RU

Türk xalqları hansı əlifbanı seçməlidir?

ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Ana dilimizin əlifba tarixindən

(əvvəli qəzetin 17 və 23 yanvar 2026-cı il tarixli saylarında)

Qalimcan Şərəfin çıxışının ən maraqlı tərəfi onun əlifba islahatının “görünməyən xərclərini” açıq şəkildə sadalamasıdır: mövcud savadlı kadrların yenidən təhsili, paralel nəşriyyatın illərlə saxlanılması, ikili oxu-yazı bacarıqlarının formalaşdırılması, savadlanma tempinin müvəqqəti zəifləməsi. Bu, əlifbanın ideoloji simvol yox, logistika, büdcə və zaman məsələsi kimi təqdim edilməsidir. Xüsusilə vacib məqamlardan biri mədəni baxımdan daha inkişaf etmiş xalqlar üçün bu yükün daha ağır, yəni inkişaf səviyyəsi artdıqca əlifba dəyişməsinin dəyərinin də artmasıdır. Q.Şərəf Jirkovla metodoloji yaxınlıq nümayiş etdirir: şrift – texniki vasitə, emosional və simvolik yüklərdən azad edilməlidir. Lakin Jirkovdan fərqli olaraq, o, texniki mükəmməllikdən çox texniki riskləri ön plana çəkir: texniki cəhətdən düzgün qərar, yanlış zaman və səhv miqyasda tətbiq edilərsə, sosial baxımdan dağıdıcı olar.

Qalimcan Şərəfin mövqeyi ümumi əlifba diskursunda balanslaşdırıcı, realist və məsuliyyət yönümlü xətti təmsil edir. Onun çıxışı latın əlifbasına ideoloji qarşıdurmadır: Latın qrafikasına keçid tarixi baxımdan qaçılmaz görünə bilər, lakin sosial və iqtisadi baxımdan son dərəcə riskli bir addımdır. Buna görə də yalnız texniki üstünlüklər deyil, real itkilər də nəzərə alınmalıdır.

Məruzənin əsas konseptual üstünlüyü ondan ibarətdir ki, şrift seçimi ideoloji və ya simvolik məsələ kimi deyil, texniki-funksional problem kimi təqdim olunur. Qorxmasovun və Ağamalıoğlunun inqilabi-tarixi arqumentlərindən, Qaraçaylı İslamın azadlıq metaforikasından, hətta Jirkovun qismən texniki-fəlsəfi mövqeyindən fərqli olaraq, bu yanaşma rasionalizmə əsaslanır. Burada açıq şəkildə belə bir tezis formalaşır: əlifba – məqsəd deyil, vasitədir; vasitə isə ölçülə, müqayisə edilə və optimallaşdırıla bilər.

Müəllifin irəli sürdüyü 8 meyar əlifba müzakirəsini ilk dəfə olaraq kompleks sistem təhlilinə çevirir: 1) qrafem ehtiyatı (fonetik adekvatlıq), 2) oxu sürəti, 3) yazı sürəti, 4) mətbəə texnologiyası ilə uyğunluq, 5) iqtisadi səmərəlilik, 6) mövcud savadlılıq bazası və öyrənmə asanlığı, 7) beynəlxalq kommunikasiya potensialı, 8) estetik görünüş. Bu struktur göstərir ki, təkcə “Əlifba hansı səsləri ifadə edir?” sualı yetərli deyil və onun effektivliyi yalnız fonetik parametrlərlə ölçülməlidir.

