.jpg)
.jpg)
.jpg)


Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev də öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, sözügedən qanun 2023-cü ildən mövcuddur, lakin yeni nəzarət sistemlərinin tətbiqi səbəbindən məhz bu gün aktuallaşıb. “Bakıda "rəqəmsal əkiz" adlanan sistem tətbiq olunur. Buraya müxtəlif məlumatlar daxil olur və nəqliyyat axınları bu sistem vasitəsilə müəyyənləşdirilir. Hər gün paytaxta müxtəlif istiqamətlərdən 300 min avtomobil daxil olur ki, bu da yol şəbəkəsinin hərəkətliliyinə birbaşa təsir göstərir. Bununla əlaqədar alternativlərin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir: avtobuslar üçün xüsusi zolaqlar ayrılır, mikromobillik üçün yollar salınır, metro və dəmir yollarının genişləndirilməsi, eləcə də tramvayın qaytarılması ilə bağlı Dövlət Proqramı təsdiqlənib”, – deyə ekspert qeyd edib. R. Ağamirzəyev bildirib ki, cari ilin 1 yanvar tarixindən etibarən Bakıda taksilərin sayına kvota tətbiq edilib – 25 min avtomobil. Bu isə regionlardan olan sürücülər üçün oyun qaydalarını köklü şəkildə dəyişir. “Bakıda fəaliyyət üçün icazə alanlar burada işləyəcək, Sumqayıtda icazə alanlar isə Sumqayıtda. Əgər sürücü bir şəhərdən digərinə sərnişin apararsa, geri dönüş zamanı artıq sifariş qəbul edə bilməyəcək. Bu addım sahənin tənzimlənməsinə və ictimai nəqliyyatdan istifadənin stimullaşdırılmasına yönəlib”, – deyə ekspert əlavə edib. O, eyni zamanda aqreqatorlar üçün də ciddi risklərin mövcud olduğunu vurğulayıb. Belə ki, operatorlar ərazi hüdudlarını pozan sifarişləri qəbul etdikləri halda, onların lisenziyalarının ləğv edilməsi mümkündür. Beləliklə, hazırkı mərhələdə dövlət qurumları konkret və rəsmi izahatlar vermədən, əsasən ekspert rəylərinə istinad etməklə kifayətlənirlər. Şirkətlər də oxşar vəziyyətdədir: onlar da bu məsələ ilə bağlı əhatəli məlumat əldə etmədiklərindən gözləmə mövqeyi tutaraq susmağa üstünlük verirlər. Mövcud qeyri-müəyyənlik şəraitində isə sürücülərə yalnız ehtimallar yürütmək qalır — cərimə mexanizmlərinin praktikada necə işləyəcəyi, hansı nəzarət alətlərinin tətbiq olunacağı və yeni qaydaların gündəlik nəqliyyat fəaliyyətinə hansı təsirləri göstərəcəyi hələ də açıq sual olaraq qalır. Faiqə Məmmədova