RU

Azərbaycan qlobal təşəbbüslərdə daha fəaldır

Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi təkcə dövlət başçısına verilən fərdi mükafat deyil, həm də Azərbaycanın son illərdə yürütdüyü humanist, multikultural və dialoqa əsaslanan dövlət siyasətinə verilən beynəlxalq qiymətdir. Bu mükafatın məhz humanizm, xalqlar və dinlərarası anlaşma, sülh və birgəyaşayış dəyərlərini təşviq edən liderlərə təqdim edildiyini nəzərə alsaq, qərarın məntiqi və siyasi-fəlsəfi əsasları aydın görünür.

Milli Məclisin deputatı Müşfiq Məmmədli "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, birinci məqam ondan ibarətdir ki, multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda  multikulturalizm və dini tolerantlıq konstitusion dəyərdən real dövlət praktikasına çevrilib. "Müxtəlif dinlərə və etnik qruplara mənsub insanların ölkəmizdə sülh və qarşılıqlı hörmət şəraitində yaşaması, dini abidələrin qorunması və bərpası, dövlət tərəfindən dini icmalara bərabər münasibət - bunlar kağız üzərində deyil, faktlarla təsdiqlənən siyasətdir. Bu kontekstdə dövlətimizin başçısına verilən mükafat Azərbaycanın sivilizasiyalararası dialoq platforması kimi rolunun beynəlxalq səviyyədə qəbul edildiyini göstərir", - deyə o əlavə edib.

Deputat ikinci məqamın qlobal çağırışlar fonunda Azərbaycanın öz mövqeyinin olduğunu diqqətə çatdıraraq deyib ki, müasir dünyada dini, milli və mədəni zəmində qarşıdurmaların artdığı bir vaxtda İlham Əliyevin rəhbərlik etdiyi dövlətimiz  qarşıdurma yox, əməkdaşlıq modeli təklif edir. Bakı prosesi, humanitar forumlar, dinlərarası dialoq tədbirləri təsadüfi təşəbbüslər deyil, ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir. "Zayed İnsan Qardaşlığı Mükafatı" bu baxımdan Azərbaycanın birləşdirici mövqeyinə beynəlxalq etimadın göstəricisidir.

M.Məmmədli qeyd edib ki, mükafatın həm də siyasi-simvolik mənası var: "Bu mükafat eyni zamanda göstərir ki, Azərbaycan Prezidentinin fəaliyyəti regional çərçivəni aşaraq qlobal humanist gündəmlə uzlaşır. Dövlətimizin başçısının sülh, əməkdaşlıq və qarşılıqlı hörmətə əsaslanan yanaşması yalnız daxili sabitliyə deyil, beynəlxalq münasibətlərdə də konstruktiv dialoqa xidmət edir. Bu, Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsi baxımından mühümdür. Növbəti həftə keçiriləcək təqdimat mərasimi, sadəcə, protokol xarakterli tədbir deyil. Bu mərasim Azərbaycanın humanitar və mənəvi dəyərlərə əsaslanan dövlət modelinin təqdimatı, Prezident İlham Əliyevin qlobal lider kimi qəbul olunmasının daha bir təsdiqi, Azərbaycanın sülh, tolerantlıq və birgəyaşayış ideyalarının daşıyıcısı kimi mövqeyinin güclənməsi deməkdir".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın verilməsi şəxsi nüfuzla yanaşı, dövlətin siyasi-fəlsəfi kursuna, xalqın tolerantlıq mədəniyyətinə və Azərbaycanın beynəlxalq məsuliyyət anlayışına verilən yüksək qiymətdir. Bu mükafat həmçinin Azərbaycanın gələcəkdə də humanizm və dialoq üzərində qurulan qlobal təşəbbüslərdə ön sıralarda yer alacağının göstəricisidir. 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Избранный
72
12
azerbaijan-news.az

10Источники