Müəllifin əsas fikri belədir ki, yazı sistemi insan gözünün, əlinin və beyninin real işləmə mexanizmlərinə uyğun olmalıdır. Bu yanaşma Qorxmasovun inqilabi-tarixi xəttindən, Məmmədzadənin fonetik-texniki optimizmindən, Jirkovun ümumi texniki meyarlar modelindən daha da irəli gedərək qavrayış səviyyəsini mərkəzə çəkir. O, ərəb şriftini tamamilə rədd etmir, əksinə, sağdan sola yazını qorumaqla, qrafik formaları sadələşdirməklə, böyük-kiçik hərf anlayışını tətbiq etməklə, hərflərin mövqe üzrə çoxformalı strukturunu ixtisar etməklə inkremental (tədrici) islahat modelini irəli sürür. Bu yanaşma Qorxmasovun latın inqilabı tezisinə qarşı, Jirkovun təbii seleksiya dəlilinə paralel olsa da, amma daha praktik-idarəolunan bir alternativ faktdır. Məruzəçi bunu pedaqoji baxımdan çox ciddi arqument hesab edir, çünki oxu vərdişinin sabitliyi savadlılığın davamlılığını müəyyən edir; latın dünyasında belə ap ilə əlyazmanın yaxınlaşdırılması təklif olunur. Məsələn, Tomsonun kursiv əsaslı şrift ideyası göstərir ki, problem ərəb yazısında deyil, mexaniki mətbəə hərflərinin oxu psixologiyasına uyğun olmamasındadır. Bu ərəb şriftinin “geri qalması” yox, əksinə, düzgün istiqamətdə formalaşması kimi şərh olunur.

Müəllif mühüm bir məlumat əlavə edir ki, hər hansı bir əlifbaya uyğun işarələr əlavə edilərsə, istənilən fonetik dəqiqliyə çatmaq olar. Bu fikir latın tərəfdarlarının əsas arqumentini neytrallaşdırır: “məsələ əlifbada deyil, orfoqrafiya siyasətindədir”. Bu baxımdan Leninqrad və Moskva professorlarının “ərəb şrift sistemi türk dillərinə yararsızdır” fikri elmi maksimalizm kimi təqdim olunur.

Məruzədə psixolinqvistik hadisə olan oxu prosesinə izah verilir: savadlı oxucu hərf-hərf yox, sözləri vizual bütövlük (ideoqram) kimi qavrayır. Deməli, belə nəticə çıxır ki, əlifbanın dəyişdirilməsi yalnız yeni hərflərin öyrənilməsi deyil, bütün vizual söz bazasının yenidən qurulmasıdır. Bu arqument isə latına keçidinin “tez savadlanma” vədi ilə, faktiki olaraq, müvəqqəti savadsızlıq yaratdığını göstərir. Yaponiya Komitəsinə istinad ideoloji yox, tarixi səhvin nəticələrinə işarədir. O, açıq mesaj ötürür: texniki cəhətdən mümkün olan hər layihə sosial baxımdan rasional olmaya bilər. Bu, latın əlifbasına keçidin ağlasığmaz xərclərini ön plana çıxarır. Müəllif beynəlxalq əlifba arqumentini açıq şəkildə zəif hesab edir, belə ki, nə dillərin ləğvi realdır, nə də gələcək əlifbanın latın olacağı məlumdur. Bu dəlil proqnoz üzərindən texniki qərar verməyin qeyri-elmi olduğunu göstərir. Yekun olaraq, öz elmi qənaətini belə ifadə edir ki, yaxın qohum dillər üçün iki fərqli yazı sistemi mədəni və iqtisadi əlaqələri parçalayır. Bu baxımdan ərəb əlifbası türklər üçün mövcud ümumi platformadır, latına keçid isə bu platformanı dağıdır. Onun əsas tezisini belə ümumiləşdirmək olar: əlifba dəyişdirmək sadəcə hərfləri dəyişmək deyil, oxu mexanizmini, yazı motorikasını, vizual yaddaşı və mədəni dövriyyəni yenidən qurmaqdır. Əgər mövcud sistem islah edilə bilirsə, onu ləğv etmək elmi baxımdan əsaslı deyil.

Bu məruzə nə ərəb əlifbasının mühafizəkar müdafiəsidir, nə də latın əlifbasının inqilabi tərənnümüdür. Əgər eyni nəticəyə daha az dəyişikliklə nail olmaq mümkündürsə, radikal addım elmi baxımdan daha qənaətbəxşdir. Bu baxımdan məruzə 1926-cı il I Ümumittifaq Türkoloji Qurultay diskursunda ən rasional mövqelərdən birini təmsil edir.

