İranın ali rəhbərinin ikinci oğlu Müctəba Xameneyi ölkədəki iqtisadi böhran və etirazlara baxmayaraq, beynəlxalq əmlak şəbəkəsi qurub. Vətəninfo.az xəbər verir ki, bununla bağlı, “Bloomberg” agentliyi məlumatı yayıb.
Məlumata görə, Müctəba Londonda, Dubayda və bir sıra Avropa ölkələrində malikanələr, villalar və milyonlarla funt dəyərində daşınmaz əmlaka sahibdir. Şəbəkə əsasən Britaniya tərəfindən sanksiya tətbiq edilmiş iranlı bankir Əli Ənsari vasitəsilə yaradılıb.
Bildirilib ki, Müctəba İran daxilində və xaricdə müxtəlif təşkilatlarda əhəmiyyətli paya malikdir və faktiki olaraq nəzarət edir, Əli Ənsari isə onun hesablarının rəsmi sahibi kimi çıxış edir.
Xarici investisiyalar üçün vəsait İran neftinin satışından əldə edilib, ancaq Müctəba rəsmi olaraq bu aktivləri öz adına qeydiyyatdan keçirməkdən yayınır. O, İranın siyasi sistemində əsas rol oynayır, SEPAH ilə sıx əlaqələrə malikdir və Xameneyinin potensial varisi kimi qəbul edilir.