ABŞ mərkəzli İran İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İranda iqtisadi problemlər səbəbilə başlayan etiraz aksiyalarında həyatını itirənlərin sayının 6 min 373-ə çatdığını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, HRANA-nın məlumatına görə, ölkənin bir çox bölgəsində baş verən hadisələr nəticəsində 42 min 486 nəfər saxlanılıb.
Etirazlar zamanı yaşanan qarşıdurmalarda 214 təhlükəsizlik əməkdaşı da daxil olmaqla ümumilikdə 6 min 373 nəfər həyatını itirib.Agentlik bir gün əvvəl ölənlərin sayının 6 min 221 olduğunu bildirmişdi.
Xatırladaq ki, İranda 28 dekabr 2025-ci ildə yerli valyutanın xarici valyutalar qarşısında sürətlə dəyər itirməsi və iqtisadi çətinliklərin dərinləşməsi fonunda Tehran Böyük Bazarında işçilərin rəhbərliyi ilə başlayan etirazlar qısa müddətdə bütün ölkəyə yayılmışdı.
Paytaxt Tehranda 8 yanvar tarixində şiddətlənən etirazlar zamanı baş verən hadisələrdən sonra ölkə rəhbərliyi internetə çıxışı məhdudlaşdırmışdı.
İran Şəhid və Qazilər Fondu Məhkəmə-Tibbi Ekspertiza Qurumu məlumatlarına əsaslanan, 21 yanvar tarixli açıqlamasında etirazlar zamanı təhlükəsizlik qüvvələri və mülki şəxslər də daxil olmaqla 3 min 117 nəfərin həyatını itirdiyini bildirmişdi.
Açıqlamada ölənlərdən 2 min 427 nəfərin “silahlı terror qrupları” tərəfindən öldürülən təhlükəsizlik əməkdaşları və mülki vətəndaşlar olduğu, 690 nəfər barədə isə hər hansı məlumat verilmədiyi qeyd edilmişdi.
İranda etirazlar başa çatsa da, ABŞ-nin Virciniya ştatı mərkəzli HRANA daha çox hadisəni təsdiqlədiyini iddia edərək ölən və saxlanılanların sayı ilə bağlı məlumatları yeniləməyə davam edir.