Qurultayın ən mühüm iştirakçılarından və Təşkilat komissiyasının üzvlərindən biri Nəzirə Tyuryakulov (Nəzir Törəqulov) türk xalqlarının əlifba məsələsini tarixi və texniki aspektlərdən qiymətləndirməklə bəzi boşluqlara diqqət çəkir. Onun qənaətinə görə, müasir dövrdə yalnız iki əlifba rəqabət aparır, latın və islah edilmiş ərəb əlifbası üz-üzə qalıb. Reforma hələ davam edir; müxtəlif türk cümhuriyyətlərində fərqli şəkildə aparılır. Baxmayaraq ki islahatçılar tərəfindən son söz hələ deyilməyib, ərəb əlifbasının təbiətinə uyğun çatışmazlıqlardan xali olmayan yeni tatar yazısını nümunə olaraq nəzərdən keçirək. Burada sətirüstü və sətiraltı miniatür ərəb işarələrinin taleyi ilə bağlı qalmış ilkin forma ilə kifayətlənmək oxu prosesini çətinləşdirir.

Bütün türk respublikalarında və əyalətlərində vahid qrafika və yazı sistemi mövcud deyil. Məsələn, Tatarıstanda bir əlifba tətbiq olunmağa çalışılır, Qazaxıstanda, Türkmənistanda başqa əlifba sistemi var. Tatarıstan Respublikası hökuməti ərəb əlifbasını müdafiə etsə də, faktiki olaraq müasir tatar cəmiyyəti onu qəbul etmir.

Tyuryakulov vurğulayır ki, əlifbaya fanatik yanaşmaq düzgün deyil; əlifba yalnız insan düşüncəsini ötürmək üçün bir vasitədir və ona texniki rahatlıq prizmasından yanaşmaq lazımdır. Qalimcan Şərəfin yeni ərəb əlifbası bütün maneələri aradan qaldıracaq iddialarını Tyuryakulov şübhə ilə qarşılayır.

Praktik tərəfdən baxdıqda, yeni türk əlifbasının tətbiqi üsulları hər respublika və bölgənin şərtlərinə, spesifik xüsusiyyətlərinə görə fərqlənəcək. Həmçinin beynəlxalq elmi konvensiyalar və simvollar bütün ölkələrdə saxlanılmalıdır ki, tatar dili və digər türk dillərində elmi kommunikasiya pozulmasın. Tyuryakulov qeyd edir ki, bəzi sübutlarda Qalimcan Şərəf və Alparov gecikmiş yanaşma nümayiş etdirirlər.

* * *

Tyuryakulovun çıxışı əlifba mübahisəsində normativ-ideoloji yox, texniki-praqmatik mövqeyi təmsil edir. O, əlifbanı mədəni normanın mütləq göstəricisi kimi deyil, düşüncəyə uyğun funksional vasitə kimi dəyərləndirir. Bu yanaşma onu əlifbanı mədəni simvol kimi qəbul edən natiqlərdən (Qalimcan Şərəf ) ayırır. Burada əsas metodoloji prinsip əlifbanın məqsəd deyil, alət olmasıdır. Tyuryakulovun yalnız iki “islah edilmiş ərəb və latın” əlifbasının rəqabət aparması fikri dövrün real vəziyyətini ümumiləşdirir. O, rus qrafikasını alternativ inkişaf yolu kimi deyil, daha çox tarixi-siyasi təsirin nəticəsi kimi qəbul edir. Bu, onu göstərir ki, Tyuryakulov üçün müzakirə Şərq – Qərb qarşıdurması yox, texniki uyğunluq problemidir. Məruzənin mərkəzi elmi iddiası budur ki, islah edilmiş ərəb əlifbası türk fonetik sisteminə təbii yox, süni əlavələr hesabına uyğunlaşdırmadır.

