RU

Niger prezidenti hava limanını müdafiəsinə görə Rusiyaya təşəkkür edib

Paytaxt aeroportuna hücumun qarşısı alınıb, onlarla silahlı zərərsizləşdirilib...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, ötən gecə Nigerin paytaxtının hava limanı xarici muzdlu döyüşçülər tərəfindən hücuma məruz qalıb. Ölkə hakimiyyətinin açıqlamasına görə, hücumun dəf edilməsi zamanı 20 silahlı məhv edilib, daha 11 nəfər isə saxlanılıb. Bu barədə Niger Müdafiə Nazirliyi məlumat yayıb.

Niger prezidenti Abdurrahman Tiani dövlət televiziyası ilə yayımlanan çıxışında baş verən hücumun təşkilində Fransa prezidenti Emmanuel Makronu, Benin prezidenti Patrik Talonu və Kot-d’İvuar prezidenti Alassan Uattaranı ittiham edib. O, hücumun dəf olunmasında iştirak edən hərbçilərə və xüsusilə rusiyalı hərbi qulluqçulara minnətdarlığını bildirib.

“Biz bu muzdlu dəstələrin sponsorlarına, xüsusilə Emmanuel Makrona, Patrik Talona və Alassan Uattaraya xatırladırıq: onların hürməsini kifayət qədər eşitmişik, indi isə qoy bizim nərəmizi eşitməyə hazırlaşsınlar”, deyə Niger prezidenti Abdurrahman Tiani bildirib.

Prezident hücumu dəf edən Niger təhlükəsizlik qüvvələrinin peşəkarlığını vurğulayıb, eyni zamanda “təhlükəsizlik sektorunu öz məsuliyyət zonasında peşəkar şəkildə qoruyan” rusiyalı tərəfdaşlara xüsusi təşəkkür edib.

Niger dövlət televiziyasının məlumatına görə, öldürülən hücumçular arasında Fransa vətəndaşı da olub. Lakin bu iddia ilə bağlı hər hansı sübut təqdim edilməyib. Hücumun konkret məqsədi barədə də rəsmi açıqlama verilməyib.

Reuters qeyd edir ki, hücuma məruz qalan hava limanında təxminən 1 min ton həcmində uran konsentratı saxlanılır. Bu ehtiyatlar daha əvvəl Fransa nüvə nəhəngi Orano-dan Niger hakimiyyəti tərəfindən müsadirə edilib. Agentliyin mənbələrinin bildirdiyinə görə, uran ehtiyatlarına zərər dəyməyib.

Məlumata əsasən, Rusiya hərbçiləri Niger Hərbi Hava Qüvvələrinin paytaxt aeroportunda yerləşən 101-ci aviabazasında xidmət edir. Bir müddət bu bazada ABŞ silahlı qüvvələrinin hərbçiləri də yerləşsə də, sonradan ABŞ kontingenti ölkədən çıxarılıb.

Poliqon.info

Избранный
7
50
poliqon.info

10Источники