RU

Trampın sülh planı dalana dirənib: Danışıqlar prosesində üç əsas problem

ABŞ-ın təşkil etdiyi Ukraynadakı müharibənin dayandırılması ilə bağlı növbəti danışıqlar raunduna hazırlıq getdiyi bir vaxtda, Moskva və Kiyev münaqişənin əvvəlindən bəri gedişatı müəyyən edən əsas fikir ayrılıqları səbəbindən çıxılmaz vəziyyətdə qalır...

Poliqon xəbər verir ki, bu barədə Politico yazıb.

Ukraynanın xarici işlər naziri Andriy Sibiqanın sözlərinə görə, Prezident Volodimir Zelenski Kremlin rəhbəri Vladimir Putinlə danışıqlar masasına oturmağa hazırdır. Lakin o etiraf edib ki, ən həssas məsələlər hələ də həll olunmayıb. ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff isə bildirib ki, fikir ayrılıqları bir həll oluna bilən problemə qədər azalıb.

Bununla belə, Moskva və Kiyev BƏƏ-də keçirilən danışıqlardan üç əsas məsələ üzrə razılığa gələ bilmədən ayrılıblar:

* Rusiyanın Ukrayna ərazilərinin verilməsi tələbi,
* Ukraynanın gələcək təhlükəsizlik təminatları,
* Döyüşlərin razılaşmadan əvvəl, yoxsa sonra dayandırılması məsələsi.

Ərazi məsələsi

Mənbələrin "ərazi məsələsi" adlandırdığı əsas problem Donbasın taleyidir. Rusiya yaxın vaxtlarda bütün Ukraynanı ələ keçirə bilməyəcəyini anlamağa başlasa da, Putin ən azı artıq ilhaq edilmiş Krımla yanaşı bütün Donbası əldə etmək istəyir.

Moskva "Ankoric formulu" adlandırdığı sxemi təklif edir. Bu plana görə, Ukrayna Rusiyanın ələ keçirə bilmədiyi rayonlar da daxil olmaqla bütün Donbasdan imtina etməlidir. Kreml iddia edir ki, Putinlə Tramp ötən il Alyaskada keçirilən görüşdə məhz bunu razılaşdırıblar.

Kiyev üçün isə ərazi güzəşti həm qanunsuz, həm də son dərəcə qeyri-populyar addım olardı. Zelenski regionun demilitarizasiya olunaraq "azad iqtisadi zona" elan edilə biləcəyini, lakin rəsmi olaraq Ukraynanın tərkibində qalmasını nəzərdən keçirməyə hazır olduğunu desə də, Moskva bunun yetərli olmadığını açıq bildirib.

Putinin köməkçisi Yuri Uşakov bildirib ki, ərazi məsələsi həll olunmadan uzunmüddətli nizamlanma mümkün deyil və Moskvanın bütün Donbası almasının danışıqlarda irəliləyiş üçün şərt olduğunu vurğulayıb.

ABŞ dövlət katibi Marko Rubio da Donbas məsələsində dalanın mövcud olduğunu etiraf edib və bunu "çətin keçiləcək körpü" adlandırıb.

Digər mübahisəli məsələ isə hazırda Rusiyanın nəzarətində olan Avropanın ən böyük atom elektrik stansiyası – Zaporojye AES-dir. Zelenski stansiyanın Ukrayna və ABŞ tərəfindən birgə idarə olunmasını istəyir. Moskva isə Vaşinqtonla, bəlkə də Kiyevlə bölüşdürülmüş nəzarət variantını təklif edir.

Təhlükəsizlik təminatları

Növbəti əsas məsələ Ukrayna üçün təhlükəsizlik təminatlarıdır – yəni Rusiya yenidən genişmiqyaslı hücuma keçərsə, digər ölkələrin Ukraynanı müdafiə etməsi ilə bağlı öhdəliklər.

Böyük Britaniya və Fransa razılaşmadan sonra Ukraynaya qoşun yerləşdirməyə razılıq veriblər. Uitkoff təhlükəsizlik planını "mümkün qədər güclü" adlandırsa da, ABŞ-ın konkret olaraq nə dərəcədə müdaxilə edəcəyi aydın deyil.

Financial Times yazıb ki, Tramp administrasiyası müharibədən sonrakı təhlükəsizlik təminatlarını Ukraynanın Donbasdan imtinası ilə əlaqələndirib. Ağ Ev isə bunu təkzib edib.

ABŞ-ın irəli sürdüyü 20 maddəlik plana görə, Ukrayna 2027-ci ildə Aİ-yə üzv ola bilər. Aİ üzvlüyü ölkələrin bir-birini müdafiə etməsi ilə bağlı müddəanı da əhatə edir.

Moskva isə NATO ölkələrinin qoşunlarının Ukraynada olmasını qəbul etməyəcəyini bildirir və öz "təhlükəsizlik təminatlarını" tələb edir. Kreml deyir ki, Ukraynanın NATO üzvlüyü mövzusu gündəlikdən birdəfəlik çıxarılmalı, Ukrayna ordusu 600 min nəfərlə məhdudlaşdırılmalı və Moskva Ukraynanın gələcək müdafiə qərarlarına faktiki veto hüququ almalıdır.

Atəşkəs

Adi ukraynalılar üçün ən təcili məsələ atəşkəsdir. Kiyev dərhal döyüşlərin dayandırılmasını istəyir. Moskva isə razılaşma imzalanmadan döyüşlərə fasilə verməyi nəzərdən keçirmir.

Uşakov bildirib ki, razılaşma əldə olunana qədər Rusiya xüsusi hərbi əməliyyatın məqsədlərinə ardıcıl şəkildə nail olmağa davam edəcək.

Bu arada Rusiya raketləri hər gün Ukraynanın enerji infrastrukturunu vurur. Bu yaxınlarda rus dronu Xarkov vilayətində sərnişin qatarını vuraraq beş nəfəri öldürüb.

Əsas fərqlər

Həm Rusiya, həm də Ukrayna ABŞ prezidentinə əməkdaşlığa hazır olduqlarını göstərməyə çalışır. Kremlin sözçüsü Dmitri Peskov ekspert səviyyəsində müzakirələrin başlanmasını "irəliləyiş" adlandırıb.

Politoloq Vladimir Fesenko ehtiyatlı nikbinlik ifadə etsə də, analitiklər qeyd edirlər ki, əsas fərq budur: Ukrayna kompromisə hazır olduğunu göstərir, Rusiya isə prosesi imitasiya edərək ilkin məqsədindən – Ukraynanı özünə tabe etdirməkdən – geri çəkilmir.

Rusiyalı siyasi analitik Tatyana Stanovaya hesab edir ki, Putinin bütün Donbas tələbi vaxt udmaq taktikasıdır və Moskva "sülh danışıqları oyunu" oynayır.

Eyni zamanda, Zelenskinin belə bir razılaşmanı daxili siyasi prosesdən keçirə bilib-bilməyəcəyi də sual altındadır. O, referendum və ya seçki ideyasını səsləndirsə də, əvvəlcə atəşkəsin vacib olduğunu deyib.

Sorğular göstərir ki, ukraynalılar ədalətli razılaşmanı qəbul etməyə hazırdırlar, lakin ABŞ-ın vasitəçiliyi ilə danışıqlara inam azalıb.

Fesenko deyib: "Zelenski tarixə Ukraynanı xilas edən prezident kimi düşmək istəyir, müharibəni uduzan kimi yox".

Poliqon.info

Избранный
88
50
poliqon.info

10Источники