Burada üç vacib məqam var: 1) diakritik çoxluq – fonem boşluqlarının sətiraltı və sətirüstü işarələrlə doldurulması sistemi ağırlaşdırır; 2) struktur dəyişməzlik – islahatlar əlifbanın mahiyyətini dəyişmir, yalnız cüzi əlavələrdir; 3) texniki qeyri-sabitlik – süni genişlənmə qrafik vahidlərin sayını artırır və öyrənmə yükünü azaltmır. Bu arqumentlər Məmmədzadənin fonetik əsaslı latın əlifbasının müdafiəsi ilə üst-üstə düşür, lakin Tyuryakulov bunu ideoloji yox, praktik texniki baxımdan ifadə edir. Diqqətçəkən müşahidələrindən biri budur ki, türk respublikalarında vahid qrafik sistem yoxdur, əlifba mübahisəsi artıq nəzəri deyil, idarəetmə problemidir. Tatarıstan nümunəsi xüsusi əhəmiyyət daşıyır, hökumət ərəb əlifbasını müdafiə edir, cəmiyyət isə onu qəbul etmir. Bu əlifba seçiminin yalnız “yuxarıdan qərar”la mümkün olmadığını, sosial qəbulun həlledici olduğuna işarədir. Tyuryakulovun açıq şəkildə vurğuladığı prinsip budur ki, əlifbaya fanatik münasibət elmi yanaşma deyil, bu dolayı yolla Qalimcan Şərəfin mövqeyinə yönəlmiş tənqiddir. Q.Şərəf əlifbanı mədəni birlik, tarixi davamlılıq, kollektiv yaddaş kontekstində əsaslandırsa da, Tyuryakulov bunun texniki neytrallığını ön plana çəkir: əlifba dəyişə bilər, lakin elmi işarələr, terminologiya və konvensiyalar qorunmalıdır. Bu arqument əlifba islahatının elmi tədric riski yaratmaması üçün irəli sürülür, latın qrafikasının bu baxımdan daha uyğun ola biləcəyinə dolayı işarə edilir. Tarixi dinamika əsas götürüldüyü halda “gecikmiş yanaşma” ittihamının ideologiya məsələsi olmadığı üzə çıxır. Q.Şərəf ərəb əlifbasının mədəni üstünlüyünü müdafiə edir, lakin artıq sosial reallıq dəyişmişdir. Tyuryakulovun mövqeyi ümumi mübahisədə balanslaşdırıcı və realist xətti təmsil edir. O, düzgün olmayan, lakin vaxtında qəbul edilmiş əlifbanı dəstəkləyir; nə ərəb əlifbasını ideallaşdırır, nə də latını zəruriləşdirir. Onun üçün əsas meyarlar praktik uyğunluq, sosial qəbul, elmi kommunikasiya, regional fərqlərin aradan qaldırılmasıdır. Bu baxımdan, Tyuryakulovun çıxışı əlifba mübahisəsində emosional-mədəni arqumentlərdən rasional müzakirəyə keçidin nümunəsidir.

Umar Əliyevin məlumatına əsasən latın əlifbası sayəsində uşaqları öyrətmək, yaşlı nəsil nümayəndələri arasında savadsızlığın aradan qaldırılması daha sürətlə həyata keçiriləcək.

Ərəb əlifbası tərəfdarlarının latın əlifbasına keçidin dağlıq ərazidə yaşayan əhalinin narazılığı ilə qarşılanacağına dair fikirləri də özünü doğrultmadı. Artıq 3 ildir ki, latınlaşdırma ilə əlaqədar işlər görülməsinə baxmayaraq, həmin ərazilərdə belə hallarla qarşılaşdığımız olmayıb. Əksinə, latın əlifbası dağlıq ərazidə yaşayan əhali kütləsini mövhumatdan uzaqlaşdırıb, köləlikdən azad edib.

O qeyd edir ki, Osmanın xəlifəliyi dövründə, 644-cü ildə yaranmış “Qurani-Kərim”in qrafikası (nəsx) onun ilkin qrafikası (kufə) deyil, nəsx ilə X əsrdə Abbasilər sülaləsi dövründə yazılmağa başlanmışdır. Quran və digər dini kitabların müqəddəs əlifba ilə çap hüququ qalır, eyni zamanda İncil də kilsə-slavyan yazısı əsasındadır. Quranın dəyişməzliyi ilə birlikdə ərəb əlifbası da dəyişməz qalır.

