RU

Keçən il 53 ölkənin 17 mindən çox vətəndaşı müalicə üçün Naftalanı seçmişdir

Bu gün ölkəmizin sağlamlıq turizm məkanı olan Naftalanda beynəlxalq standartlara cavab verən 20 hotel və müalicə sağlamlıq mərkəzi fəaliyyət göstərir. Turizm obyektləri gün ərzində 4000-dən çox qonağa xidmət etmək imkanına malikdir. 

Bu mərkəzlərdən biri - "Kurort Naftalan" sağlamlıq mərkəzi keçən il əsaslı təmir olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir. Hotel və müalicə mərkəzlərinin sayının artması əhalinin müalicə müəssisələrinə əlçatanlığının artmasına, belə müəssisələr arasında rəqabət qabiliyyətinin güclənməsinə, qiymətlərin münasib olmasına və ən əsası, turist məmnunluğuna xidmət edir.

Bu fikirlər Naftalanın 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumşəhər yığıncağında da səslənmişdir. Hesabat məruzəsi ilə çıxış edən şəhər icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Arzu Məmmədov bildirmişdir ki, ötən il ərzində şəhər üzrə ümumi məhsul buraxılışının dəyəri 24 milyon 468,1 min manata çatmışdır. Ümumi məhsul buraxılışında istehsal sahələrinin xüsusi çəkisi 46,6, xidmət sahələrininki 53,6 faiz olmuşdur. 

Məruzədən məlum oldu ki, keçən il Naftalan şəhərində 30 yeni iş yeri açılmışdır. Yeni açılmış iş yerlərindən 21-i  yeni yaradılmış müəssisə və təşkilatların payına düşmüşdür. Bundan başqa, il ərzində 27 nəfərin özünüməşğulluqla bağlı müraciəti qeydə alınmış, ondan 7 müraciət təmin edilmişdir. Keçirilən əmək yarmarkasında 100-dən artıq vakansiya təqdim edilmiş və elektron qeydiyyatdan keçmiş 76 nəfərdən 8-i müvafiq işlə təmin olunmuşdur.

Həssas əhali qrupunun sosial müdafiəsinin gücləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər də diqqətdə saxlanılmışdır. Şəhid ailələri və qazilər şəhər icra hakimiyyəti tərəfindən mütəmadi olaraq ziyarət olunmuş, qaldırdıqları problemlərin icrası istiqamətində lazımi tədbirlər görülmüş, həmçinin onlara maddi yardım göstərilmişdir. Şəhid ailəsinə və Vətən müharibəsi əlilinə sahibkarlıq məqsədilə torpaq sahəsi ayrılmışdır.  

Şəhər sakinlərinin mənzil-kommunal şəraitinin yaxşılaşdırılması istiqamətində də tədbirlər görülmüşdür. Şəhərin park və küçələrinin, çoxmənzilli yaşayış binalarının girişlərinin işıqlandırılması təmin edilmiş, 204 hektardan çox yaşıllıq sahəsinə mütəmadi aqrotexniki qulluq göstərilmiş, yaşıllıq sahələrində 5000-dən çox müxtəlif növ ağac və gül kolları əkilmişdir. Şəhərin təmizliyi, məişət tullantılarının idarə olunması təmin edilmişdir. 

Ölkəmizin hər yerində olduğu kimi, Naftalanda da yol infrastrukturunun yenilənməsi üzrə tədbirlər genişləndirilmişdir. Hesabat ili ərzində şəhərin Heydər prospekti və küçələrinə yeni asfalt döşənmişdir.

Məlumdur ki, qeyri-neft sektorunun əsas sahələrindən olan turizm bir çox bölgənin, o cümlədən müalicəvi nefti ilə məşhur olan Naftalan şəhərinin iqtisadiyyatının əsasını təşkil edir. İl ərzində Naftalan şəhərinə 44,5 min nəfər turist səfər etmişdir ki, onlardan da 17,8 min nəfəri dünyanın 53 ölkəsindən olan vətəndaşlardır. Naftalana daha çox Rusiya Federasiyasından, Özbəkistan və Qazağıstandan turistlər gəlmişlər. 

Sabir ƏLİYEV,

"Azərbaycan"

Избранный
71
41
azerbaijan-news.az

10Источники