ABŞ Prezidenti Donald Tramp və ailə üzvləri Vergi Xidməti və Birləşmiş Ştatların Maliyyə Nazirliyinə qarşı məhkəməyə müraciət ediblər.
"Far.Az"un məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verir.
Onlar 2019 və 2020-ci illər üzrə vergi bəyannamələrinin KİV-də açıqlanmasına görə 10 milyard dollar kompensasiya tələb ediblər.
Mayamidəki federal məhkəməyə təqdim edilən iddiada Donald Tramp-kiçik, Erik Tramp, Trump Organization təşkilatı və prezidentin özü bildirib ki, agentliklər vergi bəyannamələrinin New York Times və ProPublica daxil olmaqla "sol KİV-lərə" sızmasının qarşısını almaq üçün "məcburi ehtiyat tədbirlərini görməyiblər".
İddiada göstərildiyi kimi, cavabdehlər "iddiaçıların nüfuzuna və maliyyə vəziyyətinə ziyan vurub, onları cəmiyyətdə çətin vəziyyətə salıb, işgüzar nüfuzlarını ədalətsiz ləkələyib, onları yanlış işıqda təqdim edib və Prezident Tramp və digər iddiaçıların ictimai mövqeyinə mənfi təsir göstəriblər".
Söhbət gedən bəyannamələri KİV-ə Vergi İdarəsinin keçmiş əməkdaşı Çarlz Littlcon ötürüb. O, 2018-ci ildə xidmətin sistemlərinə girib və son 15 il ərzində orada yerləşdirilmiş ən varlı amerikalıların vergi bəyannamələrini ictimaiyyətə açıqlayıb. 2024-cü ildə məhkəmə onu beş il müddətinə həbs cəzasına məhkum edib.