Latınlaşma uşaqların sürətlə oxumağı öyrənməsi üçün ən doğru yoldur. Bunun təşəbbüskarları milli təhsil sistemində kütləyə ən yaxın olanlardır. Artıq bir çox çərkəz, kabardin və osetin ərəb yazısı əsasında ədəbiyyatı yox, yalnız latın əlifbası ilə çap olunan ədəbiyyatı oxuya bilirlər. Rədd edilən ərəb qrafikasının mənfi cəhətlərinə toxunmaq lazımdır. Ərəb dili sami dillərindəndir, söz köklərində sait fonemlər yoxdur, bu isə düzgün oxumaqda çətinlik yaradır, əcnəbilər üçün əlçatan deyil, düzgün tələffüz etmək üçün sözün mənasını bilməlisən. Başqa bir çatışmazlıq oxşar hərflər və nöqtələrin çoxluğudur. Nöqtələrin səhv qoyulması ilə sözün mənası dəyişir. Ərəb əlifbası qrafik baxımdan mürəkkəbdir: 6 hərfdən başqa, qalan hərflərin 4 forması: ayrı, özündən əvvəlki hərf, özündən sonrakı hərf ilə birləşmiş və sonda işlənən var.

Mədəniyyət sahəsində, yazı istehsalı vasitələrinin təkmilləşdirilmək vacib məsələdir. Ərəb əlifbası ilə müasir texniki vasitələr bu işləri təkmilləşdirmək olardımı? Əlbəttə, yox! Bu, çap işində çətinlik yaradır: ərəb hərfləri 160 qrafik işarəyə qədər çatır, bu da latın əlifbasından 50 faiz daha mürəkkəbdir. Ərəb əlifbası türk dillərinin fonetikasını yaxşı ifadə etmir. Tatar dili üçün 16 yeni hərf lazımdır, əgər saitləri də hesablasaq ərəb əlifbasını 800 faiz artırmaq lazımdır. Müxtəlif hərflərin fonemləri bir-birini əvəz edir; eyni simvol, kontekstdən asılı olaraq, samit və ya sait kimi oxuna bilər. Rəqəmlər soldan sağa yazılır, mətn isə sağdan sola, bu da yazıda, musiqidə və yazı maşınlarında çətinlik yaradır. Ümumilikdə, ərəb qrafikası kütləvi təhsil və çap üçün köhnəlib. Latınlaşdırma sayəsində daha sürətli oxumaq öyrədilir, resurslara qənaət edilir və türkdilli xalqlar üçün, o cümlədən digər ölkələrdəki diaspora üçün ədəbiyyat əlçatan olur. Ancaq əlifbanın ictimai təyinatını unutmaq olmaz, rahatlıq əsas şərtdir. Aydın olan odur ki, həm latın, həm ərəb əlifbası mövcud formada türkdilli ləhcələrin fonetik sırasını tam təmin edə bilmir. Burada əlavə hərflərdən söhbət gedir, texniki cəhətdən mürəkkəb olsa da, yaradıcı baxımdan sadədir. Texniki məqsədəuyğunluq baxımından əlifbaya tələblər haradan gəlir? Oxuma, yazma və çap rahatlığından.

Qalimcan Şərəf arqumentlərini qurarkən metodologiya baxımından düzgün yanaşma seçməyib: bəzən bir ərəb əlifbasından, bəzən digərindən istifadə edir. Onun üç əlifbası var: köhnə, islah edilmiş və layihə mərhələsində olan. Ərəb əlifbasının islahı Qalimcan Şərəfin təriflədiyi bütün üstünlükləri doğrultmur – islah yeni heç nə təqdim etmir. Ərəb əlifbasında 26 kiçik hərf varsa, əlavə olaraq 26 üst və alt simvol var. Ərəb əlifbasının texniki çatışmazlıqları varsa və onun islahı digər üstünlüklərə zərər verirsə, ondan uzaqlaşmaq lazımdır. İslahatçılar ərəb yazısında tarixi müddət olmadan dəyişiklik etmək istəyirlər; latın yazısında bu artıq edilib. Tez-tez səsləndirilən arqument: yeni əlifba tətbiqi uzun müddət inkişafı ləngidəcək. Uzunmüddətli islah, yoxsa yeni əlifbaya keçid? Daxili zərurətdən latın əlifbasına keçid həyata keçirilir.

