Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Qlobal valyuta bazarında əhəmiyyətli dəyişikliklər müşahidə olunur.
Dollar avro qarşısında sürətlə zəifləyir, hazırda 1 avro təxminən 1,20 dollar səviyyəsindədir ki, bu, son illərin ən yüksək fərqidir. Bu dəyişiklik idxal və ixrac qiymətlərini birbaşa təsir edir, şirkətlərin maliyyə planlamasını çətinləşdirir və investorların qərarlarını yenidən gözdən keçirməsinə səbəb olur.
Qlobal valyuta bazarında nə baş verir?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, dolların avro qarşısında zəifləməsi adətən bir neçə amilin eyni vaxtda təsiri ilə baş verir:

“Əsas səbəblərdən biri ABŞ-də faiz dərəcələri və pul siyasətidir. Əgər Federal Ehtiyat Sistemi iqtisadiyyatı dəstəkləmək üçün faizləri aşağı saxlayırsa və ya bazara çoxlu dollar buraxırsa, dolların dəyəri azalır.
Pul çoxaldıqca onun “qiyməti” də düşür. Digər tərəfdən, Avropa Mərkəzi Bankının siyasəti mühüm rol oynayır. Əgər Avropa iqtisadiyyatı nisbətən sabit görünürsə, inflyasiya nəzarət altındadırsa və ya faizlərin gələcəkdə artacağı gözləntiləri varsa, investorlar avroya daha çox güvənir. Bu da avroya tələbi artırır və məzənnəni yuxarı çəkir”.
O qeyd edib ki,beynəlxalq investor davranışı da önəmlidir:
“Qlobal risklər, geosiyasi gərginliklər və ya ABŞ büdcə kəsiri və dövlət borcu ilə bağlı narahatlıqlar zamanı investorlar dolları satıb digər valyutalara, o cümlədən avroya keçə bilirlər.
Bu proses dolların zəifləməsinə səbəb olur. Ticarət balansı və iqtisadi gözləntilər də məzənnəyə təsir edir. ABŞ-nin idxalı ixracdan çox olduqda, bazara daha çox dollar çıxır. Eyni zamanda, bazar iştirakçıları gələcəkdə hansı iqtisadiyyatın daha güclü olacağını düşünürsə, pullarını ora yönəldirlər.
Qısaca desək, mövcud məzənnə dəyişiklikləri pul siyasəti, faiz dərəcələri, investor gözləntiləri və qlobal iqtisadi risklərin birgə təsiri ilə formalaşır və bu balans dəyişdikcə dollarla avro arasındakı nisbət də dəyişir”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər:
dollar avro Akif Nəsirli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.