RU

Burkina Fasoda hərbi hökumət siyasi partiyaları ləğv edib

BAKI, 30 yanvar. TELEQRAF

Burkina Fasoda hakimiyyətdə olan hərbi rəhbərlik ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların ləğv edilməsi və onların fəaliyyətini tənzimləyən hüquqi çərçivənin aradan qaldırılması barədə qərar qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qərar yanvarın 29-da ölkənin Nazirlər Şurası tərəfindən təsdiqlənmiş fərmanla rəsmiləşdirilib. 2022-ci ilin sentyabrında hakimiyyəti ələ keçirən hərbi rəhbərliyin bu addımı çevrilişdən sonra siyasi fəaliyyətlərin dayandırılmasının ardınca nəzarətin daha da sərtləşdirilməsi kimi qiymətləndirilir.

Burkina Fasonun daxili işlər naziri Emil Zerbo bildirib ki, qərar dövlətin yenidən qurulması məqsədi daşıyır. Onun sözlərinə görə, hökumətin apardığı araşdırmalar çoxpartiyalı sistem çərçivəsində geniş yayılmış sui-istifadələrin və idarəetmədə ciddi problemlərin mövcud olduğunu üzə çıxarıb.

Nazir qeyd edib ki, siyasi partiyaların həddindən artıq çoxluğu cəmiyyətdə parçalanmanı dərinləşdirib və sosial həmrəyliyi zəiflədib. Çevrilişdən əvvəl ölkədə 100-dən artıq siyasi partiya qeydiyyatda olub, onlardan 15-i 2020-ci il ümumi seçkilərindən sonra parlamentdə təmsil olunurdu.

Fərmana əsasən, bütün siyasi partiyalar və siyasi birliklər buraxılır. Partiyaların maliyyələşdirilməsi, onların hüquqi statusu və müxalifət liderinin mövqeyi ilə bağlı qanunun ləğvi haqqında layihə hazırkı keçid dövrü şurasına təqdim olunacaq. Ləğv edilmiş partiyaların bütün əmlakı isə dövlətin balansına keçiriləcək.

Qeyd edək ki, Burkina Faso Mali və Niger kimi Sahel bölgəsində yerləşən digər ölkələrlə yanaşı, son on ildə “Əl-Qaidə” və “İŞİD”lə əlaqəli silahlı qrupların hücumları ilə üzləşir. Bu hücumlar minlərlə insanın ölümünə və milyonlarla sakinin didərgin düşməsinə səbəb olub.

Избранный
88
50
teleqraf.com

10Источники