* * *

Umar Əliyevin məruzəsini praktik təhsil sahəsinə həsr etmişdir. Digər çıxışlardan fərqli olaraq, o, əlifbanı ideoloji və ya tarixi simvol kimi deyil, kütləvi savadlanma və təhsil mexanizmi kimi qiymətləndirir. Əsas metodoloji prinsip belədir: əlifbanın doğruluğu onun real nəticələri ilə ölçülür. Bu, onu Qalimcan Şərəfin mədəni-tarixi prioritetli yanaşmasından köklü şəkildə fərqləndirir. Umar Əliyevin nəticələri, irəli sürdüyü arqumentlər müşahidələrinə əsaslanır, yəni latın qrafikası tətbiq olunan məktəblərdə uşaqlar daha tez oxumağı öyrənir, savadsızlığın aradan qaldırılması sürətlənir, ərəb qrafikası saxlanan bölgələrdə isə proses ləng gedir. Bu yanaşmanı latın əlifbasının üstünlüyünü ehtimal kimi deyil, ölçülə bilən nəticə kimi təqdim edir. O, toxunulmazlıq arqumentini təkzib edir: a) praktik cəhətdən – 3 il ərzində latınlaşma aparılıb, nə üsyan var, nə sosial partlayış; b) tarixi fakt – Quranın özü də vahid və dəyişməz qrafika ilə yaranmayıb: ilkin kufi, sonradan nəsx, Abbasilər dövründə standartlaşma; c) prinsipial ayırd etmə – müqəddəs mətnin toxunulmazlığı, gündəlik yazının dəyişməzliyi (bu yanaşma dini arqumenti emosional sahədən çıxarıb tarixi-rasional müstəviyə keçirir). Umar Əliyev ərəb əlifbasına yönələn tənqidi sistemli şəkildə qurur: 1) fonetik uyğunsuzluq – sami dillərinin kök-strukturu sait üzərində qurulmayıb, türk dilləri isə saitlər üzərində qurulur, oxuma yalnız mənanı bilənlər üçün mümkündür; 2) qrafik mürəkkəblik – oxşar hərflər + nöqtələr → semantik risk; bir hərfin dörd forması → öyrənmə və çap yükü; 160-a qədər qrafik vahid → texniki qeyri-səmərəlilik; 3) çap və texnologiya problemi – sağdan sola yazı + soldan sağa rəqəmlər, yazı maşınları, not yazısı və texniki mətnlərdə uyğunsuzluq. Bu göstəricilər ərəb qrafikasının kütləvi təhsil üçün köhnəldiyini göstərir. Umar Əliyevin Qalimcan Şərəfə yönələn əsas elmi tənqidi metodoloji qeyri-sabitlik üzərində qurulub. Məsələn, o, nəticə çıxarır ki, Qalimcan Şərəf bəzən köhnə ərəb əlifbasını, bəzən islah edilmiş variantı, bəzən isə hələ mövcud olmayan layihəni müdafiə edir. Bu isə müqayisəni qeyri-dəqiq edir, dəlillər qeyri-sabit obyekt üzərində qurulur; islah edilmiş ərəb əlifbası yeni keyfiyyət yaratmır, yalnız mövcud çətinlikləri başqa formada saxlayır.

Umar Əliyev mübahisəni ritorik sual ilə yekunlaşdırır: “Uzunmüddətli, nəticəsi qeyri-müəyyən islahat, yoxsa funksional və artıq işlək olan yeni əlifba?” Onun mövqeyi aydındır: təhsil ehtiyacı latın əlifbasının qəbulunu qaçılmaz edir və bu, xarici təsirlərdən və ideoloji mülahizələrdən şüurlu imtina kimi təqdim olunur.

Umar Əliyevin çıxışı əlifba mübahisəsində praktik-pedaqoji xətti, texniki səmərəlilik prinsipini, empirik nəticələrə əsaslanan qərar modelini təmsil edir, yəni əlifba nə qədər qədim və müqəddəs olursa olsun, əgər kütləvi oxu, yazı və çapı ləngidirsə, funksional ictimai dəyərini itirir. Bu çıxış Qalimcan Şərəfin mədəni-prioritet yanaşmasına qarşı rasional, ölçülə bilən və gələcəyə yönəlmiş alternativ variantı təqdim edir.

