BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
28 yanvar 2026-cı il tarixində Qazaxıstana rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə Astana Beynəlxalq Universitetinin (AIU) prezidenti Serik İrsaliev, eləcə də Astana HUB və NITEC QSC (AO «НИТ») qurumlarının nümayəndələri arasında görüş keçirilib.
TurkicWorld xəbər verir ki, görüş zamanı Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, həyata keçirilən layihələr və Fondun Türk dünyasının zəngin mədəni irsinin qorunması, tədqiqi və beynəlxalq miqyasda təşviqi istiqamətində prioritet səyləri barədə ətraflı məlumat verilib.
Fondun prezidenti Aktotı Raimkulova təşkilatın elm, təhsil və innovasiyalar sahəsində müasir yanaşmalara xüsusi önəm verdiyini vurğulayaraq, ali təhsil müəssisələri və müvafiq qurumlarla əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Astana Beynəlxalq Universitetinin prezidenti Serik İrsaliev universitetin akademik potensialı, elmi-tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları barədə məlumat verərək, Türk mədəni irsinin öyrənilməsi və rəqəmsal platformalar vasitəsilə tanıdılması sahəsində birgə təşəbbüslərin həyata keçirilməsində maraqlı olduqlarını bildirib. Astana HUB və NITEC QSC nümayəndələri isə innovasiya, startap və rəqəmsal həllərin mədəni irsin qorunması və təbliğində tətbiqi imkanlarına toxunublar.
Görüş çərçivəsində tərəflər gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib, birgə layihələrin icrası, elmi-təhsil proqramlarının hazırlanması, rəqəmsallaşma və innovativ yanaşmaların tətbiqi istiqamətində fikir mübadiləsi aparıblar.