Azərbaycanda daşınmaz əmlakın dövlət kadastrı və reyestri sistemində rəqəmsal transformasiya prosesi genişləndirilir.
"Far.Az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflərə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həyata keçirilən islahatlar daşınmaz əmlakın qeydiyyatı və idarə olunması proseslərinin daha çevik, şəffaf və əlçatan olmasına yönəldilib.
Sədr bildirib ki, bu istiqamətdə normativ-hüquqi baza təkmilləşdirilir, informasiya sistemləri yenilənir, mövcud prosedurlar optimallaşdırılır, rəqəmsal idarəetmə mexanizmləri tətbiq edilir və elektron xidmətlərin sayı artırılır.
N.Alimova vurğulayıb ki, görülən işlər "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun şəkildə icra olunur və əsas məqsəd vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vaxt itkisinin azaldılması və məmnunluğun artırılmasıdır.