Tatarıstan yazıçısı, ictimai xadimi Alimcan İbrahimovun təqdim etdiyi məlumatlara əsasən, əlifba məsələsinə yanaşma üç əsas istiqaməti əhatə edir: birincisi, məsələyə prinsipial yanaşma; ikincisi, Azərbaycan və Şimali Qafqaz xalqları, həmçinin bəzi türk respublikalarında həyata keçirilən təcrübənin qiymətləndirilməsi; üçüncüsü, xüsusilə tatar sovet ictimaiyyətinin mövqeyinin diqqətə çatdırılması.

Rəsmi olaraq qeyd edilir ki, prinsip etibarilə latın əlifbasına qarşı etiraz yoxdur. Tatar ədəbiyyatı ən azı 600 illik tarixi əhatə edir və ərəb şriftinin islahı üzərində 50 ildən artıq bir müddətdə iş aparılmışdır. Son 25 ildə bu sahədə mühüm nailiyyətlər əldə olunmuşdur. Elə bir mədəni iclas yoxdur ki, ərəb şriftinin məsələsi müzakirə olunmasın. Bu sahədə yalnız fərdi şəxslər deyil, bütün ictimaiyyət aktiv şəkildə iştirak edir. Hazırda son mərhələdə əsas məsələ üç ərəb şrift formasından hansının saxlanılacağını müəyyən etməkdir.

İbrahimov vurğulayır ki, latın əlifbası bizim üçün prioritet məsələ ola bilməz, çünki xüsusi ehtiyac mövcud deyil. Azərbaycanın və Türkiyənin vəziyyəti bu baxımdan tam fərqlidir. Əgər latın əlifbasına keçmək qərarı verilərsə, dərhal yeni təlim proqramları tətbiq olunmalı və öyrətmə prosesi yenidən təşkil edilməlidir.

Bütün respublikaların vəziyyəti eyni deyil. Azərbaycanda köhnə ərəb əlifbası hələ də istifadə olunur və islahat aparılmayıb. Tarixi baxımdan, bu fikir ilk dəfə Mirzə Fətəli Axundzadə tərəfindən irəli sürülmüşdür, lakin praktik tətbiqi həyata keçirilməmişdir. Şimali Qafqazda isə yoldaş Umar Əliyevin məlumatına görə, latın əlifbası artıq tətbiq olunur və kənd yerlərində oxuma-yazma bilməyənlər bu sistem əsasında öyrədilir. Latın əlifbası bəzi hallarda daha əlverişli olsa da, türk respublikaları üçün praktik fayda verməyəcəkdir.

İbrahimovun vurğuladığı əsas məqam budur ki, vahid əlifbanı qorumaq üçün ona ehtiyatla yanaşmaq lazımdır, çünki sosial, mədəni və tarixi şərtlər fərqlidir. Bir xalqın 500 illik tarixi ola bilər, digərinin isə belə tarixi yoxdur. Bu fərqlilik, türk xalqlarının kiçik qruplara bölünmə riskini artırır və gələcək inkişaf üçün əhəmiyyət kəsb edir.

Ərəb əlifbasının islahı ilə bağlı prinsipial məsələlərdən danışarkən İbrahimov qeyd edir ki, köhnə ərəb şriftindən azad olmaq üçün iki üsul mövcuddur: islahat və inqilab üsulu. Onun fikrincə, islahat üsulu daha düzgündür və tətbiq edilməsi məqsədəuyğundur.

