RU

Dünya bazarında qızılın qiymətinin artımı Azərbaycana necə təsir göstərir?

Bakı, 29 yanvar, AZƏRTAC

Dünya bazarında qızılın qiymətində artım davam edir. Son bir gün ərzində qızılın qiyməti 4 faiz yüksəlib. Ümumilikdə, son bir il ərzində qızılın qiyməti 80 faizdən çox, son altı ayda isə 52 faiz artıb.

Bu barədə AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, son dövrdə qızıl sabit artım dinamikası ilə dəyər qazanmaqdadır.

“Hazırda dünya bazarında qızılın qiyməti 700 dollara təklif olunur. Qızılın qiymətindəki yüksəliş əsasən qlobal geosiyasi gərginliyin dərinləşməsi ilə bağlıdır. Belə ki, 2025-ci ildə ticarət müharibələrinin genişlənməsi, eləcə də, bəzi ölkələrin, o cümlədən ABŞ-ın qarşılıqlı tarif siyasətinə keçməsi dünya iqtisadiyyatında qeyri-müəyyənlik və durğunluq risklərini artırıb. Nəticədə investorların qızıl bazarına marağı yüksəlib və qızıla investisiya qoyuluşları artıb. Bu baxımdan qızılın qiymətindəki artımlar birbaşa investor marağının güclənməsi ilə əlaqədardır. Qızılın bahalaşması lombardların fəaliyyətinə də təsirsiz ötüşmür. Hazırda lombardlar tərəfindən girov kimi daha çox qızıl qəbul olunur. Qızılın qiymətinin artması bir tərəfdən lombardların daha çox qızıl cəlb etməsinə şərait yaratsa da, digər tərəfdən bəzi hallarda vətəndaşlar üçün risklər formalaşdırır. Belə ki, altı ay əvvəl qızılı girov qoyan vətəndaşın qızılı həmin dövrdəki daha aşağı qiymətlə dəyərləndirilmişdi. Hazırda isə qızılın bazar qiyməti xeyli yüksəlib.

Vətəndaş lombarddan götürdüyü borcu qaytara bilmədikdə, əgər qızıl yenidən qiymətləndirilməz və ya mövcud bazar dəyərinə uyğun ödəniş həyata keçirilməzsə, bu halda qiymət artımına baxmayaraq vətəndaş maddi itki ilə üzləşir. Bu səbəbdən həmin sahədə nəzarətin gücləndirilməsinə ehtiyac var. Müqavilə şərtlərinə uyğun olaraq, borcun bağlanması üçün qızılın yenidən qiymətləndirilməsi, mövcud bazar qiymətinə əsasən borcun ödənilməsi və artıq məbləğin vətəndaşa qaytarılması təmin edilməlidir”, - deyə deputat vurğulayıb.

Vüqar Bayramovın sözlərinə görə, Azərbaycan qızıla olan tələbatının əhəmiyyətli hissəsini idxal hesabına ödəyir: “Qızıl əsasən Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Rusiya və Türkiyədən idxal olunur. Dünya bazarında qızılın qiymətinin artması idxal edilən qızılın qiymətinə birbaşa təsir göstərir və nəticədə ölkənin istehlak bazarında da qızıl məmulatlarının qiymətində artım müşahidə olunur”.

Избранный
21
azertag.az

1Источники