Bakı, 29 yanvar, AZƏRTAC
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları olan həssas kateqoriyalara aid şəxslərin əl işlərinin satışını təşkil edəcək dostart.az pilot layihəsinin (satış portalı) təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, portalı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari mərkəzdə həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi, sosial reablitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində ötən il görülmüş işlər və 2026-cı ilin hədəflərinə həsr olunmuş mətbuat konfransı çərçivəsində təqdim edib.
Onun sözlərinə görə, qanunvericilik aktlarına əsasən, mərkəzin benefisiarları olan əlilliyi olan şəxslərin əl işlərinin həmin platforma üzərindən satışı zamanı “vergi güzəşti” tətbiq ediləcək. Belə ki, onların gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı tutulmaması, yalnız ödəmə mənbəyində 2 faiz verginin tutulması nəzərdə tutulur.
"Həmin platforma vasitəsilə həssas qruplardan olan şəxslərin hazırladıqları əl işləri vahid onlayn platforma üzərindən daha geniş auditoriyaya çatdırılacaq. Bu isə onların özünüməşğulluq bacarıqlarının inkişafına və cəmiyyətin iqtisadi həyatında fəal iştirakına real imkan yaradacaq. Hazırda portala 250-yə yaxın əl işi yerləşdirilib, Azərbaycan, rus və ingilis dillərində məlumatlar daxil edilib. Pilot layihəyə, həmçinin xüsusi “Müyəssərlik menyusu” quraşdırılıb ki, bu da görmə məhdudiyyətli və disleksiyadan əziyyət çəkən şəxslər üçün istifadəni asanlaşdırır",- deyə o qeyd edib.
Pilot layihənin 1 il müddətində nəzərdə tutulduğu, gələcəkdə bu platformanın əhatə dairəsinin genişləndirilməsi, ölkə üzrə həssas qruplardan olan digər şəxslərin də bura cəlb olunmasının planlaşdırıldığı vurğulanıb.