RU

Su böhranı… -Hansı çıxış yolları var?

Ekoloqların hesablamalarına görə, bu gün dünyada təxminən 2,2 milyard nəfər insanın təmiz içməli suya çıxışı yoxdur.  Hətta iddia olunur ki, 2045-ci ilədək suya tələbat təxminən 40 faizdən çox artacaqdır ki, bu da su qıtlığı problemini daha da kəskinləşdirə bilər. Hazırda iqlim dəyişikliyi nəticəsində quraqlığın artdığı və 1,4 milyarddan çox insanın bu fəsaddan əziyyət çəkdiyi bildirilir.

Məlumdur ki, planetin bir parçası olaraq ölkəmizdə də bu problem mövcuddur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir ki, Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və regiondakı su ehtiyatının yalnız 15 faizi qədərdir. Ölkənin yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Yerüstü su ehtiyatları, əsasən, çaylarda cəmlənib. Həmin su ehtiyatlarının 67-70 faizi qonşu ölkələrin ərazisində, qalanı isə ölkəmizin daxili çaylarında formalaşır. Hesablamalara görə, təxminən 50-55 il sonra Azərbaycanda su ehtiyatlarının 35 faizinin  azalması gözlənilir.  Belə bir zamanda mövcud ehtiyatlardan səmərəli istifadə suyun bərabər bölgüsü, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ciddi əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, son 5 il ərzində Mingəçevir su anbarının ehtiyatları 50 faiz azalıb. 7-8 ildir ölkə ərazisində  daha çox quraqlıq müşahidə edilir. Bu, yağıntının miqdarının azalması, həmçinin ölkəyə daxil olan transsərhəd çaylarında suların az olması ılə əlaqədardır. 
Prezident İlham Əliyev vəziyyətin gələcəkdə daha təhlükəli həddə çatmaması üçün önəmli addımlar atıb. Belə ki, ölkə başçısı 2024-cü ilin 10 oktyabr tarixində «Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya»nın təsdiq edilməsi haqqında» Sərəncam imzalayıb. Milli Strategiya 2024−2040-cı illəri əhatə etməklə 3 mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə (2024−2027-ci illər) su ehtiyatlarından səmərəli istifadə üçün zəruri infrastruktur və idarəetmə təkmilləşdiriləcək.

Xatırladaq ki, yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib. Müşavirədə dövlətimizin başçısı çıxış edib bildirib ki, son 20 il ərzində dörd böyük su anbarı inşa edilib ki, onlarında potensialı 500 milyon kubmetrdən çoxdur: « Onların arasında xüsusilə «Taxtakörpü», «Şəmkirçay» su anbarlarını qeyd etməliyəm. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. «Taxtakörpü» su anbarı bizə imkan verdi ki, Samur çayının sularını «Ceyranbatan» su anbarına yığaq və orada ehtiyat yaransın. O cümlədən «Ceyranbatan» su anbarı tamamilə yenidən qurulmuşdur, yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilmişdir.»

Bu gün Azərbaycanda 140-dan çox su anbarı var. Bunların ən böyükləri Kür çayı üzərindəki Mingəçevir (həcmi 15,7 milyard kubmetr), Şəmkir (həcmi 2,7 milyard kubmetr), Araz çayı üzərindəki Xudafərin (həcmi 1,6 milyard kubmetr) və Araz (həcmi 1,3 milyard kubmetr), habelə Tərtər çayı üzərindəki «Sərsəng» (həcmi 0,56 milyard kubmetr) su anbarlarıdır. Su anbarlarının ümumi həcmi isə 24 milyard kubmetrə yaxındır. Ölkə ərazisində mövcud 700-ə yaxın gölün əksəriyyəti də yay aylarında quruyur. Qurumayan təbii göllərin sayı təxminən 250-dir. Sahəsi 1 kvadratkilometrdən çox olan və böyük təsərrüfat əhəmiyyəti daşıyan göllərin sayı 25-dir. Göllərin ümumi su ehtiyatı 0,9 milyard kubmetrə, şirinsulu göllərin ehtiyatı isə 0,03–0,05 milyard kubmetrə yaxındır.

Azərbaycanda qrunt (yeraltı) suları yüksək keyfiyyəti ilə seçilir. Çaylara axan suyun 16−17 faizi yeraltı suların payına düşür. Yeraltı suların hər il 2 milyard kubmetrdən artığı əkin sahələrinin suvarılmasına və yaşayış yerlərinin su təchizatına sərf edilir. İstismara yararlı qrunt sularının ümumu tutumu bir il üçün 8−9 milyard kubmetr arasında hesablanır. Ən çox ehtiyata malik yeraltı sular Qusar maili düzənliyindədir və ehtiyatı 1,3 milyard kubmetr təşkil edir. Yeraltı sularla ən az təmin olunan ərazi Abşeron yarımadasıdır.

Elçin Zaman, «İki sahil»

Избранный
35
ikisahil.az

1Источники