
Amerikanın elektrik avtomobil istehsalçısı “Tesla” “Model S” və “Model X”in istehsalını dayandırmağı və Kaliforniyanın Fremont şəhərindəki zavoddan “Optimus” inzanabənzər robotlarının istehsalı üçün istifadə etməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tesla” şirkətinin baş direktoru İlon Mask dördüncü maliyyə rübünün yekunlarına dair virtual mətbuat konfransında bildirib.
“Model S” və “Model X” proqramlarını dayandırmağın və onları təqaüdə göndərməyin vaxtıdır. Çünki biz muxtariyyətə əsaslanan gələcəyə doğru irəliləyirik. Əgər “Model S” və “Model X”lə maraqlanırsınızsa, indi onları sifariş etməyin vaxtıdır. Çünki gələn rübdən bu modellərin istehsalını dayandırmağı planlaşdırırıq”, - deyə Mask bildirib.
Mask bununla da, Fremont zavodunun “Optimus” zavoduna çevriləcəyini qeyd edib.
“Uzunmüddətli məqsədimiz Fremontdakı hazırkı “Model S” və “Model X” istehsal yerində ildə bir milyon “Optimus” robotu istehsal etməkdir”, - Mask əlavə edib.
Qeyd edək ki, Mask insanabənzər robotlar istehsal etmək ideyasını 2021-ci ilin avqust ayında irəli sürüb və 2024-cü ilin oktyabr ayında ilk insanabənzər “Optimus” robotunu təqdim edib.