləkələnə bilər. Şəxsin şərəf və ləyaqətini ləkələyən ifadələr və hərəkətlər şəxsin barəsində təhqiramiz sözlərin işlədilməsi və hərəkətlərin edilməsidir. Şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlar həm şifahi, həm də yazılı (mətn, şəkil, karikatura, audio, video və s.) ola bilər.
Şəxsin şərəfinin və işgüzar nüfuzunun ləkələnməsi 3 halın birlikdə mövcudluğu ilə şərtləndirilir: birincisi, məlumat, təhqiramiz ifadə və ya hərəkət şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməli; ikincisi, belə məlumat, ifadə və ya hərəkət yayılmış olmalı; üçüncüsü, ləkələmə məlumatın yayılması ilə bağlıdırsa, həmin məlumat yalan olmalıdır. İşgüzar nüfuzu ləkələyən məlumatlar həm də üçüncü şəxslərdə şəxsin işgüzar fəaliyyəti və bu fəaliyyətin keyfiyyəti barədə mənfi rəyin yaradılmasına yönəlmiş olmalıdır".
Qeyd olunub ki, şərəf və işgüzar nüfuzdan fərqli olaraq, ləyaqətin alçaldılması yayılma olmadan da mümkündür.
Yəni, yuxarıda göstərilən məlumat, ifadə və hərəkətlər heç kəsin iştirakı olmadan, təklikdə şəxsin özünə bildirdildikdə də ləyaqətin alçaldılması ilə nəticələnə və bu əsasla mülki iddia irəli sürülə bilər. Şəxsin barəsində qanuni qüvvəsini almış məhkəmənin ittihamedici hökmü olmadan şəxsin təqsirliliyini bildirən məlumatların yayılması və ya şəxsə bildirilməsi qadağandır və bu hərəkətlər təqsirsizlik prezumpsiyasını pozur. Bu hüququn müdafiəsi və pozulmasından irəli gələn mənəvi zərərin kompensasiyası üzrə tələb hüququ pozuntu anından yaranır və şəxsin barəsində sonradan ittihamedici hökmün çıxarılması və qanuni qüvvəyə minməsi bu hüququn qarşısını almır.
Məlumata görə, plenum qərarında ilə ilk dəfə olaraq publik şəxslər digər fiziki şəxslərdən fərqləndirilib. Publik şəxslərin fəaliyyəti ilə bağlı tənqidi və bəzən çox sərt, istehzalı və ilk baxışdan şərəf, ləyaqət və işgüzar nüfuza toxuna biləcək fikirlərə qarşı daha çox dözümlülük nümayiş etdirməli olması bəyan edilib, bununla yanaşı onların tərəf olduğu mübahisələr üzrə işlərə baxılarkən diqqətə alınmalı məqamlara aydınlıq gətirilib.
Əvvəlki plenum qərarından fərqli olaraq, yeni qərarda yayılma halına yeni anlayış verilmiş və ilk dəfə olaraq yayılma zamanı media subyektlərinin roluna, onların məsuliyyətinə də aydınlıq gətirilib.
Yayılma məlumatların və ya ifadələrin üçüncü şəxsə, yaxud qeyri-müəyyən şəxslər dairəsinə onların eşidə və qavraya biləcəkləri şəkildə bəyan edilməsi, habelə hərəkətlərin həmin şəxslərin görə və qavraya biləcəyi şəkildə edilməsidir.
Plenum qərarında yayılmanın audio-video yazı və yaxud canlı yayım vasitəsi ilə baş verməsindən asılı olaraq media subyektlərinin məsuliyyəti də fərqləndirilib: yayılma audio-videoyazı yolu ilə edilmişsə, birmənalı olaraq media subyekti məsuliyyət daşıyır.
“Media haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinə əsasən yayılma canlı efirdə baş verdikdə media subyektinin məsuliyyəti istisna edilir: "Bu normada canlı efir dedikdə əvvəlcədən planlaşdırılmayan və proqnozlaşdırılmayan, yalnız bir canlı yayımda efirə getmiş çıxış başa düşülməlidir.
Əgər çıxışlar mütəmadi canlı şəkildə efirə gedən proqramlar və silsilə şəklində davam edən müxtəlif buraxılışlarında yayımlanırsa, artıq bu norma tətbiq olunmayacaq və bu halda media orqanı məsuliyyət daşıyacaq.
