Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilmiş tikililərin əhəmiyyətli hissəsinin hüquqi sənədləri yoxdur və bu, onların dövlət qeydiyyatına alınmasını mümkünsüz edir.Metbuat.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlamasında səsləndirib. Onun sözlərinə görə, tikililər mahiyyət etibarilə torpaq üzərində yerləşən elementlərdir və müəyyən hallarda kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilə bilər. “Əsas problem bu tikililərin hüquqi əsaslarının olmamasıdır. İndiyədək qüvvədə olan fərmanlar çərçivəsində yüz minlərlə fərdi yaşayış evinin leqallaşdırılması və onların hüquqi status alması təmin edilib. Bununla belə, bəzi tikililərdə, xüsusilə qeyri-qanuni şəkildə inşa edilmiş obyektlərdə heç bir rəsmi sənəd mövcud deyil". Nigar Alimova qeyd edib ki, bu tip tikililərin sahibləri əsasən yalnız Bakı bələdiyyələri tərəfindən verilmiş sənədlərə malikdirlər və həmin sənədlərin hüquqi qüvvəsi yoxdur:“Torpaqlar bələdiyyələr tərəfindən yalnız qanunla müəyyən edilmiş qaydada verilə bilər. Satış, istifadəyə verilmə və qeydiyyat mütləq müvafiq qanunvericiliyin tələblərinə uyğun aparılmalıdır. Bu tələblər pozulduqda verilən sənədlər hüquqi əsas sayılmır,” – deyə o vurğulayıb.İdarə Heyətinin sədri əlavə edib ki, tikilinin yaşayış məntəqəsinin sərhədlərində və ya kənd ərazisində yerləşməsi onun avtomatik olaraq qeydiyyata alınması anlamına gəlmir. Hüquqi sənədlər olmadan dövlət qeydiyyatı mümkün deyil.Əsas problemlərdən biri də tikililərin yerləşdiyi ərazilərlə bağlıdır. Aparılan təhlillər göstərir ki, bir sıra obyektlər kənd təsərrüfatı təyinatlı torpaqlarda, eləcə də mühafizə zonalarında, yüksək gərginlikli elektrik xətləri, qaz boru kəmərləri, dəmir yolları, su kanalları və digər mühüm infrastruktur obyektlərinin yaxınlığında inşa edilib.Nigar Alimovanın sözlərinə görə, bu cür ərazilərdə yerləşən tikililərin sənədləşdirilməsi qanunvericilik baxımından mümkün deyil və bu obyektlərin leqallaşdırılması üçün hüquqi mexanizmlər mövcud deyil.Gülbəniz Hüseynli / Metbuat.az