* * *

İbrahimov nə radikal ərəbçi, nə də aktiv latınçıdır. Onun mövqeyi mühafizəkar xətti təmsil edir. Yəni əlifbanı ictimai institut kimi görür, dəyişikliklərə tələsməməyi əsas prinsip sayır, qərarları texniki deyil, tarixi və kollektiv məsuliyyət prizmasından qiymətləndirir. Bu baxımdan o, Tyuryakulovdan daha ehtiyatlı, Umar Əliyevdən isə xeyli uzaqdır. İbrahimovun çıxışının əsas məğzi sistemli bölgüsüdür: a) prinsipial mövqe – yəni “əlifba nədir?”; b) praktik təcrübə – Azərbaycan, Şimali Qafqaz və digər türk bölgələrdə; c) tatar sovet ictimaiyyəti – konkret sosial mühit. Bu struktur ona mübahisəni emosiyadan çıxarıb idarəolunan diskursa gətirməyə imkan verir. Onun prinsip etibarilə latın əlifbasına qarşı etirazı yoxdur. Lakin bu əlifba prioritet deyil, xüsusi ehtiyac yoxdur, mövcud sistem artıq son mərhələdədir. Bu, açıq şəkildə təxirəsalma strategiyasıdır, yəni ideoloji qarşıdurmaya girmədən, mövcud ərəb islahını “tamamlayaq” mövqeyi. Belə yanaşma Qalimcan Şərəfin xətti ilə uyğunluq təşkil edir, lakin daha açıq şəkildə ifadə edir.

İbrahimov üçün əsas arqument budur: tatar ədəbiyyatı – 600 illik fasiləsiz ənənə, ərəb əlifbasının islahı – 50 illik kollektiv əmək və son 25 il – praktik nailiyyətlər. Belə bir nəticə çıxarır ki, artıq yolun sonundayıq, indi istiqaməti dəyişmək mədəni itki olar. Məsələn, Azərbaycanda da islahat aparılmayıb, Şimali Qafqazda latın əlifbasının tətbiqi savadsızlar üçündür, yəni bu təcrübələr ümumiləşdirilə bilməz, tatar mühiti ilə müqayisə oluna bilməz. İbrahimov məruzəsini ideoloji baxımdan latın əlifbasının türk xalqları arasında parçalanma riskinin artması, fərqli əlifbaların yaranması və mədəni əlaqələrin zəifləməsi xətti üzrə inkişaf etdirir. Faktiki olaraq müxtəlif əlifbalar mövcud olduğu halda, o, vahidliyi qorumaq üçün əlifbanı dəyişməməyi təklif edir. Bu, onun mövqeyinin ən zəif nöqtəsidir.

İbrahimovun qənaətinə görə, islahat daha təhlükəsiz və məsuliyyətlidir. O, məruzəsində təxirəsalma və ehtiyatlılıq strategiyasını qoruyaraq əsas tezisi belə formullaşdırır: “Hər xalq eyni sürətlə və eyni üsulla dəyişə bilməz; əlifba islahı inqilab yox, təkamül yolu ilə aparılmalıdır”. Bu mövqe Umar Əliyevin praktik radikallığına, Tyuryakulovun texniki skeptisizminə qarşı mədəni müqavimətdir.

Fərhad Ağazadə fikrini qısa şəkildə rus dilində çatdırır. O sual edir: ərəb əlifbasını tamamilə islah etmək və bütün nöqsanlarını aradan qaldırmaq mümkündürmü? Əgər bəzi çatışmazlıqları aradan qaldırmaq mümkün deyilsə, bir çətinlikdən digər çətinliyə düşmək praktik olarmı? Ağazadə hesab edir ki, ərəb əlifbası ədəbi abidələrdə və dini kitablarda qorunmalıdır, gələcək mədəniyyət və elmin tələblərinə cavab verən latın əlifbası isə qəbul edilməlidir.

* * *

Fərhad Ağazadəyə görə ərəb əlifbası tarixi və dini əhəmiyyətinə görə qorunmalıdır, xüsusilə ədəbi və müqəddəs mətnlərdə. Sual edir: ərəb əlifbasını tam islah etmək mümkündürmü, yoxsa bəzi çatışmazlıqlar qalacaq? Əgər tam mümkün deyilsə, çətinlikdən digərinə düşmək düzgün deyil. Latın əlifbası gələcək mədəniyyət və elmin tələblərinə cavab verən yazı sistemi olaraq qəbul edilməlidir. Ağazadənin mövqeyi tarixi qoruma ilə gələcək tələblərin uzlaşdırılması üzərində qurulub: qədim mətbuat və dini mətnlər üçün ərəb əlifbası saxlanmalı, gündəlik və elmi yazı üçün isə latın əlifbasına keçid təşviq olunmalıdır.

(ardı var)

Nadir MƏMMƏDLİ,AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
1
xalqqazeti.az

2Источники