Proqramın məzmunu şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə riski daşıdığı zaman media subyekti yalnız o halda məsuliyyət daşımayacaq ki, canlı efirə çıxacaq şəxsləri səsləndirəcəkləri ifadə və məlumatlara, habelə yol verəcəkləri hərəkətlərə görə müvafiq qaydada məsuliyyət daşımaları barədə əvvəlcədən anlaşılan formada xəbərdar etsin.
Şərəf və ləyaqəti, işgüzar nüfuzu alçalan şəxs pozuntunun təsbit edilməsi, pozuntunun qarşısının alınması (məlumatın yayılmasının qarşısının alınması, qadağan edilməsi), pozuntunun aradan qaldırılması (yayılmış məlumatların təkzib edilməsi, silinməsi, onlara düzəliş edilməsi və ya cavabın verilməsi, üzr istənilməsi, hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi və s.) və digər üsulların tətbiq edilməsi məqsədilə məhkəmədə iddia qaldıra bilər.
Fiziki şəxslərin məcburi üzr istəməsi şərəf və ləyaqətin müdafiəsi üsulu kimi uzun müddət mübahisə mövzusu olmuş, həm hüquq ictimaiyyəti, həm də məhkəmələr arasında bu məsələ ilə fikir ayrılığı mövcud olub.
Belə ki, bir qism hüquqşünaslar üzr istənilmənin bəzi hallarda ən effektiv müdafiə üsulu olduğunu əsas gətirsələr də, əks fikir daşıyıcıları fiziki şəxsin üzr istəməyə məcbur edilməsinin özünü elə həmin şəxsə münasibətdə şərəf və ləyaqəti alçaldan davranış hesab ediblər.
Yeni qəbul edilmiş plenum qərarı ilə üzr istəmə ilə bağlı vahid mövqe sərgilənmiş və yekun olaraq qeyd edilib ki, Konstitusiyanın 24 və 46-cı maddələrində şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunması bəyan edilərək, şəxsin insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qalması qadağan edilmişdir. Bu səbəbdən də üzr istənilmənin qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki və hüquqi şəxslərə münasibətdə tətbiqi yolverilməzdir".
Xüsusi olaraq qeyd edilməlidir ki, fiziki şəxs edilmiş hər hansı əmələ görə (mülki, inzibati, inzibati xəta, cinayət və digər) öz iradəsinə zidd şəkildə heç bir fiziki, hüquqi şəxs və ya dövlət orqanı tərəfindən üzr istənilməyə məcbur edilə bilməz. Belə məcburetmə insan ləyaqətini alçaldan rəftar hesab olunmaqla, şəxsə mənəvi zərərin vurulmasına səbəb ola bilər. Bu əsasla iddia irəli sürülərsə, məcburetmənin mövcudluğunun müəyyən edilməsi zamanı şəxsin üzr ifadə edərkən bunu könüllü etməsinə dair bildirdikləri kifayət olmayacaq, üzrün icra edilməsi yeri, şəraiti, həmin vaxt şəxsin emosional-psixoloji vəziyyəti, habelə işin digər halları nəzərə alınacaq.
Digər tərəfdən, üzr istəmənin könüllü və ya məcburi olmasından asılı olmayaraq, üçüncü şəxslər və ya orqanlar tərəfindən media subyektlərində, sosial şəbəkələrdə və ya digər vasitələrlə yayımlanması hüquqazidd olmaqla, kütləvilik baxımından həmin şəxsə daha böyük həcmdə mənəvi zərərin vurulması ilə nəticələnə bilər.
Qanunla nəzərdə tutulmuş istisna halları isə "Media haqqında" və "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" qanunlar təşkil edir.
Belə ki, "Media haqqında" Qanunun 18.1-ci maddəsində nəzərdə tutulmuş hallarda media subyektlərinin üzərinə üzr istəmək vəzifəsi qoyula bilər. Bu zaman nəzərə alınmalıdır ki, bu halda iddiaya cavab verməli olan şəxs kimi audiovizual (televiziya, radio yayımı və s.), çap (qəzet, jurnal və s.), onlayn (veb-sayt və s.) media redaksiyaları deyil, media subyektinin özü çıxış edir. Belə iddialar üzrə məhkəmə tərəfindən üzr istəmək vəzifəsi media subyekti olan fiziki və ya hüquqi şəxsin üzərinə qoyulsa da, üzr subyektin özünün deyil, həmin məlumatın yayıldığı müvafiq media redaksiyasının adından verilməlidir.
"Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Qanunla isə bu orqanların səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istənilə bilər.
Bizim.Media