RU

Əlilliyi olan şəxslərin əl işlərinin platforma üzərindən satışı zamanı vergi güzəşti tətbiq ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi, sosial reablitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində ötən il görülmüş işlər və 2026-cı ilin hədəflərinə həsr olunmuş mətbuat konfransında Mərkəzdə hazırlanan əl işlərinin satışını həyata keçirəcək dostart.az portalının təqdimatı olub.

Mərkəzin direktoru Elnarə Ənsari bildirib ki, cənab Prezident İlham Əliyevin imzaladığı qanunvericilik aktlarına əsasən, Mərkəzin benefisiarları olan əlilliyi olan şəxslərin əl işlərinin həmin platforma üzərindən satışı zamanı “vergi güzəşti” tətbiq ediləcək: "Belə ki, onların gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı tutulmaması, yalnız ödəmə mənbəyində 2 faiz verginin tutulması nəzərdə tutulur. Həmin platforma vasitəsilə həssas qruplardan olan şəxslərin hazırladıqları əl işləri vahid onlayn platforma üzərindən daha geniş auditoriyaya çatdırılacaq. Bu isə onların özünüməşğulluq bacarıqlarının inkişafına və cəmiyyətin iqtisadi həyatında fəal iştirakına real imkan yaradacaq."

Elnarə Ənsari məlumat verib ki, hazırda portala 250-yə yaxın əl işi yerləşdirilib və Azərbaycan, rus və ingilis dillərində məlumatlar daxil edilib: "Pilot layihəyə həmçinin xüsusi “Müyəssərlik menyusu” quraşdırılıb ki, bu da görmə məhdudiyyətli və disleksiyadan əziyyət çəkən şəxslər üçün istifadəni asanlaşdırır. Pilot layihənin 1 il müddətində nəzərdə tutulduğu, gələcəkdə bu platformanın əhatə dairəsinin genişləndirilməsi, ölkə üzrə həssas qruplardan olan digər şəxslərin də bura cəlb olunmasının planlaşdırıldığı vurğulanıb. Layihənin dizayn və proqram təminatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinə, texniki dəstək və ödəniş həllərinin icrası isə "CIBPAY" MMC və "CIB BUSINESS" MMC-yə məxsusdur."

Orxan Vahidoğlu, "İki sahil"

Избранный
23
4
ikisahil.az

5Источники